Qızılın dəyəri bir unsiya üçün 3719 ABŞ dollarını keçərək tarixi maksimum göstəriciyə çatıb. Maraqlıdır, qızılın dəyəri yaxın aylarda daha da arta bilərmi?
İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, qiymətin rekord həddə qalxmasının bir neçə əsas amili var.
Onun sözlərinə görə, ABŞ dollarının zəifləməsi qızıla olan tələbi artırıb:
“Dollar ənənəvi olaraq qızılın əsas əks göstəricisidir. Son aylarda ABŞ valyutasının zəifləməsi qiyməti yüksəldən faktorlardan biridir. Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sistemi və digər mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri də qızılı daha cəlbedici edib. İnflyasiya və iqtisadi qeyri-müəyyənlik fonunda investorlar təhlükəsiz liman kimi məhz qızıla üstünlük verirlər. Bundan əlavə, müharibələr, ticarət münaqişələri və borc böhranları da qiymətin artımını dəstəkləyən səbəblərdəndir. Son illər bir çox ölkələrin mərkəzi banklarının ehtiyatlarını diversifikasiya məqsədilə qızıla böyük həcmdə sərmayə yatırması da artım tendensiyasını gücləndirib”.
Ekspert qeyd edib ki, beynəlxalq maliyyə institutları qızılın qiymətinin yaxın aylarda 3800–4000 dollar diapazonuna qədər yüksələ biləcəyini istisna etmirlər:
“UBS, JPMorgan kimi iri banklar isə hətta 2025-ci ilin sonuna qədər daha yüksək hədlərin görülə biləcəyini proqnozlaşdırırlar. Amma bazarda qısa müddətli korreksiya ehtimalı da böyükdür. Rekord həddə çatmış qiymətlər bəzi investorları mənfəəti realizasiya etməyə vadar edə bilər ki, bu da qiymətdə müvəqqəti eniş yaradar ”.
Onun sözlərinə görə, korreksiya riskini artıran faktorlar ABŞ dollarının güclənməsi, inflyasiyanın gözləniləndən tez aşağı enməsi, Federal Ehtiyat Sisteminin faiz endirimlərini gecikdirməsi və geopolitik gərginliklərin azalması ola bilər.
“Bu amillərdən hər hansı biri qızılın qiymətində 5–10% arası geriləmə yarada bilər. Hazırda qızıl bazarında orta və uzunmüddətli artım tendensiyası üstünlük təşkil edir. Amma qısa müddətdə qiymətlərdə müəyyən düzəliş qaçılmaz görünür. Bu səbəbdən qızıl alanlar üçün yaxın aylar həm fürsət, həm də risklərlə doludur. Əsas strategiya isə riskləri balanslaşdırmaq və qızılı tək investisiya vasitəsi deyil, portfelin diversifikasiyası üçün təhlükəsiz liman kimi görməkdir”, – deyə iqtisadçı vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az