“Rəsmi Ankara 8 kəndin Azərbaycana qayıtmasını gözləyir” – Türkiyəli ekspertlə GÜNDƏMbackend

"Rəsmi Ankara 8 kəndin Azərbaycana qayıtmasını gözləyir" - Türkiyəli ekspertlə GÜNDƏM

“Düşünürəm ki, yaxın perspektivdə Türkiyə sülh danışıqları çərçivəsində işğal altındakı 8 kəndin Azərbaycana qaytarılması üçün bütün lazımi addımları atacaq”.

Bu sözləri Azərbaycan və Cənubi Qafqaz üzrə türkiyəli siyasi ekspert Mehmet Gökhan KONKRET.az-a müsahibəsində deyib.

Ekspertlə müsahibəni təqdim edirik:

– Mehmet bəy, Qarabağdakı ermənilər öz istəkləri ilə bölgəni tərk etməsinə rəğmən, beynəlxalq təşkilatlar prosesləri fərqli dəyərləndirərək Azərbaycana qarşı əsassız təzyiq formalaşdırmağa çalışırlar. Hətta öz xoşları ilə gedən erməniləri “qaçqın” adlandırırlar. Amma onların bir çoxunun xarici ölkə vətəndaşı olduğu ortaya çıxıb. Azərbaycan isə vətəndaşlığımızı qəbul edəcək ermənilərin Qarabağda yaşamasına müsbət yanaşdığını bəyan edir. Bütün bunların fonunda ölkəmizə qarşı baş verənləri necə dəyərləndirirsiniz?

– Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər qazanmaqla işğal altındakı torpaqlarını azad etdi. Aradan keçən 3 il ərzində isə Ermənistan sülh danışıqlarında səmimi davranmadı, davamlı şəkildə təxribat törətdi və qanunsuz erməni silahlı dəstələri tərəfindən bölgədə basdırılan minalar nəticəsində Azərbaycan şəhidlər verdi. Nəticədə Azərbaycan Ordusu 19 sentyabrda Qarabağda lokal antiterror əməliyyatı həyata keçirdi. 24 saatdan qısa müddət ərzində Qarabağ tamamilə terrorçulardan və separatçılardan təmizləndi. Bununla da Azərbaycan bir daha zəfər qazandı.

Lakin rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə sülh şəraitində təhlükəsizlik bir şəkildə bölgədə yaşaya biləcəyini açıqladı. Buna baxmayaraq, bölgədəki ermənilərin böyük əksəriyyəti Ermənistana köçdülər. Azərbaycanın müsbət addımlarına rəğmən, beynəlxalq təşkilatların son bəyanatları və hətta Qarabağdan köçən ermənilərin “qaçqın” adlandırılması bölgəyə sülhün gəlməsini əngəlləmək və problemlərin davam etməsi məqsədi daşıyır. Bunun başqa adı yoxdur. Bəzi xarici qüvvələr ermənilərin bölgədən zorla çıxarıldığını iddia edərək, müəyyən hədəflərinə nail olmağa çalışırlar. Lakin Azərbaycan tərəfi Qarabağı könüllü tərk edənlərə də belə heç bir problem çıxarmayıb, hətta onlara pulsuz benzin verib.

Hazırda da Qarabağın sürətli şəkildə yenidən qurulması və inkişaf etdirilməsi üçün Azərbaycan tərəfindən bir çox böyük layihələr həyata keçirilir. Artıq hər kəs bir daha anlamalıdır ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

– Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Həmin anklavkarın ölkəmizə qaytarılması üçün Türkiyənin hansı diplomatik addımları atması gündəmə gələ bilər?

– Bəli, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfərində də bu məsələ gündəmə gəlmişdi. Rəsmi Ankara hər zaman olduğu Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan edərək dəstəyini hiss etdirir. Cənubi Qafqaza sülh və sabitliyin gəlməsi üçün Türkiyə də hər fürsətdə addımlar atır.

Bununla yanaşı, bölgə problemlərini region dövlətlərinin iştirakı ilə həll etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə “3+3” platforması qurulub. Artıq bu formatda Moskva və Tehranda görüşlərin də keçirildiyini qeyd etmək lazımdır. Növbəti toplantı isə gələn il Türkiyədə keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu toplantılar çərçivəsində də rəsmi Ankara Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və qardaş ölkənin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Düşünürəm ki, yaxın perspektivdə Türkiyə sülh danışıqları çərçivəsində işğal altındakı 8 kəndin Azərbaycana qaytarılması üçün bütün lazımi addımları atacaq.

– Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin probleminin həll olunması üçün Fələstin dövlətinin yaranmasının lazım olduğunu deyib. Kremlin Fələstin dövlətinin yaranması üçün açıq çağırışlar etməsinin əsl səbəbi nədir?

