backend

Ramiz Mehdiyev haqqında ən güclü arqument budur - ŞƏRH

Onlar öz məqamlarını gözləyirlər

Xalqımızın nəcibliyini, ucalığını və mərhəmətini göstərən çox sayda məsəl var. Onlardan biri “Yıxılana balta vurmazlar” ifadəsidir. Bu sözlər insanı zəif duruma düşənlərin qəniminə çevrilməməyə səsləyir.

Amma bu ifadənin də ünvanını və mahiyyətini səhv salanlar varmış. Bu boyda gör-götür dünyasından, qüvvələrin nəyə qadir olduqlarını, hansının kimə, nəyə və haraya xidmət etməsi aydınlığa çıxandan sonra da belə halla qarşılaşmaq təəccübləndirir və təəssüfləndirir. Adama deyərlər ki, el-obaya gələn ümumxalq bəlası zamanı qanunu pozmuş və cəzalandırılmış yaxınlarına görə sərt ictimai qınaqla üzləşmiş vəzifəli şəxsi “yıxılan” adlandırmaq olarmı? Qətiyyən!

26 il ölkənin baş idarəçilik ofisində az qala ikinci şəxs sayılan vəzifəlinin meydana qanun pozucusu kimi çıxmasını “balta vurmaq” kimi dəyərləndirmək olarmı?

Tutaq ki, vaxtilə həmfikir olduğu layiqsizə vəzifə tutması üçün təqdimat verdikləri şəxs onun barəsində danışanda bu, kimdəsə qıcıq yaradır. Amma buna görə onu “yıxılan” obrazında görmək olarmı? Təbii ki, yox.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü kimi vəzifələr daşıyan şəxsi “yıxılan” adlandırmaq nə deməkdir?

Əlbəttə, hər kəsin müdafiə olunmaq, söz və ifadə azadlığı hüququ var. Amma 26 il ölkənin idarə olunmasında yer alan bir zatın haqlı tənqid hədəfinə çevriləndən sonra cavabdeh olduğu sahələrin bərbad durumda olmasını dilə gətirməsini bağışlamaq olarmı? Belə siyasətçiyə inkişaf etmiş Qərb ölkələrində qulaq asan tapılardımı? Xeyr. O, sərt ictimai qınağa tuş gələr, yumşaq desək, dərhal və birdəfəlik tarixin arxivinə gömülərdi.

Bəlkə ailə üzvləri ilə birlikdə qanunu pozan akademiki cərimə olunması üçün məhkəmə qarşısına çıxararaq həbs ediblər? Yenə də xeyr. O, qanuna hörmət etməsə də, onun ahıl yaşına hörmət olunub. Elə isə, bu zatın nəyi “yıxılan” və “balta vurulan” obrazı kimi dəyərləndirilməlidir?

Ramiz Mehdiyevin vaxtilə özünü əhatə etdiyi və meydana çıxmağa rəvac verdiyi yaltaqlar ordusunu bir kənara qoyaq. Zatən onlardan heç kimə fayda yoxdur. İstənilən adamı, istənilən an satmağa, tapdalayıb keçməyə hazırdırlar. Yüksək mənəvi dəyərlər onlar üçün yazılmayıb.

Bu günlərdə ən maraqlısı və qəribəsi müxalifətin bu məsələyə yanaşmasıdır. Dünənə qədər Ramiz Mehdiyevi Rusiyanın əsas adamı, ölkədəki bütün bəlaların müəllifi, islahatların qarşısını kəsən div, məkrli, intriqaçı “kardinal Rişelye” kimi qələmə verən müxalifətçilər bu gün az qala onun müdafiəçilərinə çevriliblər. Ramiz Mehdiyevin hakimyyət nümayəndələri üçün “demoralizasiya” amili olduğunu vurğulayır, hakimiyyətdəki vəzifəliləri oxşar tale ilə “qorxudurlar”.

Gözləmək olardı ki, dövlətimizin müstəqilliyi uğrunda Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə və qətiyyət məhz müxalifət qüvvələrini sevindirməlidir. Çünki onlar həmişə bu iradənin ortaya çıxmasını görmək istədiklərini bildirirdilər. Hazırda həmin iradə və qətiyyət faşist və işğalçı mahiyyətli Ermənistanı silahlandıran Rusiyadan cavab tələb edir, Azərbaycanla Türkiyənin birliyinin daha da güclənməsinə çalışır, Türkiyənin silahlı qüvvələrinə Azərbaycan ordusu ilə birlikdə təlim keçməsinə şərait yaradır.

Bəli, ölkəmizdə sosial-iqtisadi problemlər hələ çoxdur, rifah halımız hələ də istədiyimiz səviyyədə deyil, məmur özbaşınalıqları adamların başında çatlayır, işsizlər ordusunun daha da artmasına səbəb olur. Buna lazımi reaksiyaların olmaması insanları ruhdan salır.

