“Ölkələr var, məsələn, ABŞ, Rusiya, Britaniya, Fransa, Türkiyə, İsrail və s. öz təhlükəsizlikləri və milli-strateji maraqları uğrunda başqa ölkələrdə təhlükəsizlik tədbirləri, hətta hərbi əməliyyatlar aparır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Mirzə Rəşad Bakuvi sosial media hesabında paylaşıb.
“Buna zərzibanlı don da geyindirə bilirlər hələ. Bugünün dünyası belədir! Azərbaycanın da belə bir müstəsna hüququ var. İndi bəzi adamlar, az qala, tumanlarını başlarına çəkiblər ki, ay aman Azərbaycan Ordusu guya başqa bir ölkəyə təcavüzə keçib. Sərsəmlikdir bir sözlə! Mən başa düşmədim, özünü bizə düşmən bilən qonşu ölkənin hərbi birlikləri, diversantları suveren ərazilərimizə soxulub yollarımızı minalayacaq, mülki obyektlərimizə hər cür təhdid nöqtələri yaradacaq, Dövlətin işğaldan azad edilmiş suveren ərazilərimizdə xalqın boğazından kəsib apardığı yenidənqurma və bərpa işlərini, saldığı yolları, obyektləri, kənd, qəsəbə, şəhərləri bir qəfil vurub dağıdacaq, Azərbaycan dövləti də buna göz yumacaq, əlini-qolunu sallayıb reaksiyasız qalacaq?! Bu, nə məntiq, nə cür dövlətçilik təfəkkürüdür?! Liberal dəyərlərin daşıyıcıları olan Qərb ölkələrinin başqa-başqa ölkələrdə çıxartdığı hərbi-siyasi hoqqabazlıqlara göz yumub Azərbaycana gələndə gözgörəsi təxribatlara qarşı atılan preventiv addımları “təcavüz” adlandıracaq qədər mənəviyyatınızı, siyasi dünyagörüşünüzü, dövlətçilik təfəkkürünüzü itirmisiniz?!
Bu dalğaya bəzi sayğı duyduğumuz insanlar da qoşulanda adamın matı-qutu quruyur Hara, kimə, nəyə xidmət edirsiniz siz?! Bu sayaq danışanda, mövqe ortaya qoyanda “yevropeyski pəpə”nizi çoxaldırlar?! Bu, siyasi dəyusluqdan başqa bir şey deyil.
Bir haşiyə çıxacam:
P.S. Ermənistanın 1991-ci ildə BMT-yə təqdim etdiyi dövlət xəritəsinin heç bir siyasi-hüquqi qüvvəsi yoxdur. SSRİ dağılan ərəfədə Azərbaycan və Ermənistan arasında başlayan müharibə iki ölkə arasında dəqiq sərhədlərin demarkasiya və delimitasiyasına fürsət yaratmayıb, elə buna görə də bu iki ölkə hələ əsrin əvvəlində öz müstəqilliklərini elan edərkən Paris Sülh Konfransına təqdim etdikləri və dünya birliyi tərəfindən de-fakto tanındıqları xəritələr əsas götürülməlidir! Həmin xəritədə Azərbaycanın suveren ərazilərinə Göyçə gölünün bir hissəsi, ətrafındakı ərazilər və Qərbi Zəngəzur da daxil olub.
Tarixin arxivinə gömülmüş, gorbagor olmuş Sovet İmperiyası vaxtı Azərbaycana qarşı baş verənlərin, qanuni sərhədlərinin zorakı üsullarla dəyişdirilməsinin zərrə boyda hüquqi-siyasi əsası qalmadığından, bu şər yuvasından bizə miras qalan hər şeydən imtina edilməlidir. ADR-in varisi olduğumuz üçün bizim hüquqi-siyasi olaraq tam haqqımız var ki, 1918-1920’ci illərdə rəsmiləşmiş Dövlət Xəritəmizi götürək və beynəlxalq miqyasda bunu mübahisələndirək”.
KONKRET.az