Qiyməti əl yandıran pomidor: Qıtlığın səbəbi nədir? – AÇIQLAMAbackend

Qiyməti əl yandıran pomidor: Qıtlığın səbəbi nədir? - AÇIQLAMA

Son zamanlar pomidorun qiymətində kəskin artım müşahidə olunur.

Dövlət Gömrük Komitəsi də ölkədə pomidor qıtlığını təsdiq edib. Daxili bazarda pomidorun azalması təbii ki, qiymətlərə də təsir göstərir.

Bəs, pomidor qıtlığı və qiymətlərin baha olmasının səbəbi nədir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az açıqlama verib.

Onun sözlərinə görə, ölkədə pomidor istehsalı parnik sahiblərinin əlində cəmləşib:

“Hələ mövsümi pomidor bazara çıxmayıb. Ölkədə həmişə yanvar, fevral, mart, aprel, hətta may aylarında mağazalarda satılan pomidarların bir qismi parniklərdən yığılır. Parnikin xərcləri isə daha çoxdur. Gübrələr, qatqıların qiymətləri artığı üçün parnik xərcləri ötən illə müqayisədə çoxalıb. Biz bunu 3-5 il əvvəllə müqayisə edə bilmərik. Çünki artıq əmək haqqları da, material, istismar xərcləri də artıb. Həm də parniklər öz işlərini planlaşdıra bilirlər. Daxili bazara vedikləri məhsulun həcmini tənzimləyirlər. Rusiya sərhədləri tam şəkildə bağlayanda məhsul da ucuzlaşır. Çünki ora ixrac edilən məhsul sahibkarların əlində qalır. Onlar da məcbur olub ucuz qiymətə satırlar. Ona görə də hazırda əvvəlki illərin ziyanını aradan götürmək üçün daxili bazarda qiymətləri qaldırırlar”.

İqtisadçı, bu məsələdə alıcı faktorunun da mühüm rol oynadığını vurğulayıb:

“Tutaq ki, əvvəllər insanlar fevral, mart aylarında süfrələrinə pomidor qoymurdular. Amma indi əhalinin əksəriyyəti bu aylarda da pomidor almağa çalışır. Tələbin olması da qiymətin yüksəkməsinin əsas səbəbidir. Bu qiymətləri hökumət tənzimləmir. Monopoliya olarsa, o zaman tənzimləyə bilər”.

X.Kərimli ixracatın qiymət artımına təsiri barədə də danışıb:

“Sahibkar xarici bazarla daxili bazardan qazandığı gəlirləri müqayisə edir. Xarici bazardan daha çox qazanarsa, məhsulu daxili bazara çıxarmır. İxracat olduqda da təbii ki, qiymət qalxır. Daxili bazarda isə məhsulun həcmi azalır”.

O bildirib ki, mövsümi məhsullar çıxdıqca qymətlərdə də ənənəvi olaraq, enmə müşahidə ediləcək:

“Məhsul çoxaldıqca qiymətlər aşağı düşəcək. Bu zaman parnik mallarının satışı azalacaq. Ona görə də parniklər satış etmək üçün həmin məhsulların qiymətini də endirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*