“Qərb Azərbaycan üçün təhlükəli plan hazırlayıb” – Zərdüşt Əlizadəbackend

"Qərb Azərbaycan üçün təhlükəli plan hazırlayıb" - Zərdüşt Əlizadə

Birgünlük antiterror tədbirlərindən sonra Qarabağdan erməni sakinlərinin kütləvi köçü başlayıb. Bir neçə gündür oradan Ermənistana minlərlə erməni gedib. Azərbaycan onların təhlükəsizliyinə təminat versə də, bəzi qüvvələr Qarabağda yaşayan erməni əhalisinin köçməsində maraqlıdır. “Əslində isə kütləvi köçün təşkil olunması planlaşdırılmış aksiyadır”.

Bunu KONKRET.az-a açıqlamasında siyasi ekspert Zərdüşt Əlizadə deyib.

Politoloq bildirib ki, bunun arxasında 2021-ci ildə Paşinyan partiyasının seçkilərə gedərkən öz proqramına saldığı “Xilas naminə ayrılmaq” tezisi durur:

“1999-cu ildə Serbiya separatçıları hökumətə qarşı müharibə aparanda 370 min alban Albaniyaya qaçdı. Qərb bunu əlində dəstəvuz edib, “Xilas naminə ayrılma” əməliyyatına start verdi və Serbiya ordusunu bombaladı. Kosovanı Serbiyadan ayırdılar və Qərb dövlətləri Kosovanın mütəqilliyini tanıdı. Qaçan albanlar yenidən Kosovaya qayıtdılar və Qərb Kosovanı müstəqil dövlətə çevirdi. Heç orada referendum da keçirmədilər. Parlament qərar verdi və məsələ öz həllini tapdı. Bundan sonra ABŞ-dan asılı olan 100 dövlət Kosovanın müstəqilliyini tanıdı. Və indi də yavaş-yavaş Kosovanı Avropa İttifaqına və NATO-ya sarı sürüyürlər. Kosova nümunəsindən Rusiya da istifadə etdi. Gürcüstanı şərlədi ki, guya abxazları, osetinləri qırır.

Ruslar 2008-ci ildə Gürcüstan ordusunu darmadağın elədi. Ondan sonra da Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. İndi ermənilər ümid edir ki, Qərb həmin planı burada da həyata keçirə bilər. Çox güman ki, köç başa çatandan sonra Fransa və ABŞ Qarabağda etnik təmizləmə baş verdiyi, birgə yaşayışın mümkün olmadığı və erməniləri “xilas etmək” üçün Qarabağı bölmək barədə hay-həşir salacaqlar. İndi Qarabağ ermənilərinin köçünə sevinən, həmin məkrli planın mövcudluğundan xəbəri olmayan insanlar nə deyəcəklər? Əgər Qərb, ABŞ, Fransa bu planı həyata keçirməyə başlasa, bizi heç kim xilas edə bilməyəcək. Biz bu təhlükədən xəbərdarıq və ona görə çalışmalıyıq ki, Qarabağda müəyyən qədər erməni qalsın. Bunların sayı 25 min də ola bilər, 40 min də, fərqi yoxdur. Ermənilərin qalması “Xilas naminə ayrılma” planının qarşısını ala bilər”.

Beynəlxalq sülhməramlıların bölgəyə göndərilməsi ehtimalına da toxunan Z.Əlizadə qeyd edib ki, Qərbin belə bir planı var və bunu hər an reallaşdıra bilər:

“1999-cu ildə Serbiyanı bombaladılar, kim onlara nə dedi ki? Kosovanı ayırdılar, beynəlxalq hüququ pozdular və bütün dünyaya car çəkdilər ki, bu presedent ola bilmədi. Yəni biz beynəlxalq hüququ pozuruq, hər hansı dövlətin özünün razılığı olmadan onun ərazisini qoparırıq, onu müstəqil dövlət elan edirik. Rusiya bu presedenti Gürcüstan ərazisində təkrar elədi.

Və beynəlxalq hüququn Kosovada tapdalanmasını bir çox dövlətlər nümunə göstərir. Kosova nümunəsini indi bizə qarşı da istifadə edə bilərlər. Buna yol verməmək üçün Azərbaycan hökuməti müəyyən işlər görməlidir. Düzdür, Azərbaycan düzgün addım atır, Qarabağın erməni əhalisi ilə mədəni rəftar edir, onlarla danışır, ora işıq verir, ərzaq göndərir və bütün bunların hamısını aşkarda edir. Bizim məqsədimiz erməni əhalisini qovmaq deyil, məqsəd qovulmuş azərbaycanlıları Qarabağa qaytarmaqdır.

Çalışıb Qarabağda erməni əhalisinin bir hissəsini saxlamaq lazımdır. Əgər bunu edə bilməsək, mən sizi əmin edirəm ki, “Xilas naminə ayrılma” planı işə düşəcək. Fransa məhz buna görə Paşinyanla danışır. ABŞ-ın iki yüksək vəzifəli məmuru buna görə Ermənistanda oturub. Orada hər gün qaçqınlarla görüş keçirirlər. İndi Azərbaycan hökuməti ilə danışıqlara gəlirlər. Həmin plan üçün hazırlıq gedir. Bunun qarşısı alınmalıdır. Qarabağda qalan ermənilərlə münasibətlər tənzimlənməlidir. Düşmənin çirkin planlarının qarşısını almaq üçün ağıllı siyasət yürütməliyik”.

Vəli Həsənov,
KONKRET.az

  • Garachanta
    Oktyabr 1, 2023 - 07:59

    Qranada görüşündə Azərbaycanı mat vəziyyətinə qoymaq istəyirlər….Ola bilər ki sülh müqaviləsi olsun amma bu necı sülh olacaq mılum deyil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*