“Rusiya, Azərbaycan və Ermənistan arasında keçiriləcək növbəti üçtərəfli görüşdə Bakı ilə Ankaranın istəmədiyi nəticələr meydana gəlsə, Türkiyənin bölgədə hərbi cəhətdən mövcud olması tələbi gündəmə gələ bilər”.
Bu sözləri Türkiyənin Çağ Universitetinin professoru Murat Koç KONKRET.az-a müsahibəsində deyib.
Professorla geniş müsahibəni təqdim edirik:
– Murat bəy, Rusiya “Taxıl sazişi”ndən rəsmən çəkildi. Rusiya Prezidenti Vladimir Putin razılaşmaya geri qayıtmaq üçün müəyyən şərtlər irəli sürdü. Hazırda Türkiyə, Ukrayna və BMT tərəfində “Taxıl sazişi”nin uzadılması istiqamətində çalışmalar həyata keçirilir. Sizcə, proses necə yekunlaşacaq?
– Məncə, Rusiya “taxıl diplomatiyası”nı bir müddət daha davam etdirəcək. Rusiyanın iqtisadiyyatı üzərində bir təsir formalaşdırmayacağını düşündüyü taxıl məsələsini balans siyasəti olaraq masada tutmağa davam edəcəyini deyə bilərik. Həmçinin, həm gübrə, həm petrol, həm də təbii qazdan 2022-ci ildə önəmli gəlir əldə edən Rusiyanın taxılı da başda Avropaya qarşı olmaq üzrə balans aləti kimi istifadə edəcəyini rahatlıqla söyləmək olar.
Rusiya son illərdə kənd təsərrüfatına yönəlik güclü bir strategiya həyata keçirir. Artıq rus kənd təsərrüfatı məhsulları bazarın önəmli aktoru olmağa namizəd kimi görünür. Üstəlik, Rusiyanın kənd təsərrüfatı malları son 10 ildə 250% böyüdüyü üçün bu gün buğdadan asılı vəziyyətdə deyil. Rəsmi Moskvanın taxıl və buna bağlı Qara dəniz nəqliyyat strategiyasına yaxından təsir edəcək qərarlar ala biləcəyini güman edirəm. Həmçinin, Kreml bu qərarlarla da qıtlıq çəkən ölkələrə taxılın uyğun və yetərli miqdarda göndərilməməsi məsələsində də Qərbi ittiham edəcək. Bütün bunların fonunda “Taxıl sazişi” ilə bağlı problemin qısa müddət ərzində həll olunmayacağını düşünürəm.
– Son zamanlarda Türkiyə-Rusiya münasibətilərində soyuqluq yaşandığını görürük. “Azov” batalyonunun komandirlərinin Ukraynaya təhvil verilməsi və Türkiyənin İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırması rəsmi Moskvanın etirazına səbəb oldu. Maraqlıdır, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə bağlı siyasətində dəyişikliyə gedir?
– Türkiyə ilə Rusiya arasında ortaq layihələrin həyata keçirilməsində əvvəlki dönəmlərdən daha yüksək hərəkətlilik və dinamika var. Əlbəttə ki, bu əlaqələrin qorunması məsələsində hər iki tərəf xüsusi səy göstərir. Çünki enerji, müdafiə texnologiyaları və gələcəkdə bütün Avropaya təsir edəcək böyük layihələr, eləcə də atom enerjisi ilə bağlı atılan addımların hamısında yüksək səviyyədə regional işbirliyinin olduğunu görürük. Bunların fonunda qısa müddət ərzində Türkiyənin Rusiya ilə münasibətlərində böyük bir dəyişiklik edəcəyi gözlənilmir. Ancaq Qarabağ və Suriyada baş verəcək proseslərlə bağlı olaraq, Qara dənizdəki güc balansı ilə bağlı mövqe çox daha fərqli münasibətlərin formalaşmasına səbəb ola bilər. Amma hazırkı vəziyyət Türkiyə-Rusiya münasibətilərinin fərqli məcraya yönəldiyini göstərmir.
– Son günlərdə Azərbaycan və Rusiya arasında da gərginlik yaşanır. Rusiya tərəfindən ölkəmizə qarşı təxribat xarakterli açıqlamaların verilməsi və rus sülhməramlılarının son fəaliyyətləri sərt təpkilərə səbəb olur. Yəni bütün bunlar qardaş Türkiyənin Rusiya ilə bağlı mövqeyinin dəyişməsinə səbəb ola bilər?
