Qusar rayonunda “Vətən sevgisi bizi birləşdirir” adlı tədbir keçirildi – FOTOLARbackend

Qusar rayonunda "Vətən sevgisi bizi birləşdirir" adlı tədbir keçirildi - FOTOLAR

28 iyul 2020-ci il tarixində Qusar rayonunda rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə “Vətən sevgisi bizi birləşdirir” adlı tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə erməni vandalizminə qarşı Azərbaycanda yaşayan bütün xalqların vahid düşüncəsini əks etdirən fikirlər səsləndirilib, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizənin əhəmiyyətindən danışılıb, Azərbaycan və ləzgi xalqlarının tarixi dostluğu haqqında fikirlər səsləndirilib.

Tədbiri giriş sözü ilə açan rayon ziyalısı Neva Abdurahmanova son günlərdə Tovuz istiqamətində gedən döyüşlər nəticəsində Azərbaycanın igid oğullarının şəhid olması ilə ölkə əhalisinin kiçikdən-böyüyə səfərbər olaraq Vətənə, Orduya, Dövlətə dəstək olmaq istəyinin vacibliyindən, habelə dünyada yaşayan soydaşlarımızın dinc yürüyüşlərinin qarşısının erməni diasporlar tərəfindən müdaxilələrlə alınmasının, respublikamızda yaşayan xalqlar arasında Vətənə olan məhəbbətə kölgə salmaq istəkləri, ermənipərəst qüvvələrin təxribatları haqqında geniş məlumat verib.

Tədbir iştirakçıları olan rayon ziyalıları və ağsaqqallar – C.Nurməmmədov, V.Mehdixanov, D.İbamxəlilov, S.Xəlilov, V.Sevzixanov, X.Nağıbəyova, F.Qacabəyov və digərləri respublikamızın həssas dönəmində gərəksiz təxribatlara uymadan, bütün məsələlərin siyasi və hüquqi müstəvidə həllinin vacibliyinə, informasiya müharibəsində tutarlı, əsaslandırılmış fikirlərlə düsmənin susdurulmasının gərəkliliyindən və qusarlıların hər zaman Ali Baş Komandanımıza, dövlətçiliyimizə sədaqətlə bağlı olduqları haqqında fikirlər səsləndiriblər.

Tədbir sonrası Qusar şəhər sakini Neva Abdurahmanova tərəfindən Ləzgi ictimaiyyətinə müraciət səsləndirilib.

“Əziz soydaşlarımız, dəyərli Vətən övladları!
Bu gün mən Sizlərə Vətənimizdə və onun hüdudlarından kənarda yaşayan Ləzgi ictimaiyyətinin nümayəndələri olaraq Azərbaycanımızın dilbər güşəsi olan doğma Qusarımızdan müraciət edirəm

Əziz bacı və qardaşlarım!

Qoynunda doğulub böyüdüyümüz Ana qədər bizlərə doğma olan Vətənimizin sevinci sevincimiz , kədəri isə kədərimizdir. Məlumdur ki, Vətənimizin 20 faizdən çox torpaqları erməni qəsbkarları tərəfindən işğal olunmuş, minlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatını yaşamağa məhkum edilmişdir. Müharibə və ağır döyüşlərdə yüzlərlə vətəndaşımız yaralanmış, əsir düşmüş , şəhid olmuşdur. Biz qusarlılar da bu mübarizədə xəyanətkar düşmənin mənfur niyyətlərinə qarşı dönməz iradəmizi və birliyimizi hər zaman nümayiş etdirmişik. Son günlərdə Tovuz istiqamətində baş verən döyüşlər bütün ölkə əhalisi kimi biz qusarlıların da sonsuz hiddətinə səbəb olaraq, böyükdən kiçiyə hər kəsin vətənpərvərlik duyğularını dilə gətirdi .Ölkə Başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyən hər bir Vətən sevdalısı kimi qusarlı gənclər də Milli Qəhrəmanlarımız Fəxrəddin Musayevi, Sərdar Səfərovu, Çingiz Qurbanovu və digərlərini nümunə götürərək silaha sarılmağa hazır olduqlarını bildirdilər. Bir vaxtlar Qanlı Dərədə ermənilərə qarşı savaşda birləşən babalarının yolu ilə gedən gənclərimiz mənfur düşmənə qarşı döyüşməyi özlərinə şərəf bilirlər.
Mən əminəm ki, vətəninə bağlı dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimizin də qəlbi bu amal uğrunda döyünür. Üçrəngli Azərbaycan bayrağını uca tutan hər bir qusarlı bu gün dünyaya səslənərək , müstəqil dövlətimizin təəsübkeşləri kimi erməni vandalizmini lənətləyir.

Əziz ləzgi ictimaiyyətinin nümayəndələri!

Mən bir ana, bacı kimi bu gün Sizlərə səslənərək xahiş edirəm ki, ölkəmizdə və onun hüdüdlarından kənarda bizi sevməyən qüvvələrin təxribatlarına uymayaq. Dostu düşməndən ayırd edək. Hər zaman torpağa, dövlətə bağlılığımızı əməllərimizlə sübut edək. Biz bir yumruq olaraq birləşməli, aramıza nifaq salmaq istəyən hiyləgər, xain düşmənləri susdurmalıyıq. Bu bizim Ana Vətənimiz qarşısında vicdan borcumuzdur .
Biz Vətəni qorumağı namus qədər, həyat qədər önəmli bilirik. Biz daima doğruların yanındayıq. Çünki biz Ölkəmizi və Dövlətimizi sevir və dəstəkləyirik. Bu sevgimizə kölgə salmaq istəyənlərə cavabımız qılıncdan da kəsərlidir. Canımız da, qanımız da Vətənimizə fədadır.

Əziz ləzgi ictimaiyyətinin nümayəndələri!

Mən əminəm ki, hər biriniz fikirlərimlə həmrəysiniz. Vətən Sizlərə arxalanır. Vahid düşmənlərimizə qarşı öz mövqeyinizi vətənpərvər Azərbaycan oğulları və qızları kimi qoruyun! Biz erməni faşizminə ağlımızla, zəkamızla, silahımızla, birliyimizlə qalib qələcəyik!”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*