“Qoşulmama Hərəkatında İlham Əliyevin sədrliyi dövrü xüsusi bir mərhələ təşkil edir” – ŞƏRHbackend

“Qoşulmama Hərəkatında İlham Əliyevin sədrliyi dövrü xüsusi bir mərhələ təşkil edir” - ŞƏRH

“Qoşulmama Hərəkatının təməlində sülh və ölkələrin inteqrasiyası dayanır. Xüsusən soyuq müharibə dönəmində, Qərb və Şərqin üz-üzə gəldiyi, hətta nüvə savaşının meydana çıxdığı bir vaxtda Qoşulmama Hərəkatının ideyası yarandı. Dövlətlərin bu Hərəkata üzv olması onu BMT-dən sonra ən böyük təşkilat kimi meydana çıxardı”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq Məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, hazırda 120 ölkə Qoşulmama Hərəkatının üzvüdür, 17 dövlət isə müşahidəçi qismində çıxış edir: “Hərəkatın təsis sammitində ərazi bütövlüyü, dövlətlərin suverenliyi və siyasi müstəqilliyinə hörmət edilməsi, daxili işlərinə qarışılmaması məsələləri qarşıya qoyulub. Hesab edirəm ki, son vaxtlar BMT ilə müqayisədə Bloklara Qoşulmama Hərəkatının daha işlək mexanizmlərə malik olduğunu görürük”.

Əziz Əlibəyli əlavə edib ki, 2019-2022-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədridir: “Dünyada gedən proseslərə adekvat reaksiya verilməsi baxımından İlham Əliyevin sədrliyi dövrü xüsusi bir mərhələ təşkil edir. 2019-cu ildən sədr kimi fəaliyyətə başlayandan az müddət sonra, yəni 2020-ci ildə dünya pandemiya problemi ilə qarşılaşdı. Hətta Azərbaycanın sədrliyi ilə ilk dəfə 120 ölkə və BMT Baş Assambleyasının üzvləri ilə birgə onlayn konfrans keçirildi. Sonrakı dönəm isə müharibə dövrünə təsadüf etdi. Prezidentin rəhbərliyi altında milli suverenlik prinsipləri və ərazi bütövlüyü məsələləri ilə bağlı həyata keçirilən mübarizədə 120 ölkənin dəstəyi tam şəkildə alındı”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan bu təşkilata 2011-ci ildə qoşulub və artıq 2019-cu ildə Hərəkatın sədri olub: “Bu bizə bir sıra üstünlükləri də qazandırdı. Belə ki, Azərbaycan təşkilatın sədri kimi Qafqazda, xüsusən ərazimizdə hansısa ölkənin hərbi bazasının yerləşdirilməsinə imkan vermədi. Düşünürəm ki, Azərbaycan üçün ən önəmli məsələ Bloklara Qoşulmama Hərəkatının imkanlarından Qarabağ probleminin həllində istifadə etməsi oldu. Digər tərəfdən bu təşkilata üzv olan 120 ölkənin tam dəstəyini də əldə etdik. Həmçinin BMT prinsipləri ilə üst-üstə düşən Bloklara Qoşulmama Hərəkatının müddəalarına tam əməl olundu. Yəni insan hüquqlarına, xalqların ərazi bütövlüyünə və suverenliyinə hörmət, irqlərin və xalqların bərabərliyi, milli müstəqilliyin tanınması və digər məsələlərə tam şəkildə əməl olundu. Azərbaycan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin (Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı) icrasını da həyata keçirdi. Bununla da, həm BMT-yə, həm də Qoşulmama Hərəkatına əsaslanaraq sözügedən məsələləri reallaşdırdı”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*