Qərb Azərbaycanı niyə hədəf alır? – “Erməni kartı” onlar üçün göydəndüşmədirbackend

Qərb Azərbaycanı niyə hədəf alır? - "Erməni kartı" onlar üçün göydəndüşmədir

Otuz il Azərbaycan ərazilərini işğal edib, bir milyondan artıq soydaşımızı öz doğma yurd yuvasından didərgin salan Ermənistan, indi dünyaya haray təpərək imdad diləyir. Bütün platformalarda Azərbaycan əleyhinə kampaniyaların başında Qarabağdan öz xoşuyla çıxan beş-on min erməninin geri qayıtması müzakirə olunur.

Otuz il bir milyon insanın taleyinə biganə qalan dünya birliyi indi ermənilərin hüquqlarının müdafiəçisinə çevrilib. Azərbaycana qarşı istifadə olunan Qarabağ ermənilərinin öz evlərinə dönmək məsələsi, əsasən Qərb platformalarında istifadə edilir. Fransanın dəstəyi ilə Avropa ölkələrinin əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış edir və özlərini demokratiya carçısı, insan hüquqlarının müdafiəçisi kimi təqdim edərək Qarabağdan köçüb gedən ermənilərin qeydinə qalırlar. Bunu özləri üçün dərd edən təşkilatlar da mövcuddur. ABŞ-də erməni lobbisinin təsiri altında sərsəm bəyanatlar verən konqresmenlər, senatlar və digər dövlət adamları 30 il ərzində bir milyon insanın taleyi ilə bircə dəqiqə də olsun maraqlanmayıblar. Əksinə, onlar Ermənistana və Qarabağa milyonlara vəsait ayırmaqla regionda separatçılığa dəstək veriblər. Bununla da münaqişənin həlli gecikib. İndi Azərbaycanı hədəfə alan “insan hüquqalrı müdafiəçiləri”ni nə insan haqları, nə də tökülən qan maraqlandırmır. Onlar ikili standartlardan və xristian təəssübkeşkliyindən çıxış edirlər. Fikir verin, Yaxın Şərqdə hər gün yüzlərlə günahsız insan öldürülür, minlərlə insan qaçqın düşür. Özünü dünyanın ağası sayan ABŞ və onun çevrəsindəki Avropa isə susur. Halbuki Yaxın Şərq müharibəsini saxlamaq üçün əlllərində lazımı rıçaqlar mövcuddur. Sadəcə müsəlmanların qətlə yetirilməsi, regionda münaqişə ocaqlarının artması Qərbin marağındadır və onların bu istiqamətdəki çirkin niyyətləri göz qabağındadır. İraqda və Suriyada törədilən müharibə cinayətlərini ört-basdır edən Qərb üçün dəyərlər çoxdan dəyişib.

Azərbaycana münasibətdə də eyni kontekstdən çıxış edən Qərbin ölkəmizi hədəfə almasının xeyli səbəbləri var.

Əvvəlcə regionda güclü Azərbaycan görmək istəmirlər və onların iradəsinə tabe olmayan Azərbaycana da hücumların arxasında məhz bu amillər dayanır. “Erməni kartı” da onlar üçün göydən düşmədi və hesab edirlər ki, bu məsələni gündəmdə saxlamaqla Azərbaycana təsir edə biləcəklər. Ukraynaya milyardlarla dollarlıq silah verən Qərb, öz marağının təmin edilməsi üçün faktiki olaraq Rusiya ilə müharibə aparır. Yaxın Şərqdə də münaqişə davam edir. İndi gözlərini Cənubi Qafqaza dikən Qərb Ermənistan üzərindən regiona daxil olmağa çalışır və hesab edir ki, buna tezliklə nail ola biləcək. Cənubi Qafqazda isə Rusiya faktoru var. Azərbaycandan və Gürcüstandan birdəfəlik çıxan Rusiya Ermənistanı asanlıqla əldən vermək fikrində deyil. Nikol Paşinyanın Qərb platformalarında Rusiyanın əleyhinə fikirlər bildirməsi və Qarabağın əldən getməsində Rusiyanı ittiham etməsi rəsmi Moskvanı əməlli-başlı qıcıqlandırıb. Ara-sıra Ermənistan əleyhinə bəyanatlar səsləndirən Rusiya rəsmləri İrəvanı yerində oturtmağa çalışsa da, Qərbin Ermənistana dəstəyi fonunda Paşinyan dediyindən dönmür. KTMT-də fəaliyyətini donduran Ermənistanın bu addımı Moskvanın ürəyincə olmasa da, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova səviyyəsində Ermənistana atmacalar atılır, İrəvanın siyasi kursu tənqid olunur. Hər həftə brifinq keçirən Zaxarova isə erməni jurnalistlərin təxribatçı suallarına təmkinlə cavab verir.

Bu dəfə isə rusiyalı diplomata ünvanlanan sual Xankəndində guya dağıdılan evlərlə bağlı olub. Zaxarova bildirib ki, başa düşdüyü qədər, söhbət Azərbaycan ərazisindən gedir: “Bilməlisiniz ki, orada Azərbaycanın qanunları tətbiq edilir”. Daha sonra Qarabağ ermənilərinin geri qayıtmasıyla bağlı Rusiyanın mövqeyi öyrənilib və Zaxarova bildirib ki, insanlar öz evlərini, doğma yerlərini qoruyub saxlamaqda maraqlıdırlarsa, bu fürsətdən istifadə etmək lazımdır. Zaxarova erməni jurnalistə cavab verib ki, Qarabağdan olan ermənilər geri qayıtmaq istəmirlər. Hər şey qanuni şəkildə tənzimlənməlidir. Beynəlxalq ictimaiyyətin bəzi nümayəndələri isə bunu qəbul etmir”.

Mariya Zaxarovanın bu cavabının arxasında çox mətləblər dayanır. Rusiya rəsmisi dolayı yolla bildirir ki, ermənilərin Qarabağa qayıdıb Azərbaycan vətəndaşlığını qəbul etməsi Qərbin marağında deyil və onlar regionda münaqişəni saxlamaq istəyirlər. Üstəlik Zəngəzur dəhlizinin açılmasına mane olan qüvvələr də eyni mənbədən qidalanır. Deməli, Azərbaycanın öz gücünə münaqişəni həll etməsini qəbul etməyən qüvvələr hər an stəkanda fırtına yaratmağa hazırdır və bunun üçün əllərində Ermənistan kimi maryanetka dövlət mövcuddur.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*