Repetitorluq fəaliyyətinə yaranan ZƏRURƏT – Xarici təcrübə nə deyir?backend

Repetitorluq fəaliyyətinə yaranan ZƏRURƏT - Xarici təcrübə nə deyir?

Cəmiyyətdə ən çox müzakirə edilən, əsasən, narazılıqla qarşılanan fəaliyyətlərdən biri də repetitorluqdur. Əvvəlki yazımızda yerli ekspertlərlə repetitorluq fəaliyyətinin mənfi tərəfləri, buna zərurət və qarşısının alınması istiqamətlərindən söz açmışıq. Bəs bu istiqamətdə xarici təcrübə necədir?

 

Türkiyənin Qazi Universitetinin doktorantı, təhsil eksperti Şəhla Aslan KONKRET.az-a açıqlamasında bildirib ki, Türkiyədə repetitorluq işini “dershane”lər edir:

“Azərbaycandakı özəl kurslar kimi hazırlıq keçirlər. Orta məktəbin son siniflərində universitet imtahanlarına hazırlaşmaq üçün şagirdlər rəsmi dərs saatlarından sonra “dershane”lərə gedirlər. Lakin Azərbaycandan fərqli bir nüans var burada: şagirdlərin orta məktəblərdə, liseylərdə oxuduqlarına dair davamiyyət məcburiyyəti var. Mütləq şəkildə rəsmi dərslərdə iştirak edilməlidir. “Dershane”lər də bu üzdən əsasən axşam saatlarında – rəsmi dərs saatından sonra xidmət göstərir”.

Ekspert qeyd edib ki, başqa bir durum isə ondan ibarətdir ki, orta məktəbi bitirdikdən sonra – liseyə (8-12 siniflər) başlayan şagirdlər “dershane”lərə gedəcəklərsə, “Açık lise” seçirlər. “Bu məktəblər distant təhsil verir. Şagird rəsmi olaraq orada oxuyur, lakin universitet imtahanlarına “dershane”lərdə hazırlaşır. “Açık lise”nin verdiyi məzuniyyət sənədi ilə ənənəvi təhsil verən lisenin sənədi eyni hüquqa malikdir”.

Ş.Aslanın sözlərinə görə, Azərbaycan və Türkiyə təhsil sisteminin ortaq problemi məhz imtahan mərkəzli olmasıdır: “Şagirdlər imtahanlar səbəbi ilə yarışdırılır: kim daha çox bal toplayacaq və ya imtahanda neçənci olacaq?! Buna görə də şagirdlər imtahanlarda test üsulu ilə suallara mexaniki hazır olmaq üçün çalışırlar. Repetitorluq adi hala çevrilir. Bu sistemlə günün tələblərinə uyğun vətəndaş yetişdirmək olar?! Mümkün deyil.
Bu baxımdan, təhsil idarəçiləri bu sual ətrafında ciddi düşünməlidirlər: bizə informasiya daşıyıcıları lazımdır, ya o informasiyaları tətbiq edə bilən vətəndaşlar? Keyfiyyətli vətəndaş yetişdirmək üçün ciddi təhsil siyasəti yaratmaq lazımdır.

Yaradıcılığın üzə çıxması, tənqidi təfəkkürün formalaşması, problemli situasiyalarda həll yolu tapa bilmək, müstəqil qərar verə bilmək qabiliyyəti və s. Bütün bunlara keyfiyyətli təhsil mühitində yiyələnmək mümkündür. Təhsil sistemində lazımi mühit yaranmadığı müddətdə vətəndaş yetişdirmə problemi hakim olacaq. İnkişaf etmiş ölkələrin bu işi necə həyata keçirdiyini araşdırmaq, örnək almaq işin xeyrinə olar. Söz yox ki, təhsil sistemindəki ciddi boşluqlar aradan qaldırılmayınca, repetitorluq kimi bir çox problemlər daha da böyüyəcək. Yenə də imkanlı ailələrin uşaqları əlavə hazırlıqlara gedib müvafiq imtahanlarda iştirak edə biləcək, maddi imkanı zəif ailələrin övladları isə təhsildən kənarda qalacaq. Belə olan təqdirdə təhsildə bərabər imkanlardan danışmaq mümkün deyil”.

Ekspert hesab edir ki, valideyn dərsdənkənar vaxtlarda əlavə xarici dil və ya bacarıq öyrənməsi üçün övladını müəllim yanına göndərirsə, bu, normaldır: “Lakin orta məktəbdə rəsmi fənn müəllimi olan birisinə dərsdən sonra eyni mövzuları təkrar əzbərlətməsi üçün 100 AZN ödənməsi anormallıqdır. Hesab edirəm ki, orta məktəb şagirdi hansısa müəllimi tərəfindən əlavə hazırlığa getməyə məcbur edilir və direktorun bundan xəbəri var, lakin göz yumursa, bu, peşəyə, pedaqoji fəaliyyətə xəyanət, həm də dövlətin verdiyi səlahiyyətdən sui-istifadədir. Bəs o qədər büdcəni dövlət təhsilə niyə ayırır ki?! O baxımdan hesab edirəm ki, məsələ ilə bağlı ciddi addımlar atılmalıdır”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*