“Fransanın, dolayısı ilə Avropa İttifaqının Ermənistanı silahlandırması onların Cənubi Qafqaz siyasəti ilə bağlıdır. Aİ və Fransanın məqsədi Rusiyanı bölgədən sıxışdırmaqdır”.
Bunu KONKRET.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib. Bildirib ki, indi Ermənistan Rusiyanın yerini Fransanın tutmasına çalışır: “Bu, yalnız Rusiya ilə bağlı məsələ deyil. Eyni zamanda, kollektiv Qərb bölgədə Ermənistan və Gürcüstanı öz tərəfinə çəkərək, Azərbaycanı təkləməyə çalışır. Azərbaycan və Türkiyə müttəfiqliyinə qarşı mübarizə aparır. Bununla da Aİ bir daha göstərir ki, regionda sülhdə maraqlı deyil. Buna görə də Ermənistanı silahlandırır və gələcək qlobal rəqabətdə türk faktorunu zəiflətmək üçün Azərbaycan və Türkiyə hədəfə alınır”.
O.Qasımov hesab edir ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyə görə Çini və Orta Asiyanı Avropaya bağlayan əsas nəqliyyat qovşağıdır. Bu baxımdan Azərbaycanın və Türkiyənin zəiflədilməsi onların qarşısında duran ən əsas vəzifədir: “Bu həm də Rusiya məsələsidir. Qeyd etdiyim kimi, kollektiv Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Eyni zamanda, Azərbaycan hədəfə alınıb və plan uzaq perspektivə hesablanıb. Bu baxımdan Fransanın göndərdiyi silahlar bütün hallarda Azərbaycana qarşı yönələn addımdır və bölgədə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə vurulan ciddi zərbədir”.
Daha sonra silahların Gürcüstan üzərindən daşınmasına toxunan ekspert bildirib ki, burada bir neçə faktor əsas rol oynayır: “Gürcüstanın atdığı bu addım Azərbaycan cəmiyyətində təəssüf hissi doğurub. Bildiyiniz kimi, Gürcüstan 44 günlük müharibə zamanı beynəlxalq hüquqa və qonşuluq münasibətlərinə uyğun addımlar ataraq, öz ərazisindən Rusiya silahlarının Ermənistana göndərilməsinin qarşısını aldı. Ondan sonrakı dövrdə Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı. Son bir ildə Azərbaycan və Gürcüstan rəhbərləri üç dəfə görüşüblər. Bu görüşlərdə sülh və sabitliyin bərqərar olmasına dair birgə fəaliyyətlər, o cümlədən, regionu nəqliyyat, logistika mərkəzinə çevirməklə bağlı anlaşmalar həyata keçirilir. Bu baxımdan Gürcüstanın son addımı təəccüb doğurur. Burada müxtəlif faktorları da nəzərə almaq lazımdır. Əsas faktor Gürcüstan hakimiyyətində bəzi qərbyönlü siyasətçilər, xüsusilə də Gürcüstan prezidenti Saloma Zurabaşvilinin mövqeyidir. Bu qadın Azərbaycana neqativ münasibəti ilə seçilir. İkincisi, o, Fransada doğulub və 2005-ci ilə qədər bu ölkənin vətəndaşı olub. Hazırda Qərb dairələri Gürcüstan üzərindən siyasətini məhz Zurabaşvili vasitəsilə həyata keçirməyə çalışır”.
Politoloq əlavə edib ki, əslində Azərbaycan – Ermənistan münaqişəsi bitəndən sonra bu cür ehtimallar irəli sürülürdü: “Güman edilirdi ki, Qərb Azərbaycana qarşı yalnız Ermənistan kartından deyil, Gürcüstan faktorundan da istifadə edəcək. Gürcüstanda vəziyyəti qarışdıraraq hökuməti dəyişməyə çalışacaqlar. Bildiyiniz kimi, Gürcüstan hökuməti ilə Qərb arasında Rusiya müharibəsindən sonra soyuqluq yaranmışdı. Hazırda Qərb tərəfindən Gürcüstan şirnikləndirilir.
Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilir və bundan başqa onlara vəd edilən 2 milyard 600 milyon dollarlıq yardım paketi də gündəmdədir. Çox güman ki, Azərbaycan və Gürcüstan rəhbərləri bu istiqamətdə optimal yollar tapacaq. Davamlı şəkildə Qərbin Ermənistanı silahlandırması davam edəcəksə, bununla bağlı bizim priventiv addımlarımız olmalıdır və ilk növbədə Ermənistanın işğalı altında olan anklav kəndlərimizin qaytarılması məsələsi prioritetə çevrilməlidir. Əgər biz Qazaxın yeddi kəndini geri qaytara biləriksə, o zaman Gürcüstanı Ermənistanla bağlayan yol məhz bizim ərazilərimizdən keçdiyindən həmin silahların Ermənistana buraxılmasına da ciddi şəkildə əngəl törədə bilərik”.
Vəli Həsənov,
KONKRET.az