– İsrail-Fələstin cəbhəsində yaşananlar nəticəsində Qərb blokuna daxil olan ölkələr İsrailin yanında olduqlarını, Türkiyə, Rusiya, İran kimi ölkələr isə Fələstinə dəstəklədiklərini açıqlayırlar. Rusiya Prezidenti Vladimir Putinin Fələstin torpaqlarının müxtəlif zamanlarda İsrail tərəfindən işğal edildiyini deməsi və ötən günlərdə HƏMAS heyətinin Moskvada qəbul edilməsi də diqqət çəkir. Əslində Rusiya Yaxın Şərqdəki hədəflərinə görə İsrail-HƏMAS arasında gedən müharibəni fürsət kimi görür.

Nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiyanı davamlı mühasirəyə alma siyasəti bir müddətdir dayanıb. Çünki Yaxın Şərqdə hər kəs İsrail-Fələstin cəbhəsinə fokuslanıb. Buna görə də Rusiya Ukrayna müharibəsinin diqqətdən kənar qalmasından istifadə edərək bir müddət rahat nəfəs ala biləcək. Hesab edirəm ki, Kreml bu səbəbdən diqqəti Fələstin məsələsinə çəkmək istəyir.

– Son zamanlarda dünyanın müxtəlif yerlərində müharibələrin yaşandığını görürük. Növbəti müharibənin hansı bölgədə olacağını düşünürsünüz?

– Hazırda dünyanın müxtəlif yerlərində toqquşmaların və müharibələrin yaşanmasına şahidlik edirik. Şərqlə Qərb arasındakı güc rəqabəti Asiyada da müharibə ehtimalını gündəmə gətirir. Xüsusilə, Çin və ABŞ arasındakı rəqabət getdikcə qızışır. Hətta bir neçə gün öncə ABŞ və Çin qırıcı təyyarələri Çin dənizində qarşı-qarşıya gəldilər. Üstəlik, rəsmi Vaşinqton Yaponiya, Avstraliya, Yeni Zelandiya ilə ittifaq quraraq Pekini təhdid edir. Hesab edirəm ki, İsrail-HƏMAS müharibəsi başa çatdıqdan sonra Şərqi Asiya bölgəsində yeni müharibənin yaşanma ehtimalı çox yüksəkdir.

– Xüsusilə, Çin-Tayvan və Şimali Koreya-Cənubi Koreya cəbhəsində müharibə ehtimalları artmaqdadır. ABŞ-ın da hər iki bölgəyə hərbi gəmilər göndərməsi diqqət çəkir. Yəni yaxın gələcəkdə Tayvan və ya Koreyada müharibə baş verə bilərmi?

– Əslində Çinlə Tayvan arasındakı gərginlik ABŞ-ın müdaxiləsi ilə bəzi dönəmlərdə daha da artır. Rəsmi Pekin Tayvan məsələsinin həlli üçün sülh yollarını təklif etsə də, Çinin hərbi gəmilərinin adanın ətrafında olması gərginliyin yüksəlməsinə səbəb olur. Bununla yanaşı, ABŞ-ın da bölgədəki varlığı və Tayvanı dəstəkləyən bəyanatlar verməsi proseslərin yaxın gələcəkdə Çin-Tayvan müharibəsinə doğru getməsini qaçılmaz edir. Amma ümid edirik ki, belə bir müharibə olmaz və problemlər bir an əvvəl həll olunar. Onu da qeyd etmək lazımdır ki, ehtimal olunan Çin-Tayvan müharibəsi böyük bir fəlakətə yol açar və dünya iqtisadiyyatına ciddi zərbə vurar.

Həmçinin, Şimali Koreya və Cənubi Koreya cəbhəsində də son zamanlarda ciddi gərginlik yaşanır. Rusiyanın Şimali Koreya ilə münasibətlərinin çox yaxşı olması, Kim Çen Inın Moskvaya səfəri xüsusi vurğulanmalıdır. İsrail-HƏMAS müharibəsi nəticəsində isə Cənubi Koreyanın sərhəd razılaşmasını dayandırması və sərhəddə həyəcan təbili çalması bölgədə gərginliyi daha da artırıb.

Lakin hazırda bütün diqqətlər İsrail-Fələstin cəbhəsində olduğu üçün yaxın zamanda Koreyada müharibə ehtimalı görünmür. Sadəcə Yaxın Şərqdə müharibənin dayanmasından sonra Asiya bölgəsində Şərq-Qərb rəqabəti çərçivəsində yeni müharibələrin çıxma ehtimalı ola bilər.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*