Telefonuma gələn zəngə cavab verirəm. Uşaqlıq dostum Bahadırdır. Salamlaşdıqdan sonra dərhal mətləbə keçir:
– Baxdın?
– Nəyə? – deyə cavab verirəm.
– “BBC NEWS Azərbaycanca” kanalını deyirəm, baxmamısan?
– Yox, nə var ki, orada?
– Rasim Balayevdən müsahibə götürüblər, imkan olsa ona bax.
Əslində, həmin internet kanalında yayımlanan verilişin bəzi hissələrindən xəbərdar idim və əsəblərim sözümə baxmadığından sona qədər izləyə bilməmişdim. Dostumun israrından sonra dişimi dişimə sıxıb təkrar baxmağa qərar verdim.
Əvvəlcə kadrda özünü “mələk” qiyafəsində təqdim edən “şirindilli” xanım görünür. Qonağı isə xalq artisti, aktyor Rasim Balayevdir. İnsafən, müsahibəyə pis başlamır. Amma söhbətə get-gedə fitil qoyan aparıcı xanım hər cümləsində öz məqsədinə nail olmağa çalışır. Deyəsən, Rasim Balayev də müsahib kimi elə-belə seçilməyib. Sonrakı dəqiqələrdə verilişin yönü dəyişdirilir və siyasi müstəviyə keçilir. Daha doğrusu, verilişin ruhuna yad sual-cavab başlayır. Hiss olunur ki, söhbətə şirin dillə start verən aparıcının məqsədi tamam başqadır. Xalq artistini təxribata çəkib, onu xalqın adından danışmaqda ittiham etmək üçün bütün “yaradıcılıq imkanları”nı səfərbər etməyə çalışır. Xanımın Rasim Balayevin sifətinə dayanması, əvvəlcədən ötürülən suallarla sənətkarın əsəblərini tarıma çəkməsi xüsusi işlənən ssenariyə oxşayır.
Ömrünü Azərbaycan kinosuna həsr edən bir nəfərin orden almasından siyasi məqsədlər üçün istifadə edən bir qrup adamın xalq artistinin ətrafında yaratdığı şounun əvvəlcə sosial şəbəkələrdə, daha sonra isə internet televiziyalarında tirajlanması da sıradan bir hadisə deyil. Onun Prezident İlham Əliyevlə görüşdə: “Zəmanəmizin Babəki sizsiniz, biz sadəcə obrazı canlandırırıq” deməsini bir qrup adam həzm edə bilmir. Bəlkə Rasim Balayev müqayisədə yanlışlığa yol verib, bəlkə o, səhv düşünür? Ərazilərimizi otuz illik işğaldan azad edən Sərkərdəni Rasim müəllim bəs kiminlə müqayisə etməliydi? Azərbaycan tarixində işğal edilən ərazilər nə vaxt və kimlər tərəfindən azad olunub? Bəlkə üç il əvvəl, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan tarixində xarici qəsbkarların bizdən oğurladıqları torpaqların bir metrini kimsə qaytara bilib? Təpədən-dırnağa ziyalı olan Rasim Balayev də nə dediyinin fərqindədir və öz fikrini çox böyük ustalıqla ifadə etməyi bacarıb. Əslində aparıcının təxribatçılığından əsəbiləşən xalq artisti ona ünvanlanan sualların hansı məqsədlər üçün səsləndirildiyini də yaxşı bilir.
Biz də bu sualların arxasında hansı məqsədlərin dayandığını çox gözəl bilirik. “BBC NEWS Azərbaycanca” internet kanalının kimlərə xidmət etdiyi və məramı gün kimi aydındır. Bəzi qüvvələrin əlində siyasi alətə çevrilən bu kanalın Rasim Balayevə çamur atması və siyasi gündəmi xalq artistinin üzərinə cəmləşdirmək planı ölkədə ictimai rəyi çaşdırmağa hesablanıb. Azərbaycan Respublikasının Prezidentindən orden almağa dəvət olunan Rasim Balayevdən “BBC NEWS Azərbaycanca”nın tələb etdiyi ziyalı mövqeyi necə olmalıydı? Bu “ağıllı” adamların təbirincə, aktyor prezidentlə bir neçə dəqiqəlik görüşdə problemlərdən danışmalıydı? Rasim Balayev isə ürəyindən keçən ən səmimi sözləri ölkə başçısına söylədi. Xalqın cənab Prezidenti dəstəkləməsini, ona olan inamı ifadə etdi. Həmin gün Rasim Balayev həddindən artıq səmimi idi. Hisslərini aydın ifadə edirdi.
“BBC NEWS Azərbaycanca”nı da qıcıqlandıran məhz bu amillər idi. Rasim Balayev “BBC NEWS Azərbaycanca”nın efirində də səmimi idi. Xalq artistinin ətrafında yaradılan bu süni şounun arxasındakı qüvvələr sənətkarın bəzi sözlərini əldə bayraq etməyə çalışırlar. Amma onlar anlamırlar ki, Azərbaycan kinosunun canlı korifeyi harada nəyin, necə deyilməsini lap gözəl anlayır və onun şəxsiyyətinə də çamur atmaq heç kimə yaraşmaz.
“BBC NEWS Azərbaycanca”nın əsəb gətirən verilişinə baxandan sonra dostuma zəng etdim.
Dəstəyi götürən kimi:
– Baxdın? – deyə soruşdu.
– Bəli, baxdım, Bahadır, amma bir hadisə yadıma düşdü. İcazə ver, onu sənə danışım, – dedim.
Dostum məni dinlədiyini bildirdi. Mən böyük türk şairi Nazim Hikmətlə bağlı bir əhvalatı Bahadıra danışdım.
Nazim Hikmət Bursada həbsdə olan zaman ədliyyə işçiləri şairə əziyyət verirmişlər. Şair isə onlardan birinə yaxınlaşıb deyir:
– Ömər Xəyyamı tanıyırsan?
Nəzarətçi tərəddüd etmədən:
– Ömər Xəyyamı tanımıyan var? – deyə şairə çəmkirir.
Nazim Hikmət isə təmkinini pozmadan yenə dillənir:
– Ömər Xəyyamın dövründə həbsxana məmurları kim idi, deyə bilərsənmi?
Nəzarətçi:
– Haradan bilim? – deyir.
– Vaxt olacaq, gələcək nəsillər məndən danışacaq, Bursa həbsxanasındakı nəzarətçiləri isə heç yada salan olmayacaq, – deyə Nazim Hikmət bildirir.
Bəlkə də həmin vaxt nəzarətçi Nazim Hikmətin nə dediyinin fərqində deyildi. Amma indi Bursa həbsxanasındakı həmin ədliyyə işçilərini heç kim xatırlamır. Nazim Hikmət isə bütün tarix boyu yaşayacaq.
Dostum nə dediyimi anladı və bir neçə dəqiqə susdu.