Quru əməliyyatı başlasa, İran, yoxsa ABŞ qalib gələcək? – MÜHÜM NÜANSLARbackend

Quru əməliyyatı başlasa, İran, yoxsa ABŞ qalib gələcək? - MÜHÜM NÜANSLAR

ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımları ilə bağlı gərginlik artdıqca, rəsmi Tehranın sərt bəyanatları və qarşılıqlı hədələr regionda yeni münaqişə ehtimallarını yenidən gündəmə gətirir. Xüsusilə, İran ordusunun rəhbərliyinin quru əməliyyatları ilə bağlı açıqlamaları bu ssenarinin nə dərəcədə real olduğunu müzakirə mövzusuna çevirib.

Bəs, İranın hərbi strategiyası fonunda bu ölkəyə qarşı genişmiqyaslı quru əməliyyatının başlanması nə qədər mümkün sayılır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, son aylarda tez-tez İrana qarşı quru əməliyyatların başlayacağı ilə bağlı iddialar səsləndirilsə də, bu ssenari praktik baxımdan inandırıcı görünmür:

Cavanşir Abbaslı

“Fevralın 28-dən indiyədək mütəmadi şəkildə quru əməliyyatların mümkünlüyü barədə məlumatlar yayılır. Lakin mən hər zaman vurğulamışam ki, ABŞ və onun əsas müttəfiqi İsrail İrana qarşı quru əməliyyatlara başlamağa nə maraqlıdır, nə də bu riski gözə alar. Çünki İran ərazisində belə əməliyyatların aparılması son dərəcə çətindir”.

Ekspert qeyd edib ki, İranın hərbi potensialı, xüsusilə də quru qoşunlarının say tərkibi bu cür müdaxiləni son dərəcə mürəkkəbləşdirir:

“İranın təxminən 1 milyona yaxın quru qoşunu var. Bu, kifayət qədər böyük rəqəmdir. Belə bir ölkəyə qarşı uğurlu quru əməliyyatı keçirmək üçün ən azı eyni miqyasda, yəni 1 milyonluq ordu ilə müdaxilə tələb olunur. ABŞ və müttəfiqlərinin bu qədər böyük canlı qüvvəni bölgəyə yeritməsi isə həm logistik, həm də siyasi baxımdan real deyil”.

Cavanşir Abbaslının sözlərinə görə, Vaşinqtonun strategiyası daha çox uzaqdan təsir imkanlarına – hava zərbələri, yüksək dəqiqlikli silahlar və texnoloji üstünlüyə əsaslanır:

“Hesab edirəm ki, ABŞ İrana qarşı mümkün qarşıdurmada quru qoşunlardan istifadə etməyəcək. Bu səbəbdən də genişmiqyaslı quru əməliyyatlarının şahidi olacağımız inandırıcı deyil. Mövcud şərtlərdə İran ətrafında belə bir ssenari faktiki olaraq mümkünsüz görünür”.

Beləliklə, ekspertin qiymətləndirməsinə görə, rəsmi Tehranın sərt bəyanatlarına baxmayaraq, regionda quru müharibəsi ehtimalı aşağı olaraq qalır və tərəflər daha çox alternativ hərbi alətlərə üstünlük verirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*