“Qurban bayramında kəsilən heyvanların ətindən istifadə zamanı bəzi mühüm qaydalara əməl olunması sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Qurban əti mütləq şəkildə mənşəyi bəlli olan, keyfiyyətli, baytar nəzarətindən keçmiş və dini qaydalara uyğun şəkildə halal niyyətlə kəsilmiş heyvanlardan əldə edilməlidir”.
Bu fikirləri sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında səsləndirib:
“Yeni kəsilmiş ət, xüsusilə də sərt və isti olduğu üçün dərhal istifadəsi həzm sistemində ağırlaşmalar və maddələr mübadiləsində pozulmalara səbəb ola bilər. Bu səbəbdən əti bişirməzdən əvvəl ən azı 5-6 saat soyuducuda saxlamaq tövsiyə olunur. Ən yaxşısı isə əti bir gün soyuducuda saxlayaraq sonra istifadə etməkdir. Bu, həm əzələ toxumasının rahatlaşmasına, həm də ətin daha ləzzətli olmasına şərait yaradır.
Qurbanlıq ətin bişirilməyəcək hissələri parçalara ayrılaraq, düzgün şəkildə saxlanmalıdır. Yay aylarına təsadüf edən bayram günlərində havanın temperaturu yüksək olduğu üçün ət daha tez xarab ola bilər. Bu baxımdan, onun soyuq şəraitdə saxlanılması vacib sayılır”.
Ekspert vurğulayıb ki, ətin bişirilməsi zamanı da bəzi qaydalara diqqət yetirilməlidir. Qurban ətinin öz yağında, az miqdarda su və duz əlavə olunaraq bişirilməsi daha məqsədəuyğundur.
“Ət sulu yeməklər, bozbaş, piti və souz kimi qidalarda da istifadə oluna bilər. Ətin yaxşı bişməsi, tərkibində mikrobların və parazitlərin qalmasının qarşısını alır.
Gigiyenik qaydalara da əməl etmək vacibdir. Ət doğranan lövhələr, taxtalar və bıçaqlar təmiz olmalı, çiy ətlə təmasdan sonra bişmiş qidaya və tərəvəzlərə toxunulmamalıdır. Bu, çarpaz çirklənmənin qarşısını almaq üçün önəmlidir.
Kabab hazırlanacaqsa, ətin bir gün saxlandıqdan sonra bişirilməsi daha faydalı sayılır”.
Aynurə İsmayıl
KONKRET.az