Şirinov Məğrur İsgəndər oğlu 1 yanvar 1970-ci ildə Qubadlı rayonunun Saray kəndində anadan olub. 8-ci sinifə qədər Müskanlı kənd orta məktəbində oxuyub və 1987-ci ildə Qubadlı rayonunun Dondarlı kənd orta məktəbini bitirib.
KONKRET.az xəbər verir ki, həmin ildə Sumqayıt Politexnik Texnikumuna qəbul olunub. 1988-1990-cı ilərdə sovet hərbi xidmətində olub.
Xidməti başa vurduqdan sonra təhsilini davam etdirib, ardınca “Antenna” kiçik müəssisəsində əmək fəaliyyətinə başlayıb. Həmin illərdə ermənilərin separatçı əməlləri Məğrurun doğulduğu Qubadlıda da özünü göstərib.
Ona görə də Məğrur könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Milli Qəhrəman Əliyar Əliyevin taborunda xidmətə başlayıb. Qubadlının bir çox sərhəd kəndlərinin müdafiəsində iştirak edib. Rayonun Yazı düzü, Məlikəhmədli kəndi istiqamətində gedən qanlı döyüşdə yaralanıb. Xanlıq kəndindəki Hərbi hospitalda müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıdaraq döyüşlərə qatılıb. Məğrur Şirinovun doğma Qubadlıda başlayan döyüş yolu Ağdam və Füzuli rayonlarında da davam edib. Məğrur 1994-cü ilin yanvar-fevral aylarında Ağdam rayonunun kəndlərinin azad olması uğrunda gedən qanlı döyüşlərin fədakar iştirakçılarındandır.
1994-cü il mart ayının 19-da Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən qanlı döyüşdə xalqımızın məğrur və qəhrəman oğlu Məğrur İsgəndər oğlu ermənilərin canlı qüvvə və texnikasın məhv edərkən düşmən gülləsindən yayına bilməyərək qəhrəmanlıqla şəhid olub.
Subay idi. Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır.
Rövşən Murad,
KONKRET.az