Qərb “dondu”, üstünlük Şərqə keçir – sammitə baxın!backend

Qərb “dondu”, üstünlük Şərqə keçir – sammitə baxın!

Bu gün Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar, açıqlamalar bir daha onu sübut etdi ki, Qərb, əsasən də Avropa öz hegemonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir.

KONKRET.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, bunun günahı Qərbin özündədir – son 30 ildə Avropa “SSRİ-ləşdikcə”, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda “qərbləşdilər” və bu proses orqanik, təbii, Qərbin səhvlərini təkrar etmədən baş verdi:

“AB ölkələri, Avropa aşırı tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü xərcləyib-bitirdi. Bu gün, məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur; bu gün Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da AB-nin requlyativ, tənzimləyici məhdudiyyətlərini aşmaq lazım olur, amma, məsələn, Laosda bu məsələ 1 günə həllini tapır; bu gün Avropa ölkələri turizmlə mübarizə aparır, hər gün daha çox məhdudiyyət qoyur, amma, məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə qapılarını turistlər üçün daha çox açır, Laos, Kampuçiya, İndoneziya kimi ölkələr daha çox turist qəbulu üçün qaydaları sadələşdirirlər.

Bu gün Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə iqtisadi artımin tempi göz qamaşdırır. Bu gün Avropa təhsil və elmi SSRİ-də olduğu kimi “ideologiyalaşdırır”, ancaq “sol, pvesdo-liberal” mövzular önə çəkilir, elmi araşdırmalara ideoloji “gözlə” baxırlar (necə ki, SSRİ kibernetika və genetikanı ideoloji səbəblərdən məhdudlaşdırır, elmə “sosializm” pəncərəsindən baxırdı), Çin, Hindistan isə elmi acgözlüklə mənimsəyir və təhsilə ciddi önəm verirlər – heç də təsadüfi deyil ki, dünyada riyaziyyat, fizika və kimya olimpiadalarını çinlilər udmağa başlayıblar.

Qərbin ümidi yenə ABŞ-dır – Amerika öz köklərinə, öz inkişaf instinktlərinə geri dönərək iqtisadi AZADLIQLARI önə çəkə bilsə, Qərb sivilizasiyası üçün yeni şans doğacaq”.

Ekspert xəbərdarlıq edib ki, Azərbaycan da Avropanın səhvlərini təkrarlamamalı, aşırı tənzimləmə qanunlarından yaxa qurtarmalıdır:

“İqtisadi azadlıqlar, təşəbbüskarlıq, biznes üçün ədalətli şərait olmazsa-olmazdır, ölkəmizin inkişafı və rifahı üçün ədalətli, kiçik və effektiv hökumət modelinə keçid mütləqdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*