Ramazan Kurtoğlu: “Çin işğalı fonunda Pentaqon qələbəyə yaxındır və Putinə güvənmək olmaz”backend

Ramazan Kurtoğlu: "Çin işğalı fonunda Pentaqon qələbəyə yaxındır və Putinə güvənmək olmaz"

“Qlobal oyun yeni başlayır. Bu hələ harasıdır ki? COVİD-19 ilə yalandan qorxutdular. Əsas oyun 2024-cü ildə ABŞ Prezident seçkilərində kimin qələbə qazanacağından asılıdır”.

KONKRET.az xəbər verir ki, bunu öz şərhləri ilə Türkiyədə sevilən akademik, iqtisadçı ekspert Ramazan Kurtoğlu bildirib. Kağan Kurt təxəllüsü ilə həm də məqalələr müəllifi olan ekspert qeyd edib ki, dünyanın aqibəti Amerikada dövlətçi, yaxud dünyəvi cinahın hakimiyyətə gəlişi ilə aydınlaşacaq:

“Tramp qələbə qazanarsa, qlobal pul siyasətindəki mübarizə daha da sərtləşəcək. Ümumiyyətlə, 21 kitab müəllifiyəm, Pentaqon tənqidçisi kimi tanınıram. Amma hazırda Pentaqon qələbəyə daha yaxındır”.

Kurtoğlunun fikrincə, hazırda 1 imperialist dövlətin təsirindən çıxmaq digərinə möhtac qalmağa oxşayır. Ekspertin dediklərinə görə Qərbi – Britaniya və ABŞ-ı Şanxay Əməkdaşlıq Təşkilatına dəyişmək olmaz. Çünki ŞƏT tələdir:

“Çin 44 Afrika ölkəsini borclandıraraq özündən asılı vəziyyətə salıb. Qərb Pakistanı sıxışdırmaqla axmaqlıq edib. Çin də limanlardan birini 44 illik kirayəyə götürüb Kabilə yol çəkir. Şanxay Əməkdaşlıq Təşkilatı imperializmin başqa növüdür. Türkiyə Səlcuq və Osmanlı dönəmindən bu yana Qərbə meyilli olub. Onlarla savaşmağı da bilirik, ona görə də Qərbə meyillənsək, yaxşıdır. Türkiyə Qərb və Şərqlə taraz siyasi kursu mükəmməl reallaşdırır. Amma indiki geosiyasi masada hamının açılmayan bir kartı var. Almaniya rusun, Fransa çinlinin əlinə oynayır. Türkiyə isə İngiltərə-Çin cinahına daha yaxın dayanıb.

Putin isə heç bir qütbdə deyil və hər iki cinahdan özünün imperialist məqsədləri naminə istifadə etmək niyyətindədir.

Fikrimcə, Türkiyə də Əbdulhəmid və Atatürk siyasətinə geri dönməlidir”.

Burada söhbət “düşmənimin düşməni mənim dostumdur” taktikasından gedir. Türkiyə indi də bəzən bu siyasətdən istifadə edir:

“Amma Putinə güvənmək olmaz. Çünki Yunanıstan-Türkiyə gərginliyinin arxasında Putin də var. Suriyadakı əməliyyatlarımızı da Putin əngəlləyir. Amma indi Türkiyə ilə Rusiya dost ölkə sayılır. Bu dostluq isə bıçaq sümüyə dirənənə qədər mümkündür”.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*