Azərbaycanın 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması təkcə erməniləri, onların havadarlarını məyus etməyib. Görünən odur ki, daxilimizdəki radikal müxalifətin qalıqları da analoji məyusluq hissini yaşamaqdadır. Bu sırada yer alanları narahat edən isə daha çox Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin tarixi Qələbədən sonra daha da artan nüfuzudur. Və siyasi ehtirasları bu insanların gözünü elə kor edib ki, Azərbaycanın qələbəsinə belə sevinə bilmirlər. Kin, qısqanclıq bu adamları Azərbaycanın uğurlarına şad olmaq hissindən tam məhrum edib. Öz dövlətinə qənim kəsilməyin başqa adımı olur?
Belə düşüncəyə malik adamlardan biri də AXCP sədri Əli Kərimlinin diktəsi ilə oturub-duran Tofiq Yaqubludur. Adam bütün gücünü Azərbaycanın tarixi qələbəsinə ləkə vurmağa yönəldib. Hər cür iftiraya baş vurur. Sosial şəbəkələrdə yazdığı şərhlərdə, statuslarda müharibənin Putinin ssenarisinə uyğun baş verdiyi,
Ermənistanın tam təslim olması ərəfəsində “stop” düyməsinin basıldığı kimi cəfəng iddialarla ictimai rəyi çaşdırmağa çalışır. Öz aləmində müharibənin indiki nəticələrinin əldə olunmasında Prezident İlham Əliyevin heç bir rolunun olmadığını isbat etməyə çalışan Yaqublu ən sərt fikirləri hakimiyyətin ünvanına səsləndirmək üçün bütün qüvvəsini sərf etməkdədir.
Onun bu fikirlərinə cavab verməmək olardı. Amma insan nə qədər reallıq hissini itirmiş olar ki, belə düşüncə sahibi olsun. Bunu hansısa sadə vətəndaş desəydi düşünmək olardı ki, nəyisə dərk edə bilmir. Lakin özünü hakimiyyətin ən qatı əleyhidarı hesab edən siyasətbazlardan birinin belə sayıqlamalarına seyrçi qalmaq olmur.
Adam anlamaq iqtidarında deyil ki, 30 ilə yaxın idi torpaqlar işğal altında idi. Bir kəndi belə ala bilmirdik. Rusiya nə vaxt bizə torpaq qaytarmaq niyyətində olub ki? Əgər belə bir ssenari var idisə niyə Rusiya bunu əvvəlki dövrlərdə etmirdi? Və ya 44 günlük müharibədə, elə indinin özündə də Rusiyanın Ermənistana verdiyi dəstəyi necə görməzdən gəlmək olar?
Hərbi əməliyyatlar zamanı Azərbaycanın yanında olan, bizə hər cür dəstək verən Türkiyə, o cümlədən İsrail, Pakistan və başqa dost ölkələr Yaqublu və onun kimilər qədər bilmirlərmiş… Bilsəydilər ki, bu hazır ssenaridi, burada yer almazdılar… Gülünc deyilmi?!
Azərbaycan torpaqlarını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri öz qanı, canı hesabına işğaldan azad edib. İlham Əliyev qətiyyətlə, böyük əzmkarlıqla hərbi əməliyyatlara rəhbərlik edib, prosesin qələbə ilə başa çatmasına nail olub. Azərbaycan Ordusu 3 minə yaxın şəhid verib. İndi bu cür yaramaz mövqe tutmaqla şəhidlərin ruhunu belə təhqir etməyinizin fərqində deyilmisiniz?
Sizlər, heç vaxt İlham Əliyevin 7 rayonu, Qarabağın tacı olan Şuşanı cəmi 44 günə işğaldan azad edəcəyini gözləmirdiniz. Belə rəy yaradırdınız ki, mövcud hakimiyyət heç vaxt Qarabağı azad etməyəcək. İllərdir bu yalan üzərində qurulan təbliğatınız suya düşüb. Hələ də Azərbaycanın ərazi bütövlüyünü məhz İlham Əliyevin təmin etdiyini həzm edə bilmirsiniz. Qarabağı azadlığına qovuşduran İlham Əliev tezliklə onu regionun ən abad, cənnət guşəsinə çevirəcək. Bütün Azərbaycan vətəndaşları o günü gözləyir.
