İyulun 24-də axşam saatlarında Tacikistanla Qırğızıstan sərhədində iki ölkə vətəndaşlarının iştirakı ilə münaqişə baş verib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisənin səbəbi ilə bağlı tərəflərin versiyaları fərqlidir.
Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının məlumatına görə, səkkiz avtomobildən ibarət toy korteji Tacikistanın Vorux anklavından İsfara şəhəri istiqamətində hərəkət edib. Saat 17:30 radələrində Qırğızıstanın Oksoy (Ak-Sai) kəndinin girişində yerli sakin sərxoş halda idarə etdiyi 134 ACJ 03 KG dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobili saxlayıb və konvoya daş atıb.
“Yerli sakin toy maşınlarından birinin guya avtomobilinin hərəkətinə maneə yaratdığını bəhanə edərək magistral yolu bağlayıb. Həmin şəxs maşından düşəndən sonra Tacikistan vətəndaşlarının maşınlarına daş atıb. Nəticədə 3 avtomobilin müxtəlif hissələri zədələnib, 4 Tacikistan vətəndaşı yüngül xəsarətlər alıb”, – Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi bildirib.
Tacikistan və Qırğızıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra insident aradan qaldırılıb.
“Tacikistan və Qırğızıstanın dövlət sərhədində vəziyyət sabitdir. Birgə ikitərəfli komissiya iki dövlətin vətəndaşları arasında münaqişənin səbəblərini araşdırır”, – deyə Tacikistan kəşfiyyat xidməti məlumat yayıb.
“Ozodi” (Azadlıq) radiosunun məlumatına görə, iyulun 24-də günortadan sonra, yəni hadisədən əvvəl də Qırğızıstan sərhədçiləri Ak-Sai kəndindən keçən yeganə İsfara-Vorux avtomobil yolunu bağlayıblar.
“Yerli sakinlərdən birinin sözlərinə görə, qırğız hərbçiləri yolda dayanıb, kənd sakinləri isə taciklərin maşınlarına daş atıblar”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Asia-Plus” nəşrinə oxuculardan biri hadisə ilə bağlı video göndərib:
Maraqlıdır ki, Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Daiyrbek Orunbekov özünün Facebook səhifəsində münaqişənin qırğızlar tərəfindən törədildiyini yazıb.
“Vorux istiqamətindən doqquz maşından ibarət toy korteji hərəkət edib. Bu zaman Qırğızıstan vətəndaşı, Aksay kənd sakini sərxoş halda taciklərin avtomobilini saxlayıb, onların maşınlarının şüşələrini daşla sındırıb. Taciklər maşından düşüb 3 vətəndaşımızı döyüblər. Kimin günahkar olduğunu öyrənmək üçün araşdırma aparılır”, – deyə Orunbekov yazıb.
Qeyd olunub ki, onun yazdığı status bir saatdan sonra silinib.
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, münaqişə Tacikistan vətəndaşları tərəfindən törədilib.
“İki Qırğızıstan avtomobili Ak-Sai-Kok-Taş yolu ilə hərəkət edirmiş. Eyni zamanda, Vorux anklavından Xocai-Aalo kəndi istiqamətində Tacikistan vətəndaşlarına məxsus səkkiz avtomobildən ibarət toy karvanı yol boyu hərəkətdə olub. Tacikistan vətəndaşları öz avtomobilləri ilə Qırğızıstan vətəndaşlarının avtomobilini keçməyə cəhd ediblər. Nəticədə Daça ərazisində iki ölkə vətəndaşları arasında dava düşüb. Münaqişə yerinə Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib”, – Qırğızıstan xüsusi xidmətinin bəyanatında deyilir.
Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, insidentdən sonra tərəflər arasında bir neçə görüş keçirilib. Danışıqlar nəticəsində Daça ərazisində və Xocai-Aalo sərhəd zastavasının qarşısında quraşdırılmış keçid məntəqələrinin yığışdırılması qərara alınıb. Əvvəllər nəzarət-buraxılış məntəqələri yaradılan yollarda avtomobillərin hərəkəti bərpa edilib. Tərəflər sərhədyanı ərazilərdə münaqişəli vəziyyətlərin qarşısının alınması üçün tədbirlər görmək və ərazinin birgə patrul xidməti haqqında razılığa gəliblər. Tacikistan tərəfi Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşının avtomobilinə dəymiş ziyanı aradan qaldırmağa hazır olduqlarını bildiriblər.
İqbal Rzayev,
KONKRET.az