Rusiya hibrid müharibənin yeni mərhələsinin bir hissəsi kimi kosmosda nüvə partlayışı hazırlaya bilər.
KONKRET.az xəbər verir ki, bu barədə ekspertlərə və ABŞ kəşfiyyatının məlumatlarına istinadən Forbes yazıb.
Məlumata görə, Kreml ABŞ, Avropa ölkələrinin və özəl SpaceX şirkətinin peyklərini sıradan çıxara biləcək orbital təxribatların təşkili imkanını nəzərdən keçirir.
London Kral Kollecindən kosmik silahlar üzrə ekspert Elena Qrossfeld iddia edir ki, belə hücum bir çox peykləri məhv edəcək. Baxılan ssenarilərdən biri Van Allen radiasiya qurşağı yaxınlığında nüvə yükünün partlamasını nəzərdə tutur. Bu, obyektlərə birbaşa zərbə olmadan avadanlığın kaskad nasazlığına səbəb ola bilər.
Qrossfeld belə bir hücumu “Pearl Harborun orbital versiyası” adlandırır. Çünki burada bir zərbə minlərlə peyki sıradan çıxara bilər. Ukrayna hökuməti, hərbi və mülki strukturları üçün rabitə təmin edən SpaceX Starlink peykləri xüsusilə həssas sayılır. Rusiya əvvəllər Starlink terminallarına yerdə hücum etməyə cəhd göstərib və peykləri vurmaq niyyətində olduğunu dəfələrlə bəyan edib.
Ekspertin fikrincə, Moskva geniş spektrli peyk əleyhinə silahlara fəal şəkildə sərmayə qoyur. Lakin bu arsenalın ən radikal elementi hesab edilən nüvə partlayışıdır.
Analitiklərin fikrincə, Rusiya kosmosa özünün fövqəldövlət statusunu bərpa etmək fürsəti kimi baxır. Bu, orbitdə oyun qaydalarının dəyişdirilməsi və geosiyasi təsirin gücləndirilməsi cəhdi kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az