Qurbağa ayağından və ilbizdən nə qədər qazana bilərik?backend

Qurbağa ayağından və ilbizdən nə qədər qazana bilərik?

“Avropa İttifaqı (Aİ) ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır”.

KONKRET.AZ bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib: “Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib”.

Qeyd edək ki, Azərbaycanda hələ bir neçə il öncə ilbiz və qurbağa biznesi yaradılıb. Məsələn, 2016-cı ildən Salyanda qurbağa ferması yaradılıb. Şirkət rəhbəri açıqlamasında bildirmişdi ki, ferma yaradılarkən Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirilib.

Ekspertlər bildirir ki, qurbağanın yalnız ayaqlarının icraçı heç də təsadüfi deyil. Tailand, Braziliya və Sinqapur əsas qurbağa ixracatçıları kimi tanınırlar. Onların bu işdən illik gəliri 100 milyonlara çıxıb.

Türkiyədə də 8 qurbağa şirkəti fəaliyyət göstərir. Məlumata görə hazırda Fransanın qurbağa ətinə olan tələbatının 80 faizindən çoxunu Türkiyə ödəyir. Fransanın ən elitar restoranlarında isə qurbağa əti çox populyardır.

O ki, qaldı ilbiz məhsuluna, ilk öncə onu qeyd edək ki, proteini yüksək, xolesterolu az olan, insana yüksək enerji verən ilbiz əti də bir çox xalqlar tərəfindən yeyilir. Ekspertlər bildirir ki, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir. Bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak olunur.

2017-ci ildən başlayaraq Azərbaycanda da ilbiz istehsal edilən şirkət yaradılıb.

Maraqlıdır, bu məhsulların istehsalı nə dərəcədə gəlirlidir? Azərbaycan bu məhsullarını Aİ bazarına kifayət qədər ixrac edə biləcəkmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Hələlik həcm olaraq çox kiçik həcmlərdən söhbət gedir. Ona görə də Azərbaycan iqtisadiyyatına, ümumilikdə ticarət dövriyyəsinə ciddi təsir göstərəcək səviyyədə deyil. Amma öz-özlüyündə bu onu sübut edir ki, Avropa bazarına çıxış əldə etməyi bacaran iş adamlarımız və bu xətlə Avropa ölkələrinə ixracat edə biləcək şirkətlər yaranıb ki, bu da pozitiv faktdır.

Lakin qeyd etdiyim kimi, hələlik həcmləri həddən artıq çox kiçikdir. Amma Avropa bazarında bu cür məhsullara tələbat çox böyükdür. Ona görə də bu sahələrin inkişaf etdirilməsində, Avropa Birliyində daha geniş ticarət əlaqələrin yaradılmasında yarar var. Bu ticarət münasibətləri genişləndikcə Azərbaycanda bu sahə ilə bağlı yeni iş yerlərinin yaranmasına, ixracat potensialı artdıqca ölkəyə əlavə valyuta gəlirlərinin daxil olmasına səbəb ola bilər.

Amma burada bir məsələ diqqət yayınmamalıdır – Avropa ölkələrinə müraciətə edən şirkətlər ciddi şəkildə sertifikatlaşamaya, keyfiyyət məsələlərinə diqqət edilməlidir. Çünki Avropa İttifaqı bazarı çox sərt bazardır, belə ki, həm sertifikatlaşma, həm də keyfiyyət ilə bağlı sərt qaydaları var. Əgər hər hansı bir problem olarsa sonradan həmin şirkətlərin yenidən Avropa İttifaqı bazarına məhsul satması problemə çevrilə bilər. Ona görə də iş adamlarımız da sivil dünyanın oyun qaydalarının öyrənməli, on uyğun öz işini qurmalıdır ki, daha çox məhsul ixrac etməyi bacarsınlar. Unutmaq olmaz ki, Aİ bazarı sözün yaxşı mənasında bahalı bazardır və ora məhsul ixrac etmək çox sərfəlidir. Ona görə də düşünürəm ki, bu sahələrin inkişafı ilə bağlı müəyyən işlər görülməlidir”.

Natiq Cəfərli qeyd etdi ki, ilbiz və qurbağa biznesi gəlirli sahədir: “Hər iki məhsul inkubator şəraitində yetişdirilir və onun maya dəyəri o qədər də böyük deyil. Çünki onun gen bazası kifayət qədər çox ucuzdur və böyük işçi qüvvəsi də tələb olunmur. Sadəcə keyfiyyətinə və qablaşıdırlmasına diqqət yetirilməlidir. Üstəlik Avropa bazarında milyardlarla dövriyyəsi olan məhsul növləridir. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*