“Redaktə mütləq şəkildə aparılmalı idi, çünki…” – İTV-nin Paşinyanla müsahibəsinə SƏRT REAKSİYAbackend

"Redaktə mütləq şəkildə aparılmalı idi, çünki..." - İTV-nin Paşinyanla müsahibəsinə SƏRT REAKSİYA

İctimai TV əməkdaşının Paşinyandan müsahibə götürməsi, erməni baş nazirin də Azərbaycanın mövqeyinin səhv və haqsız olduğunu deməsi birmənalı qarşılanmayıb. Sanki biz Paşinyana azərbaycanlılara üz tutaraq, ölkələrinin yürütdüyü siyasətin səhv olduğunu başa salması üçün platforma təqdim edirik. Bəs bu, nə qədər doğrudur?

Mövzunu KONKRET.az-a politoloq Cavanşir Abbaslı şərh edib:

Cavanşir Abbaslı

“Əvvəlcə qeyd edim ki, bir jurnalist üçün ölkə rəhbərindən və ya hökumət başçısından müsahibə almaq böyük uğur sayılır. Bu baxımdan İctimai Televiziyanın əməkdaşının cəhdi təqdirəlayiqdir”.

Lakin məsələnin digər tərəfi də var:

“Dünya mediasında “montaj” və ya “redaktə” anlayışı kifayət qədər mühüm yer tutur. Düşünürəm ki, Paşinyandan müsahibə alan əməkdaşın təmsil etdiyi televiziya kanalı bu açıqlamaları mütləq şəkildə montaj etməli, yəni bəzi hissələri efirə verməməli idi. Bu, media praktikasında tamamilə normal və qəbulolunan bir yanaşmadır. Redaktə mütləq şəkildə aparılmalı idi. Təəssüf ki, yayımlanan kadrları izlədikdə bu prosesin yetərincə aparılmadığını görürük.

İlk baxışda bu peşəkar uğur kimi görünə bilər. Lakin ardınca bu uğurun düzgün idarə olunmaması vəziyyəti kökündən dəyişir. Paşinyanın fikirlərini ifadə edəcəyi kifayət qədər beynəlxalq platforması var. Lakin rəqib ölkənin rəhbərinin məhz Azərbaycanın dövlət mediasında bu formada danışması və həmin fikirlərin olduğu kimi təqdim edilməsi onun üçün daha üstün platformaya çevrilir. Bu isə qəbuledilməzdir və qınanmalıdır”.

Politoloq qeyd edir ki, məsələyə Yayım Şurası da münasibət bildirməli, hətta zərurət yaranarsa, tənbeh xarakterli qərarlar qəbul etməlidir:

“Başqa bir mühüm məqam da budur: xalqımız Paşinyanın ittiham dolu fikirlərini xarici media orqanından yox, məhz öz dövlət televiziyasından eşidir. Bu təbii ki, çox üzücüdür. Necə ola bilər ki, Paşinyanın açıq-aşkar ittihamları Azərbaycan cəmiyyətinə bu şəkildə təqdim olunur? Bu hal haqlı narazılıqlara səbəb olub və həmin narazılığı dilə gətirənləri qınamaq düzgün olmaz.

Əlbəttə, müsahibəni alan əməkdaş üçün bu, peşəkar baxımdan uğurlu addım idi. Ölkə rəhbərindən açıqlama almaq istənilən media qurumu üçün böyük nailiyyətdir. Hər bir media orqanının öz redaksiya siyasəti və kursu var. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin də öz informasiya siyasəti var və bu siyasətə uyğun hərəkət edilməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*