Qəzaya uğrayan “C-130” təyyarəsi silah daşımayıb – YENİ DETALLARbackend

Qəzaya uğrayan "C-130" təyyarəsi silah daşımayıb - YENİ DETALLAR

Azərbaycandan Türkiyəyə uçan “C130” tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Bəs, qəzanın baş verdiyi vaxt və yer təsadüfdürmü, yoxsa müəyyən mesaj xarakteri daşıya bilər?

Hadisə ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Azad Məsiyev bildirib ki, qəzanın səbəbləri ilə bağlı Türkiyə, Azərbaycan və Gürcüstanın daxil olduğu üçtərəfli araşdırma qrupu yaradılıb və hazırda hadisə yerində ciddi araşdırmalar aparılır:

Azad Məsiyev

“Hadisə beynəlxalq konvensiyaya uyğun şəkildə araşdırılacaq. Çünki təyyarənin Gürcüstan ərazisinə daxil olmasına rəsmi icazə verilibsə, orada təhlükəsizliyə cavabdeh tərəf həmin ölkədir. Qəzanın səbəbi yalnız qara qutunun oxunmasından sonra dəqiqliklə müəyyən ediləcək”.

Ekspertin sözlərinə görə, ilkin görüntülər qəzanın böyük texniki nasazlıq nəticəsində baş verdiyini göstərir.

“Ədalətli araşdırma aparılması üçün üçtərəfli komissiyanın birgə fəaliyyəti vacibdir. Təyyarə hərbi təyinatlı olduğuna görə, hadisə yerində mülki deyil, məhz hərbi mütəxəssislərin iştirakı zəruridir. Hazırda Türkiyə, Azərbaycan və Gürcüstan mütəxəssisləri birgə araşdırma aparır. Bu da hadisəyə obyektiv qiymət veriləcəyini göstərir”.

Azad Məsiyev qeyd edib ki, təyyarə Gəncə hava limanında iki saat dayanaraq texniki baxışdan keçib, hər hansı partlayıcı və ya hərbi sursat daşımayıb:

“Bu təyyarə Azərbaycanda keçirilən paradla bağlı mütəxəssisləri aparmaq üçün nəzərdə tutulmuşdu. 2020-ci ildə təmirdən çıxan təyyarə texniki yoxlamadan sonra havaya qalxıb, lakin Gürcüstan ərazisinə daxil olanda faciə baş verib”.

Qəza nəticəsində 20-yə yaxın hərbi mütəxəssisin həlak olduğu bildirilir.

Hadisənin dəqiq səbəbləri üçtərəfli komissiyanın yekun rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*