Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb. Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. Valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə isə töhmət verilib.
Maraqlıdır, zinət əşyasına görə müəllimə töhmət verilməsi nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov KONKRET.az-a açıqlamasında bildirib ki, müəllim məktəbin rəsmi xəbərdarlığına baxmayaraq, icazəsiz şəkildə tədbirə qatılıb və məktəbi təmsil edib.
“Eyni zamanda, o, tədbir zamanı qiymətli əşya qəbul etməklə etik davranış prinsiplərini kobud şəkildə pozub.
Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli kollegiya qərarı ilə qəbul edilmiş “Müəllimlərin etik davranış qaydaları”na əsasən, müəllimlər maddi və ya qeyri-maddi xarakterli hədiyyələr qəbul edə bilməzlər. Baş verən hadisə bu qaydalara zidd olmaqla yanaşı, eyni zamanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun pozulması hesab edilir.
Müəllimin bu hərəkəti nəticəsində barəsində intizam tədbiri görülüb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq ona töhmət verilib”.
Ekspert hesab edir ki, bu cür hallarda təkcə intizam tədbiri ilə kifayətlənmək olmaz.
“Etik və qanuni pozuntu hallarına hüquqi qiymət verilməli, zərurət yaranarsa, cinayət işi də açılmalıdır. Təəssüf doğuran məqam isə odur ki, bu kimi hallar çox zaman yalnız daxili araşdırma və intizam tədbiri ilə yekunlaşır. Bu da gələcəkdə oxşar hallarının təkrarlanması riskini artırır.
Məktəb rəhbərliyi isə öz növbəsində məsələyə dərhal reaksiya verərək üzərinə düşən tədbirləri həyata keçirib”.
Aynurə İsmayıl
KONKRET.az