“Ermənistanın sülh prosesindən yayınması manipulyasiyadır və bununla özünü küncə sıxışdırıb”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Ryabtsov bildirib. Qeyd edib ki, əvvəl bir söz deyib, başqa əməldən çıxmaq İrəvanın adi iş rejimidir: “Ona görə də çoxları, o cümlədən, Qərbdə də ermənilərin bəyanatlarına ciddi yanaşmırlar. Qərbdəkilər axı axmaq deyil, onlar da prosesləri diqqətlə izləyirlər. Hamı çox gözəl başa düşür ki, Ermənistan üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməyi üç il gecikdirib.
Hər şey onunla bitdi ki, Azərbaycan öz ərazisində “sanitar təmizləmə” işini yüksək peşəkarlıqla apardı. Amma bu müddət ərzində Ermənistanın öz silahlı qüvvələrini itkisiz-filansız Azərbaycan ərazisindən çıxarmaq imkanı var idi. Bununla Paşinyan Qarabağ ermənilərinin inteqrasiyasına kömək edə, prosesin bir növ ictimai moderatoru ola bilərdi. Lakin İrəvan bunların heç birini etmədi, üstəlik, Azərbaycana qarşı hücumlar həyata keçirdi. Azərbaycanı soyqırım və etnik təmizləmədə ittiham etdi.
Ona görə də indi İrəvan özünü “zərərçəkmiş” tərəf kimi təqdim edir. Erməni lobbisinin dəstəyi ilə onlar ABŞ və Avropa İttifaqı ölkələri, xüsusilə də Fransanın güclü dəstəyinə arxalanır. Onlar dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, ermənilərə qarşı etnik təmizləmə aparılıb.
Hətta xaricdəki ermənilər belə, Ermənistanı dəstəkləməkdən bezsə də, Qərb onlara xüsusi qayğı ilə yanaşır. Vaşinqton və Parisin avantürist siyasəti İrəvanı məhvə aparır. Ermənistan bu gün ciddi təhlükə qarşısındadır. Ermənilər bu təhlükəni anladığından sülh müqaviləsi prosesini davam etdirəcəklər. Düşünürəm ki, onların başqa çıxış yolu qalmayıb və yaxın altı ay ərzində sülh müqaviləsi imzalamağa məcbur olacaqlar”.
Vəli Həsənov,
KONKRET.az