“Mübarək Ramazan ayı insanı mənəvi cəhətdən paklaşdırdığı üçün onu Allahla yaxınlaşdırır, insan öz fitrətinə qayıtmış olur. Fitrətinə qayıdan insan artıq böyük mənəvi hədiyyə qazanır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında ilahiyyatçı Fazil Əhmədli deyib.
İlahiyyatçı fitrə zəkatından danışanda onun etimologiyasından bəhs etməyin vacibliyini vurğulayıb:
“İnsan dünyaya müəyyən fitri xüsusiyyətlərlə gəlib. Bəzi zamanlarda insan öz fitrətinə qayıtmış olur. Məsələn, təhlükə anında insanın daxilində Allah haqqında məlumat olduğu üçün dərhal Allahdan kömək istəyir. Buna səbəb onun daxilində fitri olaraq Allahın var olması barədə məlumatdır. Mübarək Ramazan ayı insanı mənəvi cəhətdən paklaşdırdığı üçün onu Allahla yaxınlaşdırır. Yəni insan yenə də öz fitrətinə qayıtmış olur. Fitrətinə qayıtmış insan artıq böyük bir mənəvi hədiyyə qazanır. Bu isə Ramazan ayının göstərişlərinə diqqətlə riayət edənlərə aiddir. İnsanlar gərək imsaq vaxtı iftara qədər çox acmamaq üçün həddən artıq yemək yeməsin.
Həzrəti Peyğəmbərimiz belə bir hədis buyurub ki, “Allahın bir neçə dolu qabdan acığı gəlir”. Onlardan biri halaldan dolan mədədir. İnsan halal da olsa, həddindən artıq doyunca yeməməlidir ki, mənəvi ab-havanı duya bilsin. Fitrə zəkatının etimologiyası da buradan gəlir”.
Fazil Əhmədli qeyd edib ki, hər bir oruc tutan müsəlman Fitr bayramında mütləq zəkat çıxarmalıdır:
“Fitrəni aylıq gəliri ailəsinin və özünün dolanışığına kifayət etməyən fəqir şəxs çıxarmamalıdır. O, əksinə zəkat alan tərəfdir. Fitrəni fəqir olmayan şəxs çıxarmalıdır. Müəyyən çətinliklər olsa da, öz ailəsini dolandırmağı bacaran hər bir müsəlman fitrə zəkatını çıxarıb fəqirlərə verməlidir. Fitr bayram axşamı zəkat çıxarılmalıdır. Yəni axşam ay görünür və sabah bayram günü olduğu elan olunursa, fitrə çıxardılır. Fitrə evdə olan hər bir şəxsin adına çıxarılmalıdır. Körpə uşaq belə olsa, onun adına da çıxarılmalıdır”.
Evdə qonaq olarsa, evin böyüyü onun adına da fitrə zəkatı çıxarmalıdır…
“Əgər evdə qonaq, qulluqçu kimi işləyən şəxs varsa, onların da adına fitrə zəkatı çıxarılır.
Qonağın fitrə zəkatı o zaman çıxarılır ki, o, bayram günündən 3-7 gün qabaq gəlmiş olsun. Fitr bayramı günü gələn qonağın özü öz fitrə zəkatını çıxarmalıdır”.
İlahiyyatçı söyləyib ki, evin gəlir gətirəni, böyüyü fitrə zəkatı çıxarmaqdan yayınarsa, onun qazancından yararlanan ev əhalisinin zəkat çıxarması vacib olmur.
Fitrə zəkatının miqdarı…
F.Əhmədli fitrə zəkatını buğda, arpa, xurma, düyü, kişmiş, qarğıdalı və bu kimi qida məhsullar ilə çıxarılmasını daha yaxşı olduğunu qeyd edib:
“Fitrə zəkatının bu qidalardan ibarət olaraq çıxarılması bizə hədislər şəklində gəlib. Həmin ərzaqların miqdarı 3 kiloqram olmalıdır. Bu məhsulların hər hansı birinin 3 kiloqramının dəyərində pul ilə də fitrə zəkatı çıxarıla bilər. Qazancı daha çox olan insan kişmiş kimi məhsulun 3 kiloqramı dəyərində fitrə zəkatı çıxarsa, daha yaxşı olar. Yəni buğdanın dəyərində məbləğdə çıxarılacaq deyə bir məcburiyyət yoxdur. Fitrə zəkatının verilməsində müstəhəq kəliməsi daha çox işlədilir ki, bu da daha çox haqqı olana verilməsi gərəkdiyi deməkdir. Yaxşı olar ki, zəkat səhər bayram namazından öncə ailəyə çatdırılsın. Bu alınmadığı təqdirdə bayram namazından sonra dərhal çatdırılması tövsiyə edilir”.
O, fitrə zəkatına görə konkret məbləğin təyin edilməsini doğru hesab etmir:
“Zəkat insanların maddi durumlarından asılı olaraq dəyişə bilər. Maddi gəlirləri çox olan şəxslərin daha bahalı məhsulların 3 kiloqram dəyərində zəkat çıxarması yaxşı əməldir. Burada hansısa konkret rəqəm qoyulması doğru deyil. Hər insan özü ərzaq qiymətinə görə bunu hesablayıb çıxara bilər. Əsas odur ki, zəkat gözləyən ailələrin hər birinə bu zəkatdan pay çatsın. Çünki həmin insanlar hər il Ramazan ayını gözləyirlər ki, onlara zəkat verilsin”.