– Rusiya Qarabağ problemi ilə bağlı olaraq Moskvada yeni bir görüş keçirilməsini təklif etdi. Azərbaycan isə Rusiya və Ermənistanın atəşkəsə eməl etmədiklərini açıqladı. Bunlar Kremlin bölgədə təşəbbüsü yenidən ələalma ya bunu itirməmə yolunda addımlar atdığını göstərir. Rusiya, Azərbaycan və Ermənistan arasında keçiriləcək növbəti üçtərəfli görüşdə isə Bakı ilə Ankaranın istəmədiyi nəticələr meydana gəlsə, Türkiyənin bölgədə hərbi cəhətdən mövcud olması tələbi gündəmə gələ bilər.
Rusiya regiona əsgər göndərərək, Ermənistanla Xankəndi arasındakı keçidləri təmin etmək sözü verir və İrəvana yaxın olduğu görüntüsünü yaradır. Ermənistan isə bu sözlərin dərhal yerinə yetirilməsini istəyir. Bununla da Azərbaycanın beynəlxalq hüquqlarla müəyyən edilmiş haqlarının gözardı edildiyi yeni bir vəziyyət formalaşdırılır. Amma Türkiyənin bütün bu baş verənlərə və Cənubi Qafqazdakı prosesləri Azərbaycan əleyhinə aparacaq istənilən hadisəyə yol verməyəcəyi dəqiqdir. Rəsmi Ankaranın bununla bağlı formalaşa biləcək yeni vəziyyətlərə qarşı mövqeyini ortaya qoyacağı da tam olaraq aydındır. Daimi sülh müqaviləsi imzalanana qədər beynəlxalq hüquq çərçivəsindəki haqlar pozulmadan Türkiyə bölgədəki diplomatik, hərbi, siyasi və iqtisadi mövqeyi əvvəlkindən daha çox göstərməyə davam edəcəkdir.
– Zəngəzur dəhlizi açıldıqdan sonra orada hansı ölkənin əsgərlərinin yerləşdiriləcəyi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Necə düşünürsünüz, türk əsgərlərinin Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək ehtimalı gündəmə gələ bilərmi?
– Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan üçün qarşılıqlı əlaqələrin artması, sülh şəraitinin gücləndirilməsi və ortaq rifah sahələrinin formalaşdırılması kimi çoxtərəfli fürsətləri və dividendləri ortaya qoyur. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu əlaqəsi yaradacaq. Bu, həm daha qısa yol olacaq, həm də Naxçıvana getmək üçün İrana olan asılılığın bitəcəyi mənasına gəlir.
Regional güclərdən biri olan İran isə Ermənistan üzərindən bölgənin şəkillərindirmək cəhdlərinə davam edir. Dəhlizin açılması Azərbaycan türklərinin Anadolu yarımadası ilə inteqrasiyası məsələsində çox fərqli üstünlüklər gətirməsi Rusiyanı da narahat edir. Amma Türkiyənin enerji, iqtisadi inteqrasiya və Türk Dövlətləri Təşkilatı perspektivinə dəstək verəcək yanaşmalarını gözardı edəcək mahiyyətdə bölgədən əlini çəkməsi düşünülə bilməz. Ona görə də 44 günlük müharibənin nəticəsində Türkiyənin bölgədə güclənməsini və özünü proseslərdən kənarda saxlayacaq bütün faktorları aradan qaldırması əsasdır. Ümumiyyətlə, burada sərhədlərin dəyişikliyindən deyil, mövcud beynəlxalq hüquq sisteminə uyğun olaraq, hərbi yolla düzəlişlərin edilməsi ehtimalının mövcudluğundan söhbət gedir.
Həmçinin, Türkiyə bu layihənin ən önəmli hissəsini regional faydası belə olmayan ölkələrin iradəsinə buraxmama nöqtəsində bütün proseslərdə mövqeyini ortaya qoyub. Nəzərə almaq lazımdır ki, Türkiyənin bölgədəki varlığı Azərbaycan varlığı qədər təbiidir və mövqeyi sülhü yaradacaq qədər güclü olacaq. Böyük Turan yolunun önəmli halqası olan Zəngəzur dəhlizinin Türkiyə tərəfindən hər şeyə rəğmən qorunması ilə bağlı iradə masada və meydanda açıq bir şəkildə durmaqdadır.
