Qıt mallar satdıran nazir Şelokov, qastronom saxlayan katib Qrişin – “Gözəl sovet dövrü”ndə korrupsiyabackend

Qıt mallar satdıran nazir Şelokov, qastronom saxlayan katib Qrişin - “Gözəl sovet dövrü”ndə korrupsiya

“Kommunizm”ə doğru sürətlə addımlayan SSRİ-nin 1960-cı illərdən sonrakı dövründə ölkədə iqtisadi cinayətkarlıq və qanunsuz ticarət elə bir həddə çatıb ki, hüquq-mühafizə orqanları belə hallara qarşı mübarizədə aciz qalıblar.

Düzdür, Yuri Andropovun qısamüddətli hakimiyyəti vaxtında bir neçə cinayətkar qrup ifşa olunub. “Qastronom işi”, “Balıq işi”, “Pambıq işi” kimi tarixə düşən səsli-küylü hadisələr ən ağır cəzalarla yekunlaşıb. Amma bütövlükdə Leonid İliç Brejnevin dövründən qalan işbazlar SSRİ süquta uğrayana qədər fəaliyyətlərini davam etdiriblər.

Sözsüz ki, qanunsuz ticarətin, yaxud da sadə dildə desək, alverin səbəblərindən biri ölkədə hökm sürən əşya və ərzaq qıtlığı olub. Statistikaya nəzər salsaq, şahidi olarıq ki, qeyri-qanuni alver zamanı ümumi satılanlardan 15 faizi ayaqqabı, 25 faizi paltar, 9 faizi spitli içkilər, 10 faizi ehtiyat avtomobil hissələri, 12 faizi kənd təsərrüfatı malları, 19 faizi ərzaq məhsulları olub. Və təbii ki, bütün bunlardan hüquq mühafizə orqanları və müvafiq qurumlar xəbərdar olublar.

Ortaya belə bir sual çıxır. Niyə bu qanun pozuntularının qarşısı alınmayıb? Cavab çox sadədir. Çünki hər bir “ticarət şəbəkəsi”nin arxasında yüksəkçinli məmurlar dayanıb.

Məsələn, götürək “Qasronom işi”ni. Moskvanın mərkəzində yerləşən Yeliseyev qastronomunda ilin bütün fəsillərində istənilən ərzaq məhsulunu tapmaq mümkün olub. Qara kürüdən tutmuş ekzotik meyvələrə qədər, o cümlədən müxtəlif çeşidli spirtli içkilər, siqaretlər, xarici ölkələrdən gətirilmiş şirniyyatlar, bir sözlə, istənilən ərzaq məhsulu bu qastronomda tapılıb. Hətta paytaxtın digər qastronomlarında və ərzaq mağazalarında piştaxtalar boş olduğu dövrlərdə belə Yelisyev qastronomu mağazaya gətirilən malları boşaltmaq və daşımaq üçün əlavə fəhlələr işə qəbul ediblər.

Qastronomun bu “qızğın fəaliyyətinin” arxasında Moskvanın birinci katibi Viktor Qrişin dayanıb. Qrişinlə yanaşı, Brejnevin kürəkəni Yuri Çurbanov da qastronomun “fəxri” müştərisi olub və öz “xidmətlərini” qastronom sahibindən əsirgəməyib.
Artıq sirr deyil ki, Moskvada briliyant mafiyasına Qalina Brejneva başçılıq edib. Bunun sayəsində baş katibin qızı böyük maddi sərvətlərə sahib olub. Ölkədə brilyant məmulatlarının qiyməti qalxmazdan bir həftə əvvəl Qalina Brejneva paytaxt Moskvada və SSRİ-nin digər böyük şəhərlərində olan qızıl mağazalarından bütün brilyant məmulatları alıb. Özü də nisyə. Bir həftədən sonra qiymətlər qalxanda baş katibin qızı həmin zinət əşyalarını yenidən həmin mağazalara satıb. Amma bu dəfə nəğd pulla. Sözsüz ki, bu “ticarət”də Qalina Brejnevaya kiminsə söz deməyə cürəti çatmayıb.

Daha bir fakt. Moskvanın mərkəzi univermağındakı (QUM) 100-cü bölmə yüksəkçinli dövlət məmurlarına xidmət edib. SSRİ-yə gətirilən xarici geyimlərin bölgüsü zamanı ilk olaraq “QUM”-un 100-cü bölməsi təmin edilib. Amma faktiki olaraq həmin malların 20 faizi mağazaya çatıb. Qalan 80 faiz isə SSRİ-nin daxili işlər naziri Nikolay Şelokovun xanımının sərəncamına verilib. Hər bölgü zamanı nazir xanımı qiyməti 50-70 min rubl dəyərində olan mal götürüb. Əgər bu mallar xanımın xüsusi vasitəçiləri ilə ikiqat qiymətə satılıbsa, nazir ailəsinin büdcəsinə hər iki-üç aydan bir təxminən 100-140 min rubl vəsait daxil olub. Qeyd edək ki, o dövrdə bu məbləğ kifayət qədər böyük sayılıb.

Kənd təsərrüfatı məhsullarının satışında isə daha böyük maxinasiyalara yol verilib. Bölgələrdən Moskvaya gətirilən meyvə və tərəvəz 3-cü sort kimi qəbul olunub, 1-ci sort kimi paytaxtın meyvə-tərəvəz köşklərinə verilib. Arada yaranan pul fərqi isə Siyasi Büronun üzvü, Mərkəzi Komitənin kənd təsərrüfatı məsələləri üzrə katibi Fyodor Kulakovun cibinə axıb.

Brejnev hakimiyyəti dövründə diyar və vilayətlərin birinci katiblərinin əksəri onlara verilən yüksək statusdan “bəhrələnərək”, sürətlə maddi cəhətdən yetərincə zənginləşiblər.

Onlardan biri də Azərbaycanda, keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov olub. Keçmiş Mardakert (Ağdərə) rayonunda Elza adlı bir erməni qadının müdir olduğu mağazada yoxlama aparılarkən 1 milyon 200 min rubl yeyinti aşkar olunub. Bir rayon mağazasında belə bir rəqəmin aşkar olunması ağlasığmaz bir faktdır. (Mağaza vasitəsilə bahalı mebellər, xəz məmulatları, kürklər, məişət malları və s. satılıb). İstintaq zamanı mağaza müdiri həmin vəsaitin yarıdan çoxunu Boris Gevorkova çatdırdığını rəsmi surətdə etiraf edib.

Bəli, bu hadisələr milyonların ideal saydığı SSRİ-də, sovet cəmiyyətində baş verib. Bu cinayətlərə televiziyada, “Pravda”, “İzvestiya” qəzetlərində ideal görünən dövlət məmurları “krışalıq” ediblər.

Beləliklə, SSRİ-də heç də hər şey göründüyü kimi olmayıb. Sadə dildə desək, məhvə hakim olan SSRİ 70 il ərzində “tam məxfi” şəraitdə fəaliyyət göstərib…

İlham Cəmiloğlu, Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*