Regionların sosial-iqtisadi inkişafı üçün hansı işlər görülür? – AÇIQLAMAbackend

Regionların sosial-iqtisadi inkişafı üçün hansı işlər görülür? - AÇIQLAMA

Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafında ölkənin bölgələrinin sosial-iqtisadi potensialının artırılması böyük rol oynayır.

Bunun üçün hökumət tərəfindən regionların inkişafına dəstək məqsədi ilə davamlı olaraq müxtəlif proqramlar həyata keçirilir. Bunların fonunda regionların inkişafına dair dövlət proqramları və strateji planlar bu sahədə davamlı inkişafa şərait yaradır. Son illərdə aparılan genişmiqyaslı islahatlar, xüsusilə infrastruktur layihələri və investisiya təşviqi proqramları, ölkənin hər bir bölgəsində iqtisadi aktivliyi artırır.

Xüsusilə, düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həm infrastruktur, həm də sosial-iqdisadi işlər sürətlə aparılır, regionun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir.

Artıq gözlə görünən bir faktdır ki, bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkənin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu, ölkənin dayanıqlı inkişafının zəruri şərtlərindəndir.

Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur.

Sosial inkişaf dedikdə əhalinin rifah səviyyəsinin və firavanlığının yüksəldilməsi nəzərdə tutulur. İqtisadi inkişaf isə ölkə miqyasında istehsal və istehlakda kəmiyyət və keyfiyyət irəliləyişlərini əks etdirir. Bunlar bir-biri ilə sıx bağlıdır.

Azərbaycanda həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul edilmişdir.

Mövzunu politoloq Züriyyə Qarayeva KONKRET.az-a şərh edib.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Azərbaycanın dayanıqlı inkişaf strategiyalarının mühüm istiqamətlərindən biri regionların sosial-iqtisadi inkişafının təşviqidir. Bu siyasət balanslı inkişafın təmin olunması, Bakı mərkəzçiliyinin azaldılması, regionlarda yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları” çərçivəsində ölkənin bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri icra olunmuş, yollar çəkilmiş, qazlaşdırma səviyyəsi artırılmış, içməli su layihələri reallaşdırılmış və elektrik enerjisi təchizatı yaxşılaşdırılmışdır. Eyni zamanda, sənaye məhəllələrinin və aqroparkların yaradılması, kənd təsərrüfatının stimullaşdırılması və kiçik və orta sahibkarlığın dəstəklənməsi regionlarda iqtisadi fəallığın artmasına səbəb olmuşdur”.

Politoloq qeyd edir ki, sosial sahədə də ciddi irəliləyişlər müşahidə olunur: yeni məktəblər, xəstəxanalar, mədəniyyət evləri tikilmiş, internetə çıxış və rəqəmsal xidmətlər genişləndirilmişdir. Eyni zamanda məşğulluğun artırılması və əhalinin sosial rifahının təmin olunması üçün dövlət tərəfindən sosial müdafiə tədbirləri görülür.

“ Bu təşəbbüslər sayəsində regionların iqtisadi potensialı artır, əhalinin məskunlaşdığı yerlərdə həyat şəraiti yaxşılaşır, daxili miqrasiyanın qarşısı alınır və ümumilikdə Azərbaycanın davamlı və inklüziv inkişafı təmin edilir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri də regional inkişaf siyasətinin davamı kimi strateji əhəmiyyət daşıyır”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*