Amma indi Azərbaycan oğlu deyil, Rusiya əlaltısı olmaqdan şərəf duyanlar  vəzifələrindən uzaqlaşdırılır və öz doğma dövlətimizin maraqlarına xidmət edənlərlə əvəzlənirlər. Xarici İşlər, Təhsil nazirliklərinə yeni təyinatların artıq müsbət cücərtiləri görünür. Erməni quldurların etiraz aksiyası keçirən diaspor üzvlərimizə hücum etdiyi dönəmdə Prezidentin köməkçisi Hikmət Hacıyev Kanada televiziyasında səmimi çıxışı ilə soydaşlarımızı qürurlandırır, xarici siyasət idarəsinin başçısı Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında sanballı çıxışı və suallara diplomatik cavabları, Hikmət Hacıyevin Ermənistanın intensiv silahlandırılması ilə bağlı Rusiya tərəfinin izahının Azərbaycanı tam qane etmədiyini açıqlaması İlham Əliyev komandasının gücünü nümayiş etdirir. Prezidentin bütün köməkçiləri bir-bir jurnalistlərin qarşısına çıxaraq birbaşa efirdə sualları cavablandırırlar, ictimai rəyin nəzərə alınması getdikcə daha çox sezilir, ölkədəki ictimai-siyasi durumun yumşaldılması yönündə siyasi və ictimai təşkilatlarla fikir mübadiləsi aparılır.

Media sahəsinin üzərindən Ramiz Mehdiyev–Əli Həsənov basqısı götürülüb, kütləvi informasiya vasitələrinin tənqidi süjetləri və məqalələri işıq üzü görür. Bu mənada, İctimai TV-də aparılan tok-şoularda və digər verilişlərdə səslənən tənqidi və plüralist fikirlər, tanınmış simaların yenidən efir-ekrandan görünmələri, xəbərlərdə gedən tənqidi süjetlər böyük maraq kəsb edir.

Və bu məqamda müxalifət deyil, güclü iradənin ortaya çıxmasını qətiyyən istəməyən, özlərini hakimi-mütləq sayan (hərçənd ondan deyillər!) qüvvələr ölkə başçısının komandasının gördüyü işlərə xələl gətirmək istədilər. Gah müəmmalı müsahibə verməklə, gah da sərt karantin şəraitində təntənəli toy etməklə, qanunla cəzalandırıldıqda isə bəyanatlar vasitəsilə müqavimət göstərməklə hakimiyyətə meydan oxuduqlarını hesab edirlər. Ən gülməlisi odur ki, bütün bunları görkəmli dövlət xadimi Heydər Əliyevin yoluna və Prezident İlham Əliyevin apardığı siyasətə sadiq qaldıqlarını bəyan edərək “gözə kül üfürürlər”. Onlara inanmaq olarmı? Əsla yox!

Məsələ heç də kiminsə vəzifə tutmasında və ya itirməsində deyil. İndi hər kəs anlayır ki, qlobal pandemiyanın doğurduğu nəticələri aradan qaldırmağa çalışan hakimiyyət eyni zamanda kadr islahatlarını aparmaq, hakimiyyət daxilində problemlərin qalmasında və təxribatların baş verməsində maraqlı olan qüvvələrdən təmizlənmək, Ermənistanın dövlət sərhədlərimizə hücumlarının, Qarabağda hərbi təxribatlarının, ən əsası isə Rusiyanın, dünyadakı erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin basqı və təzyiqlərinin qarşısını almaq və sair məsələlərin həlli ilə məşğuldur. Amma elə sınaqlarla dolu bu mərhələ bizə dövlət müstəqilliyimizi qorumaqla yanaşı, həm də ərazi bütövlüyümüzü bərpa etmək imkanları aça bilər.

Yaranmış vəziyyətdə bir çoxlarının səsi çıxmır. Meydanda tək-tük vicdanlı adamların səsi eşidilir. Nazim Hikmətin təbirincə desək, sən sussan, mən sussam, biz sussaq, necə çıxar qaranlıqlar aydınlığa? Cəmiyyətimiz yaranmış duruma susmamalı, birmənalı olaraq müstəqil dövlətimizin yanında olmalıdır. Bu həssas məqamda Ata Abdullayevə bənzər “qüvvəçiklər”in ortalıqda görünüb suyu bulandırmalarına, insanları qıcıqlandırmaqlarına, hakimiyyətin nüfuzuna xələl gətirmələrinə də ehtiyac yoxdur.

Onsuz da təcrübəli yaltaqlar ordusu mövqe bildirməyə tələsməyəcək. Buraya R.Mehdiyev–Ə.Həsənov tandeminin vaxtilə dövlətin müxtəlif strukturlarda, o cümlədən media quruluşlarında yerləşdirdikləri yarıtmaz adamlar da daxildir. Onlar öz məqamlarını gözləyirlər və hadisələrin necə başa çatacağını izləyirlər. Qeyri-müəyyənlik bitən kimi yaltaqlar danışmaq üçün növbəyə düzüləcək, revanşistlərin tör-töküntüləri “ləbbeyk” deyib baş əyəcəklər.

Allah müstəqil dövlətimizi və millətimizi belə qüvvələrdən qorusun!

 

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*