Azərbaycanda avtoqəzaların statistik say göstəriciləri illədir yüksəlir. Qəzaların baş verməsində qaydaları bilməmə və nəqliyyat vasitəsinin düzgün idarə edilməməsi başlıca səbəblərdir. Haqlı iradlardan biri də sürücülük vəsiqəsi almada vətəndaşların əyri yollara baş vurmasıdır. Bu sahədə xeyli boşluq var.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, vətəndaşlar özləri sürücülük məktəblərinə getməkdə maraqlı və həvəsli olmalıdır:
“İnsanlar bilməlidir ki, daha təhlükəsiz və qaydalara uyğun nəqliyyat vasitəsi idarə etmə üçün sürücülük məktəbinə getmək vacibdir. Çünki hər kəs, ilk növbədə, öz təhlükəsizliyinin qeydinə qalmalıdır”.
Ekspert qeyd edib ki, qanunlardan və idarəetmədən xəbərsiz olan naşı sürücülər yollarda potensial təhlükə mənbəyinə çevirilir:
“Hər bir vətəndaş gələcəkdə avtoqəzalardan sığortalanmaq və daha təhlükəsiz avtomobil idarə etmək üçün tələb olunan bütün qaydalara əməl etməlidir. Bu gün sürücülük vəsiqəsini əldə edən şəxs qaydaları bilmirsə, yolda potensial təhlükə mənbəyi ola bilər. Bu baxımdan, sürücülük məktəblərində metodiki dərs almaq çox önəmlidir”.