Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə bütün dəyərlər də bu istiqamətdə inkişaf edir. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi, milli mənlik şüurunda düşünmə tərzi ən yüksək meyarlara cavab verir. Elə buna görədir ki, Azərbaycan gənci uzun müddətli işğalla barışa bilmirdi. Uzun illər yaşatdığı Vətən sevgisi, yurd həsrətinin ağrısından cana doyan gənclərimiz nəyə qadir olduqlarını bir daha ortaya qoydular. Bu gün Azərbaycanda aparılan düzgün ideoloji işin nəticəsidir ki, gənclər təkcə müharibə meydanında deyil, digər sahələrdə də düşmənin layiqli cavabını verirlər. Beynəlxalq idman turnirlərində, Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında Azərbaycan gənclərinin qazandıqları parlaq qələbələrin arxasında məhz vətənpərvərlik amili dayanır. Fəxri kürsünün ən yüksək pilləsində dayanan idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səslənən zaman hansı hisləri keçiririk? Bayrağımız qalxır, himnimiz səslənir, ağzınacan dolu böyük idman zallarında Azərbaycanın şərəfinə xoş sözlər də, məhz bu gənclərin sayəsində deyilir.
Mövzunu KONKRET.az-a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bizimlə həmfikirdir:
“Azərbaycan gəncliyi vətənpərvərdir, dövlətinə xalqına bağlıdır. Ailədən başlayan Vətən segisi, xalq məhəbbəti məktəblərdə daha geniş şəkildə təbliğ olunur. Ona görə də, ailə və məktəbin bu yöndəki fəaliyyəti vəhdət təşkil edir. Eyni zamanda milli mənlik şüurunun inkişaf etdirilməsi, bu ruhda gəncliyin yetişdirilməsi ilə bağlı müəllimlərin üzərinə çox böyük iş düşür. Yeni proqramlar üzərində iş aparılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi indi qarşıda duran ən ümdə vəzifədir. Bu prosesin davamını biz 44 günlük Vətən müharibəsi dövründə bir daha gördük. Ömrü boyu Qarabağı görməyən, onu yalnız filimlərdə, ekranlarda hiss edən, haqqında kitablardan oxuyan 18-20 yaşlı gənc ölümün gözünə dik baxaraq “Vətən”, deyib irəli atıldı. Təbii ki, bu, xüsusi cəsarət tələb edirdi və kökündə də mənəvi dəyərlərə bağlılıq, mənlik şüurundan irəli gələn milli qeyrət və Azərbaycan məfhumu dayanırdı. Ümumiyyətlə, Azərbaycan gəncliyi həmişə milli dəyərlərə bağlı olub. Hələ 1-ci Qarabağ Müharibəsində də bu sevgi var idi. Sonrakı mərhələdə isə aparılan işlər öz bəhrəsini verməyə bilməzdi”.
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan gənci təkcə müharibə meydanında deyil, informasiya savaşında da düşmənə meydan oxuyur:
“Postmüharibə dövründə də Azərbaycan gəncliyi fəal şəkildə vətənpərvərlik ruhunda, eyni zamanda milli dəyərlərin qorunması konteksində müxtəlif platformalarda maraqlarımızı müdafiə edir. Əslində beynəlxalq imperalizm birbaşa milli düşüncəni ələ keçirməyə çalışır. Ona görə də, qlobal imperialist şəbəkələrin məqsədi həm də gənclərin milli düşüncələrini ələ keçirmək, onların ideologiyalarını qəsb etməkdir. Bu ideologiya qəsblərini də həyata keçirmək üçün ən təhlükəli üsullardan və yollardan istifadə etməyə çalışırlar. Bu, olduqca təhlükəlidir. Bütün bunlara baxmayaq Azərbaycan gəncliyi milli dəyərləri qoruyur, dövlətçilik kultuna sahib çıxır. Bu isə azərbaycançılıq maraqlarının ən yüksək səviyyədə qorunması deməkdir. Həm 44 günlük Vətən Müharibəsi, həm də ondan sonrakı dövrdə gənclərimizin nümunəvi davranışları dediklərimizi bir daha təsdiq edir”.
Vəli Həsənoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusuna uyğun olaraq dərc edilir”