Demokrat.az saytının baş redaktoru, tanınmış jurnalist Vasif Həsənli sosial şəbəkə hesabında Habil Vəliyevin azad olunması ilə bağlı yayılan müraciətə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, həmin müraciətə imza atanlar arasında yer alan Qulu Məhərrəmlinin adını xüsusi olaraq qeyd edib.
Vasif Həsənli yazıb ki, Qulu Məhərrəmli media cameəsində həmişə hörmət etdiyi simalardan biri olub. Bu münasibəti isə o, Qulu müəllimin daim jurnalistika prinsiplərini müdafiə etməsi və “reket jurnalistika”ya qarşı sərt mövqeyi ilə izah edib:
“Ən azı sözdə olsa da, bu haqda danışdığı üçün ona hörmət etmişik. Amma reket fəaliyyətinə görə həbs olunan Habil Vəliyevin müdafiəsinə ilk qoşulan şəxslərdən biri məhz Qulu Məhərrəmlidirsə, bu zaman suallar yaranır.”
V. Həsənli qeyd edib ki, əgər bir şəxs “reket jurnalistika”ya qarşı olduğunu bəyan edirsə, bu zaman reket fəaliyyəti ilə məşğul olan birisini müdafiə etməsi ziddiyyətli və inandırıcılıqdan uzaq görünür.
Baş redaktor vurğulayıb ki, əgər media sahəsində peşəkarlaşma və təmizlənmə həqiqətən arzu olunursa, bu zaman həmin məqsədlə qanunla nəzərdə tutulan cəza tədbələrini qəbul etmək də vacibdir. Lakin əksinə, cəmiyyətin media etikasını pozan şəxslərin müdafiəsinə imza atılması, bu prinsiplərin sual altına düşməsinə səbəb olur.
Sonda Vasif Həsənli Qulu Məhərrəmliyə xitabən bir sıra suallar ünvanlayıb:
-
“Siz, doğrudan nə istəyirsiniz, mövqeyinizdə səmimisinizmi?”
-
“Həm ‘reket jurnalistika’ya qarşı çıxıb, həm də reketləri müdafiə etməyi necə bacarırsınız?”
-
“Bunun adı eyni vaxtda ‘iki stulda oturmaq’ deyilsə, bəs nədir?”
Jurnalist əlavə edib ki, bu suallar cavabsız qalmamalıdır, çünki bu cür davranışlar cəmiyyətin medianın saflaşdırılması ilə bağlı inamına zərbə vurur.
Natiq Səlim,
KONKRET.az