backend

Qocalığı yaxına buraxmayan “qoca” millət vəkilləri – Onlara yaxınlaşmaq niyə bu qədər çətindir?

Bu gün Azərbaycan adlı məmləkətə kənardan baxdıqda əsl islahatlar ölkəsi kimi görünür.

Prezident tərəfindən sosial-siyasi sferada həyata keçirilən islahatlar ilk növbədə əhalinin rifah halının yaxşılaşdırılmasına, daha sonra isə öz fəaliyyət müddətini çoxdan başa vuran və köhnənin qalıqları kimi xarakterizə edilən məmurların təmizlənməsinə yönəlib.

Lakin bu heç də asan məsələ kimi görünmür. Hərçənd prezident bir neçə iri ranqlı məmuru vəzifəsindən azad edib, üstəlik “qoca”lara mesaj yollayaraq, onları könüllü şəkildə istefa verməyə səsləyib.

Azərbaycanın qanunverici orqandan daha çox, “qocalar evi”ni xatırladan Milli Məclisində əyləşən yaşlı deputatları isə ölkə başçısının bu çağırışından çox narahatdırlar. Bunu deməyə kifayət qədər əsaslar da mövcuddur.

Bu arada Azərbaycanın məşhur filmlərindən birində olan maraqlı epizodu xatırlamaq yerinə düşür.  Filmdəki həmin epizod təxminən belə idi: “ Bahoo… Kolxozçu da, deputat kimi danışır haaa”.

 

Bəli, o dönəmlərdə kolxozçuların danışıq tərzini deputatlarınkına bənzədirdilər. Çünki Kollektiv Təsərrüfatda işləyənlər hökumətin sütunu hesab olunurdular və onların səlahiyyətləri çox, sözləri də kəsərli idi. Elə o dönəmlərdə deputatların da nüfuzları xalq arasında indikindən artıq idi. Çünki millətin vəkilləri məhz millətin rifahı üçün işləyirdilər. İndikindən fərqli olaraq, deputatlar həm də çox səlis nitq sahibi idilər. İndi isə bizim bəzi qocaman deputatların danışıqlarını heç özləri də başa düşmürlər. Bunu anlamaq üçün  iki gündür ölkə gündəmini zəbt edən 77 yaşlı  millət vəkili Xanhüseyn Kazımlının çıxışını xatırlamaq kifayətdir.

Qeyd edək  ki,  prezidentin mesajindan sonra, bir neçə məmur könüllü surətdə istefa ərizəsi yazaraq, vəzifəsindən azad edilib. Yerli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Milli Məclisdə də yaşı 80-ni ötmüş kifayət qədər  millət vəkilinin olduğunu nəzərə alaraq, onların növbəti seçkilərdə iştirak edib-etməyəcəklərini öyrənməyə çalışıblar.  Ancaq görünən odur ki, qocaman deputatlar öz mandatlarından imtina etmək niyyətində deyillər.

Məsələn, 78 yaşlı deputat Arif Rəhimzadənin həmyaşıdları evdə oturub nəvə-nəticə ilə oynasalar da, qocaman millət vəkili “qoca” sözünü özünə yaxın buraxmır. 78 yaşlı deputat hələ yaşlanmadığını, cavan olduğunu bildirərək, gənclərə meydan oxuyur. (https://konkret.az/78-yasli-arif-rehimzade-yaddasim-yerinde-beynim-isleyir-fiziki-cehetden-de-saglamam?fbclid=IwAR0OwZzpWP1F222aKmVe4SBpLNiVWjVnwhd0i_6ShgFYDhZLyfeq8oaIZKc)

Yaxud 72 yaşlı Hadı Rəcəbli və Madər Musayev, eləcə də digər bu kateqoriyadan olan deputatlar özlərini cavan hiss edirlər və görünən budur ki, növbəti dəfə mandat uğrunda yarışacaqlar.

Amma iş medianın suallarını cavablandırmağa gələndə “qoca” deputatların bəziləri yoxa çıxırlar. Ölkə prezidentinin xalq arasında gəzib, onların problemləri ilə maraqlandığı bir vaxtda, bəzi millət vəkillərinə heç sual ünvanlamaq da mümkün olmur.

