Qətərin paytaxtı Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının 44-cü sammitində ərəb liderləri bir daha İsrailə xəbərdarlıq ediblər.
KONKRET.az xəbər verir ki, bəyanatda İsrailin dinc Fələstin xalqına qarşı təcavüzkar siyasətindən narahatlıq ifadə edilir. Şura İsrail ordusu tərəfindən həyata keçirilən amansız bombardman və mülki əhalinin məcburi köçkünlük siyasətini pisləyib. Eyni zamanda liderlər xəbərdarlıq ediblər ki, Qəzza zolağında bombardmanlar dayanmasa, toqquşmaların bütün regiona yayılma riski yüksəkdir.
Sammitə qonaq qismində qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qəzzadakı hadisələr Suriyanın da iştirak etdiyi regional müharibəyə çevrilməməlidir.
Bu görüşün daha bir maraqlı elementi ondan ibarətdir ki, Doha sammiti Rusiya prezidenti Vladimir Putinin BƏƏ və Səudiyyə Ərəbistanına səfərindən bir qədər əvvələ təsadüf edib. Rusiya prezidenti ərəb liderləri ilə neft hasilatının azaldılması və İsrail-Fələstin münaqişəsini müzakirə edəcək.
Ancaq təxminən bir ay əvvəl Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammitində olduğu kimi, bu dəfə də ərəb və müsəlman liderləri Fələstin məsələsində dəqiq qərar verə bilmədilər. Məhz ərəb liderlərinin bu qətiyyətsiz mövqeyinə görə Qəzza zolağında atəşkəsə nail olmaq mümkün deyil. Şeyxlər ancaq qınamaqla kifayətlənirlər.
Bir gün əvvəl 1967-ci ildə İsrail tərəfindən işğal olunmuş Qolan Təpələri bölgəsində İranla əlaqəli milis qruplarının fəallaşması ilə bağlı xəbərlər yayılıb. Maraqlıdır ki, hələ 2018-ci ildə Lavrovun iştirakı ilə Əmmanda İrana bağlı qüvvələrin Suriyanın cənubundan çıxarılması və Rusiya hərbçilərinin bu əraziyə yerləşdirilməsi barədə razılıq əldə olunub.
Görünür, bu razılaşma pozulur və İran qüvvələri yenidən Qolana yaxınlaşır. Ərdoğanın xəbərdarlığı müharibənin yeni istiqamətə gedəcəyinə işarədir. Bu, ilk növbədə ərəb liderləri üçün əlverişsizdir. Çünki müharibənin genişləndirilməsi ərəb dövlətlərini çətin seçimlər etməyə məcbur edə bilər.
Hazırladı: Natiq Səlim,
KONKRET.az