Genetik və qidalanma mütəxəssisi Tim Spektor qırmızı şərabın xolesterolu, qan təzyiqini və diabet riskini azalda biləcəyini söyləyib.
KONKRET.az xəbər verir ki, o, araşdırma zamanı məşhur spirtli içkinin bu gözlənilməz faydalı xüsusiyyətini kəşf edib.
Spektor və bir qrup elm adamı beş min insanın məlumatlarını təhlil edib və müəyyən edib ki, qırmızı şərab içənlər spirtdən imtina edən və ya digər spirtli içkilər içənlərə nisbətən daha sağlam və daha müxtəlif bağırsaq mikrobiomlarına malikdir.
“Bağırsağın mikroflorasının müxtəlifliyi normal metabolizm, güclü immunitet və yaxşı həzm üçün çox vacibdir”, – deyə mütəxəssis qeyd edib.
Spektorun fikrincə, qırmızı şərabın faydalı xüsusiyyətləri onun istehsal üsulu (fermentasiya) və üzümün qabığında çoxlu miqdarda polifenol olması ilə bağlıdır – bu güclü antioksidant mədə-bağırsaq traktının və bağırsaq mikrobiotasının sağlamlığını qorumağa kömək edir, həm də bədənin qoruyucu xüsusiyyətlərini artırır. Alim xəstəliklərin qarşısını almaq üçün yeməklə birlikdə bir stəkan şərab içməyi tövsiyə edib./Ajans.az