Ziyad Səmədzadə

KONKRET.az informasiya portalı olaraq,Milli Məclisdə oturan bəzi yaşlı deputatların prezidentin məlum çağırışına münasibətlərini öyrənmək istəsək də, gün ərzində buna nail ola bilmədik. Öncə 79 yaşlı millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin fikirlərini öyrənməyə çalışdıq. Öncə deputatın telefonunu köməkçisi Firuzə xanım Qəribova açaraq bildirdi ki, Ziya Səmədzadənin yanında qonaqlar var. Daha sonra deputatın digər bir nömrəsinə zəng vurduq. Bu zaman isə telefonu millət vəkilinin digər köməkçisi Vəfa xanım açaraq, Ziya müəllimin görüşdə olduğunu, yalnız yarım saat ərzində sualımızı cavablandıra biləcəyini dedi. Deyilən yarım saatın üzərindən 5-6 saat keçsə də, zənglərimizə cavab verən olmadı.

Elxan Süleymanov

Yaşı 80-ni haqlayan digər millət vəkili Elxan Süleymanovun telefonunu da Təranə Babayeva adlı xanım köməkçisi açdı. O,  millət vəkilinin gələn il seçkilərdə namizədliyini verib-verməyəcəyi ilə bağlı qəti fikrinin olmadığını qeyd etdi. Daha sonra isə fikirlərini dəyişərək, bu suala yalnız Elxan Süleymanovun özünün cavab verə biləcəyini dedi və mövzudan yayındı. Ardınca isə bildirdi ki, millət vəkilinin mediaya açıqlama vermək istəyib-istəmədiyini soruşacaq. Bizə isə daha sonra zəng etməyi məsləhət gördü. Bu yerdə telefon üzümüzə qapandığından, xanım köməkçiyə KİV haqqında qanunun 8-ci maddəsini (jurnalistin informasiya almaq, səlahiyyətli şəxsin isə informasiya vermək hüququ) xatırlatmağa imkan tapa bilmədik.

Yaqub Mahmudov

80 yaşlı deputat Yaqub Mahmudovun telefonunu da köməkçisi Gündüz Mikayılov açdı. Özünün Şəki şəhərində olduğunu deyən köməkçi millət vəkili ilə əlaqə saxlamaq üçün Tarix İnstituna zəng vurmağı məsləhət bildi. Tarix İnstitunda Yaqub Mahmudovun köməkçisi olan Elnarə adlı xanım millət vəkilinin artıq işdə olmadığını bildirdi. Beləcə gün ərzində azı 3 millət vəkili ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Görünən odur ki, bəzi millət vəkilləri ilə əlaqə saxlamaq, prezidentin qəbuluna düşməkdən qat-qat çətindir. Hərçənd ölkə başçısı tez-tez regionlara səfərlər edir və yerli əhali ilə görüşür. Üstəlik məmurlara səslənərək, onlara media və ictimaiyyət nümayəndələri ilə sıx ünsiyyətdə olmağı tapşırır.

Amma görünən odur ki,  bizim bəzi deputatlar yaşlı olduqlarından qulaqları verilən tapşırıqları yaxşı eşitmir, yaxud da bu, onlara sərf etmədiyindən, ölkə başçısının göstərişlərini qulaq ardına vururlar.

Məlumat üçün onu da qeyd edək ki, Milli Məclisin rəsmi internet saytında (www.meclis.gov.az) deputatlar kateqoriyası mövcuddur. Bu kateqoriyada bütün deputatların və köməkçilərinin əlaqə nömrələri yerləşdirilib. Lakin yenə də millət vəkillərinin telefonlarına köməkçilər cavab verirlər  və ünvanlanan sualları cavablandırmaq səlahiyyətlərinin olmadığını bildirirlər. Maraqlıdır, o zaman deputat köməkçilərinin əlaqə nömrələri kimə lazımdır və onların saytda yerləşdirilməsinin mənası nədir?.  Sualın cavabı Milli Məclisdə…

Müşfiq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*