Rusiya Qırğızıstan hakimiyyət orqanlarının əli ilə Qazaxıstana təzyiq göstərməyə çalışır. Səbəb Rusiyaya paralel idxal və ikili təyinatlı malların tədarükü ilə bağlıdır. Qeyd edək ki, Qazaxıstan Rusiyaya qoyulan sanksiyalara görə ara-sıra Moskvanı qıcıqlandırır.
Ekspertlər hesab edir ki, rəsmi Moskva Astanaya təzyiq etmək üçün Bişkekdə mövcud olan yeganə rıçaqdan – Şu və Talas çaylarından su təchizatının kəsilməsindən bəhrələnəcək.
Əgər Qırğızıstan Prezidenti Sadır Japarov Moskvanın tərəfinə keçib öz hədələrini reallaşdırmağa çalışarsa, bu, beynəlxalq səviyyədə ciddi münaqişə təhlükəsi yarada bilər. Çünki bu halda Qırğızıstan transsərhəd çaylardan istifadə ilə bağlı mövcud beynəlxalq hüququ pozmuş olacaq və Özbəkistan da bu su yollarından qismən asılıdır.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin ortalarından Mərkəzi Asiyada su problemi kəskinləşib və ölkələrin hakimiyyət orqanları kövrək su balansını qorumaq üçün sıx əməkdaşlıq edir.
Şirin su çatışmazlığı bu region üçün çox ciddi problemlər yaradıb. Əsas su arteriyaları – Amudərya və Sırdərya çayları əhəmiyyətli dərəcədə dayazlaşıb ki, bu da Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın sosial-iqtisadi inkişafı ilə bağlı bütün planları təhlükə altına qoya bilər.
2023-cü ildə Qırğızıstan artıq su qıtlığı ilə üzləşib və bu, ölkənin hakimiyyət orqanlarını enerji sektorunda “fövqəladə rejim” tətbiq etməyə məcbur edib.
Hazırda Qırğızıstanın üstünlüyü odur ki, Qazaxıstanın asılı olduğu çay axını tənzimləyən bənd və su anbarlarına xidmət göstərən bütün texniki imkanlar sözügedən ölkənin ərazisində yerləşir. Rəsmi Bişkek hər an ağrılı su problemindən təzyiq rıçaqı kimi istifadə etmək niyyətindədir. Eyni zamanda, Qırğızıstan bu təzyiq rıçaqından ilk dəfə deyil, istifadə etmək niyyətindədir. Belə ki, 2018-ci ildə Şu çayında su ehtiyatlarının idarə olunması ilə bağlı tərəflər razılığa gələ bilmədi. Həmin ildə suyu kəsmək hədəsi səslənsə də, sonradan hər iki ölkə üçün məqbul olan razılaşmalara nail ola bildilər və 2022-ci ildə Qırğızıstan hakimiyyəti su təchizatını dayandırdı. Nəticədə Qazaxıstanın cənubundakı Jambıl vilayətinin iki rayonunda 49 min hektar suvarılan torpaqlar susuz qaldı. Su təchizatının dayandırılması ilə bağlı heç bir xəbərdarlıq edilmədiyinə görə Qazaxıstan bu bölgədə demək olar ki, bütün tərəvəz məhsulunu itirdi.
Transsərhəd çaylardan istifadə məsələsi Qazaxıstan tərəfindən BMT platformasında qaldırıla bilər. Xatırladaq ki, ABŞ və bir sıra Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya məhdudiyyətləri tətbiq etməsindən sonra ilkin olaraq Qazaxıstan, Qırğızıstan və Ermənistan bir növ nəqliyyat və logistika qovşağına çevrilmişdi.
Keçən ilin sonuna paralel idxal nəticəsində Rusiyaya 20 milyard dollar dəyərində 2 milyon tondan çox mal idxal edilib. Ən böyük həcmdə dost olmayan dövlətlərdən mallar Qazaxıstan ərazisindən keçib; xüsusən də reeksportda ən böyük artım maşınqayırma və elektronika ilə bağlı kateqoriyalarda müşahidə olunub. Rusiya maşınqayırması üçün zəruri olan yarımkeçiricilərin, qabaqcıl çiplərin və inteqral sxemlərin təkrar ixracı 300 dəfədən çox artıb. 2023-cü ilin aprelində Qazaxıstan ölkədən idxal və ixrac edilən məhsulların qeydiyyatı sistemini işə salıb ki, bu da malların sərhəddən sərhədə qədər bütün hərəkət zəncirini real vaxt rejimində izləməyə imkan verir. Rusiya ilə paralel idxaldan faydalanan Qazaxıstan sanksiyaların tətbiqinə daha məsuliyyətlə yanaşmaq məcburiyyətində qalıb.
Doğrudur, Qazaxıstan Rusiya-Ukrayna münaqişəsinə cavab olaraq Moskvaya qarşı tətbiq edilən sanksiyalara əməl etmək niyyətini dəfələrlə bəyan edib.
Rusiya tərəfi də öz növbəsində mövcud arqumentlərlə razılaşaraq, Qazaxıstan hakimiyyətinə heç bir rəsmi iddia irəli sürməyib. Lakin görünür, rəsmi Moskvanın real mövqeyi bəyan ediləndən fərqlidir. Öz təsir rıçaqlarından istifadə etmədən Rusiyadan daha çox asılı olan Qırğızıstan rəhbərliyi vasitəsilə Qazaxıstana təzyiq göstərməyə cəhd etmək qərara alınıb.
KONKRET.az-ın ANALİTİK QRUPU