Son həftələr dünyada geosiyasi gərginliyin artması Azərbaycanda iqtisadi riskləri gündəmə gətirib. Uzunmüddətli böhran fonunda enerji, idxal yönümlü sənaye və maliyyə sektorları xüsusilə zərər görə bilər. Bu vəziyyət ölkənin iqtisadi dayanıqlığını sınağa çəkir və sahibkarlar üçün diqqətli olmağı labüd edir.
Əgər qlobal gərginlik uzun müddət davam edərsə, Azərbaycan iqtisadiyyatı üçün ən riskli sektorlar hansılar olacaq?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran iqtisadçı Eldəniz Əmirov deyib:

“Qlobal gərginlik ölkə iqtisadiyyatı üçün pozitiv, neqativ və neytral olmaqla, 3 ssenari vəd edir. Əgər neft qiymətlərinin davamlı olaraq yüksək səviyyədə olması baş verəcəksə, o zaman bunun infilyasiyanı tətikləyən mənfi tərəfi olsa da, bütün hallarda mənfi və müsbətlər tərəziyə qoyulduqda, ölkəyə valyuta daxilinin artması fonunda Azərbaycan üçün müsbət gözləntilər daha çoxdur”.
“Amma neft qiymətlərinin kəskin enişi olarsa, təbii ki, müəyyən maliyyə sıxıntılarının olması ehtimalı müzakirə edilə bilər. Lakin regionda baş verənləri nəzərə alsaq, böyük ehtimal ki, 2026-cı ildə orta neft qiymətləri 75 dollardan aşağı düşməyəcək”, — deyə iqtisadçı əlavə edib.
Eldəniz Əmirovun sözlərinə görə, ölkəmizdə 2026-cı ildə dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülmüşdür. Belə olan halda, hər barel üçün 10 dollar artıq vəsait deməkdir. Bu da dövlət büdcəsi üçün 400 milyon manatlıq əlavə daxil olma sayılır”.
“Eyni zamanda ümumi ixrac qiymətlərində bu göstərici daha üst səviyyədədir. Bu baxımdan da düşünürəm ki, regionda baş verənlərin müsbət tərəfləri budur. Mənfi tərəflərinə gəldikdə, birmənalı şəkildə infilyasiyanı artıran hadisədir. Ölkəmiz böyük ölçüdə idxaldan asılıdır. İdxaldan asılılıq və idxal məhsullarının qiymətinin artması fonunda ölkəmizdə infilyasiyanı tətikləyən bir səbəbə çevrilir”, — deyə Eldəniz Əmirov sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az
