Qurban bayramında kəsilən heyvanların ətinin düzgün şəkildə saxlanması həm sağlamlıq, həm də israfçılığın qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, qurban əti necə saxlanmalıdır?
Qida mütəxəssisi Ağa Salamov KONKRET.az-a açıqlamasında bildirib ki, qurban ətlərinin kəsimi sanitar-gigiyena qaydalarına uyğun şəkildə aparılmalıdır.
“Kəsildikdən sonra ət müəyyən müddət dinləndirilməlidir: xırdabuynuzlu heyvan ətinin 12, iribuynuzlu heyvan ətinin isə 24 saat dinləndirilərək istifadəyə verilməsi məqsədəuyğundur.
Ət ev şəraitində dinləndirildikdən sonra +2 ilə +4°C temperaturda olan soyuducuda maksimum 48 saat saxlanılmalı və bu vaxt ərzində ərzində istifadə olunmalıdır. Əgər əti uzun müddət saxlamaq istəyiriksə, onu -18°C temperaturda dondurmaq və bu şəraitdə 3 ayadək saxlamaq mümkündür”.
Ekspert qeyd edir ki, otaq temperaturunda aparılan emal prosesi çox uzun çəkməməlidir
“Məsələn, dolmanın bükülməsi, ətin doğranması və bişirilməsi 1-1,5 saat ərzində tamamlanmalıdır. Ət bişirildikdən sonra uzun müddət otaq temperaturunda saxlanmamalı, isti halda süfrəyə verilməlidir. Bu, ətin çirklənməsinin və qida zəhərlənmələrinin qarşısını almaq baxımından vacibdir”.
Aynurə İsmayıl
KONKRET.az