– Rusiya-Ukrayna müharibəsi davam etməsinə baxmayaraq, Volodimir Zelenski istədiyi silahların onlara verilməməsinə etiraz edir. Son olaraq, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində də bununla bağlı gərginlik yaşandığı müşahidə olundu. Hətta ABŞ və Böyük Britaniya kimi ölkələr Ukraynaya açıq şəkildə təpki göstərdilər. Ümumiyyətlə, Zelenski müharibənin bitməsi üçün lazımi dəstəyin Ukraynaya verilmədiyini bildirir. Bunun səbəbi nədir? Qlobal güclər Rusiya-Ukrayna müharibəsinin bitməsini istəmirlər?
– Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi, siyasi və iqtisadi dəstək Rusiya Prezidenti Vladimir Putinin bu müharibədən əldə etdiyi qazancları azaldır. Amma müharibənin davam etməsi hər iki tərəfin də ciddi maliyyə sərf etməsinə gətirib çıxarır. Müharibənin bitməsi bəzi şərtlərin meydana gəlməsi və yetişməsi ilə mümkündür. Buna baxmayaraq, sanksiyalarla Rusiyaya təzyiqlər artsa, daxildəki sosial problemlər idarəolunmaz səviyyəyə gəlsə, rusların savaşmaqdakı əzmi və qərarlığı fərqli bir məcraya yönələ bilər. Hətta daha sürətli nəticələr belə əldə edilməsi də mümkün ola bilər. Bu isə Rusiyanın müharibəni təktərəfli olaraq bitirməsi və ya qarşı tərəfi tamamilə savaşa bilməyəcək hala gətirməsi ilə mümkün olar. Ancaq Putin müharibəni bu şəkildə bitirsə belə, beynəlxalq aləmin Rusiyaya qarşı tətbiq etdiyi siyasi və iqtisadi sanksiyaların davametmə ehtimalı böyükdür. Buna görə də rəsmi Moskvanın uzun müddət səssiz qalması mümkün deyil.
Həmçinin, qarşıdakı zamanlarda edəcəyi əks-hücumlarla müharibəni bitirəcək tərəfin Ukrayna olacağı görüntüsü yaradılır. Ancaq Ukraynanın hərbi potensialı, aldığı yardımların davamlılığı və Avropanın bu mənada göstərdiyi istəksizlik qalibin Ukrayna olmayacağını da göstərir. Deməli, kənar güclərin nə Ukraynanın, nə Rusiyanın müharibəni qələbə ilə bitirməsi ilə bağlı ümidi yoxdur.
ABŞ və Çin də daxil olmaqla, qlobal güclər Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyir. Belə ki, zəiflədilmiş, gücsüz qalmış və öz torpaqlarında yeni problemlərlə boğuşan Rusiya həm ABŞ, həm də Çinə sərf edəcək. Həmçinin, bu, Rusiyanın Avrasiyada manevr imkanlarının daralmasına səbəb olacaq. Bununla yanaşı, Almaniya və bir çox Qərb ölkələri qeyd edir ki, Rusiya çökəcəyi təqdirdə yeni iqtisadi problemlər meydana gələcək.
– Yəni müharibənin hələ uzun müddət davam edəcəyini düşünürsünüz?
– Əslində Avropa ölkələri üçün ən mükəmməl nəticə Putinsiz Rusiya və Moskva ilə yeni əlaqələrin qurulması olar. ABŞ-ın məqsədi isə Rusiyanı siyasi cəhətdən zəiflətmək və Avropa ölkələrinə özünün təhlükəsizlik məsələsində nə qədər önəmli olduğunu göstərməkdir. Ümumiyyətlə, müharibənin uzadılmasının Vaşinqtona sərf etdiyini deyə bilərik.
Düşünürəm ki, bir ildən çoxdur davam edən müharibə qısa müddətdə bitməyəcək. Regional və qlobal sistem yarışı daxilindəki təsirləri hər keçən gün artıqlaması ilə hiss edilməyə davam edəcək. Müharibənin uzanması ilə bayaq sadaladığımız güclərin qazandıqları da görünəcək.
Rusiyanın bunlara qarşı yeni həmlələri ola bilər. Bu həmlələr Türkiyə və regiondakı ölkələrə təsir edə, habelə NATO-nun nüvə silahından müdafiəyə məcbur buraxılacağı yeni xaotik vəziyyətlər ortaya çıxa bilər.
Elmir Kamal,
KONKRET.az