Guya sizin kimilər Rusiya sülhməramlılarının gəlməsindən narahat olublar. İndi də sülhməramlıların nəzarətində olan ərazilərlə bağlı şaiyələr yayırsınız. Prezident nə etdiyini yaxşı bilir. Bir müddət sonra həmin ərazilərdə də Azərbaycan bayrağının dalğalandığını görəcəksiniz. Bu gün Putin hər müsahibəsində Dağlı Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edirsə, sizi bu qədər narahat edən nədir?
Nə qədər çamur atsanız belə İlham Əliyev öz adını tarixə Şuşanı və digər ərazilərimizi azad edən sərkərdə kimi yazdırıb. Bu reallığı yalan və böhtanlarla dəyişmək mümkün deyil! Bu bir zirvədir və həmin zirvəyə ucalmaq İlham Əliyevə nəsib olub. Azərbaycanı hələ uzun illər idarə etməyə tam haqqı çatan lider də məhz İlham Əliyevdir!
Ənənəvi yollarla, hakimiyyəti korrupsiya, ofşor zonalara pul ötürməkdə ittiham etmək kimi çeynənmiş fikirlərlə heç nəyə nail ola bilməyəcəksiniz. Proseslər sübut etdi ki, həmin vəsaitlər hansısa korrupsiya layihələrinə deyil, məhz Azərbaycanın özünə güclü və ən müasir silahlar almasına yönəldilib. Dünyanın güclü ordularından biri qurulub. Azərbaycan Ordusunun əslində hansı və kimlərin hər cür dəstək verdiyi ordunu məğlub etdiyini siz də yaxşı bilirsiniz. Təkcə Ermənistan məğlub olmayıb… Sadəcə içinizdəki kin, gözünüzü kor edən nifrət həqiqəti deməyə və ya ən azı susmağa imkan vermir.
Yaqublunun Azərbaycan Ordusunun Rusiyadan yararsız silahlar alması fikri kifayət edir ki, nə qədər dayaz düşüncə sahibi olduğu görünsün. Bütün dünya Azərbaycan Ordusunun istifadə etdiyi müasir silahlardan danışır, bunlar isə cəmiyyətə bu cür yaramaz və başdan-ayağa yalan fikirlər ötürməklə məşğuldurlar. Bütün dünya, hətta ermənilər belə Azərbaycan Ordusunun, onun Ali Baş Komandanının gücünü, Qələbəsini etiraf edib. Amma bizim bəzi radikal ünsürlər yox… Bu ermənidən də betər bir xüsusiyyətə malik olmaq demək deyilmi?
Və ən nəhayət, Azərbaycan hakimiyyəti sizin iddia etdiyiniz kimi diktatura prinsipləri üzərində qurulsaydı, ağlınıza və ağzınıza gələni yaza bilməzdiniz. Diktatura Ermənistandakı kimi olur. Amma sizin gözünüzə nədənsə onlar görünmür…
Hakimiyyətdəki çatışmazlıqlara gəldikdə isə, bunun olduğunu heç kim inkar etmir. Və hansısa çatışmazlıq bütün siyasi hakimiyyətlərin fəaliyyətində olur. Yaqublunun təmsil edildiyi siyasi düşərgə vaxtilə hakimiyyətdə olanda boğaza kimi problemin içərisində idi- Qarabağ problemi də bura daxildir. Fərq odur ki, o zamankı iqtidarın bacarmadığı islahatları, işləri hazırkı hakimiyyət mərhələ-mərhələ həyata keçirib və keçirməkdədir.
Elman Babayev,
əməkdar jurnalist