Qurban kəsməklə bağlı VACİB MƏQAMLAR: Əgər Allah tərəfindən qəbul olunmasını istəyirsinizsə, bunlara diqqət edinbackend

Qurban kəsməklə bağlı VACİB MƏQAMLAR: Əgər Allah tərəfindən qəbul olunmasını istəyirsinizsə, bunlara diqqət edin

“Ümumiyyətlə, halal və haram məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Yaradan Qurani-Kərimdə haram olan heyvanlarla bağlı hökmləri nazil edib. Eyni zamanda Peyğəmbərimiz (s.ə.s) bu hökmləri açıqlayıb və onların tətbiqini göstərib. Bu baxımdan, qurban ibadətinin mahiyyətini və onun ruhani dəyərini düzgün anlamaq vacibdir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli səsləndirib:

İlahiyyatçı Ağa Hacıbəyli “Din və cəmiyyət”in qonağıdır - 18.03.2022

“Qurban” sözü lüğəvi mənada “yaxın olmaq” deməkdir və “qərib” (yaxın) söz kökündən gəlir. Qurban kəsmək Allaha yaxın olmaq, onun qullarına yaxınlaşmaq, dostluğa, doğru yola və cəmiyyətə daha çox bağlanmaq anlamını daşıyır. Bu mənəvi yaxınlıq məhz qurban ibadəti ilə gerçəkləşə bilər. Əslində, qurban ibadətində ruhani dəyər daha önəmlidir. Qurban Bayramında əsas məsələ təkcə heyvanın kəsilməsi deyil, insanın nəfsini, pis niyyətlərini, kin və nifrətini içindən qoparıb atmasıdır.

Təbii ki, qurban heyvan üzərindən yerinə yetirilən bir ibadətdir. Amma bu ibadət özündə insanın digərlərinə hörmət etməsini, dəyər verməsini və zənginlə yoxsul arasında bir körpü qurulmasını ehtiva edir. Əgər biz qurbanı kəsdikdən sonra onu kilo-kilo satırıqsa, burada artıq ibadət ruhundan çox bazar qaydaları ön plana çıxır. Əgər qurbanı parçalayıb ehtiyacı olanlarla bölüşmək əvəzinə satmağa çalışırıqsa, etdiyimiz əməl sadəcə bu dünyada qalacaq və axirət üçün heç bir dəyəri olmayacaq”.

İlahiyyatçının sözlərinə görə, biz çalışmalıyıq ki, kəsdiyimiz qurbanları ehtiyacı olanlara paylayaq.

“Çünki Peyğəmbərimiz (s.ə.s) buyurur: “İmkanı olub qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın.” Qurban kəsilərkən “Bismillah” deyilir, heyvan üzü qibləyə yönəldilir və kəsildikdən sonra paylanılır. Amma qurbanın qəbul olunması üçün yalnız kəsilmə anı deyil, ona qədərki hazırlıq mərhələləri də düzgün şəkildə yerinə yetirilməlidir.

Həmçinin diqqət edilməli məqamlardan biri qurbanı bayram namazından əvvəl kəsməməkdir. Çünki bayram namazından əvvəl kəsilən heyvan qurban sayılmır. Bu, sadəcə heyvan kəsməkdir və ibadət hesab olunmur”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*