“ABŞ-ın ermənipərəst mövqeyi əlbəttə ki, rəsmi Bakının narazılığına səbəb olmuşdu. Son dövrlər erməni lobbisinin fəallaşması, Azərbaycanı tamamilə başqa bir məcrada təqdim etməsi də münasibətlərdə gərginliyi bir qədər artırırdı”.
Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib:
“Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirməsi, ardınca Rusiyanın Ermənistana hansısa embarqo tətbiq etməsi kontekstində ABŞ və Ermənistan hökumətlərarası komissiyanın məsləhətləşməsinin nəticəsi olaraq bir neçə maddəlik tədbirlər planının yaradılması, ABŞ rəsmilərinin Azərbaycana səfər etməməsinə dair tövsiyələr, Azərbaycan rəsmilərinin ABŞ-a səfər etməməsi ilə bağlı müəyyən yanaşmalar, 907-ci düzəlişlə bağlı məsələlər əlbəttə ki, çox problematik idi.
Hətta nəzərə almaq lazımdır ki, ABŞ 3-cü sektoru da işə qarışmışdı. Azərbaycana qeyri-konstruktiv münasibət QHT-lər və media sektorunda da özünü göstərməkdəydi. Yaranan problemlərin aradan qaldırılması əhəmiyyətli məsələ kimi görünür.
Çünki Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Bölgədəki heç bir nəqliyyat və enerji layihəsini ölkəmizdən kənarda yaratmaq mümkün deyil. Azərbaycanla təhdid və təzyiq dilində danışmaq da mümkünsüzdür. Azərbaycan prezidenti öz prinsipial mövqeyini, siyasi iradəsini nəinki ABŞ-a, digər dövlətlərə münasibətdə də sərgiləyib.
Biz bunu Rusiya, İran və Fransa ilə münasibətlərlə də göstərmişik. Uğurlu nəticələrə dair çoxsaylı nümunələr var. Bunu görən ABŞ Dövlət katibi Entoni Blinken bir gündə həm Azərbaycan, həm də Ermənistan liderinə telefon açdı və “hər şey əvvəlki kimi ola bilməz” tezisi aktuallaşmadı. Və bildirildi ki, bu cür yanaşmalar münasibətlərə kölgə salır. Azərbaycan prezidenti həm də onu qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində 70 günlük fasilə yaranıb. Azərbaycan sentyabr ayında öz təkliflərini irəli sürsə də, 70 gün ərzində bunun cavabı verilməyib. Hazırda Azərbaycan təkliflər üzərində işləyərək sülh müqaviləsinin imzalanmasında maraqlıdır. ABŞ-ın geopolitik müstəvidə Cənubi Qafqaz uğrunda mübarizəsinə baxmayaraq, Azərbaycanın maraqlarından kənar hansısa konfiqurasiya formalaşdıra bilməz. Hazırkı reallıqlar hamını qane etməlidir, hər kəs bununla hesablaşmalıdır”.
Vəli Həsənov,
KONKRET.az