Ritorikanızı dəyişin, Əhəd müəllim!backend

Ritorikanızı dəyişin, Əhəd müəllim!

Xatırlayırsınızsa, 2016-cı ilin noyabrında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Kolumbiyanın bayrağı əks olunmuş maketi yumruqla qırması müzakirələrə səbəb olmuşdu.

Hətta məsələ barədə Kolumbiya mətbuatı da yazmışdı.Məqalədə Ə.Abıyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.

Məqalədə qeyd olunur: “Əhəd Abıyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abıyev əsgərlərin qarşısında “şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus olduğunu anlayan Ə.Abıyev məyus olub. Həm də bilməlidir ki, Ə.Abıyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır”.

İcra başçısı məsələyə belə aydınlıq gətirmişdi: “Bu rayon ictimaiyyətinin, 460 hərbçinin gözü qarşısında baş verib. O qədər insan erməni bayrağı ilə Kolumbiya bayrağını tanımayıb? Erməni bayrağı iki üzlü şiferin üstündə çəkilib. Bir tərəfi də solğun. Bu qədər camaatın gözü kordur? Onlar istəyirdi ki, bayrağı səhnəyə gətirib ayaq altına atıb tapdalasınlar. Mən də belə səhnənin olacağını bilmirdim. Tribunadan dedim ki, saxlayın. Düşdüm tribundan bayrağı fırlatdım, ayaqlarını göyə qaldırdım, başını da aşağı, sonra da yumruqla düz istədiyim yerdən yumruqladım. Erməni bayrağını da düz tutarlar? Bu, şərəfsizlikdir. Erməninin başını aşağı qıçların da yuxarı tutmaq lazımdır”.

Ə.Abıyev “şifer”i yumruqlayan zaman əlindən də xəsarət almışdı: “Əlim əzildi, həkim çağırdılar, sarıdılar, sonra da rentgen elətdirdim. Bakıda yaşayan ermənilər var, siyasi oyunbazlıq edirlər, bunu başqa yerə yozurlar. Guya mən Kolumbiya bayrağını yumruqlamışam. Burada Kolumbiyadan söhbət belə gedə bilməz. Mən ermənilərin Azərbaycan bayrağı ilə qadınlarımızın ağacdan asıldığını görmüşəm. Bəlkə mənim qədər Qarabağa tələsən yoxdur. Yolu da düzətdirmişəm. Dağdan aşıb düz Kəlbəcərə gedəcəyik”.

Göründüyü kimi, Ə.Abıyev dediyindən əl çəkmir, Kolumbiya bayrağını yumruqladığı halda, iddia edir ki, Ermənistan bayrağıdır. Necə deyərlər, qaş düzəldən yerdə, vurub göz çıxardıb…

Bu qalmaqaldan sonra daha “yumruqlama əməliyyatı” həyata keçirilmir.

Bu icra başçısı jurnalistləri təhqir etməsi ilə məşhurdur. Kifayət qədər faktlar var… Tanınmış jurnalist Seymur Verdizadəni də köşəyə görə təhqir etdirmişdi, qalmaqala səbəb olmuşdu.

Bir neçə gün öncə, “Demokrat.az” saytında mülklərinin siyahısı ilə bağlı yazıya təhqirlə cavab verib. Təkzib etmir, birbaşa təhqirə keçir. Bu yazını dərc edən jurnalistləri ermənipərəst məxluqlar adlandırır. Bu nə ritorika, Əhəd müəllim? Siz Daşkəsəndə Prezidentin nümayəndəsisiniz, dövlət başçısının tapşırıqlarını yerinə yetirməli olan şəxssiniz. O Prezidentin ki, jurnalistləri özünə dost hesab edir…

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, jurnalistlər neqativ halları işıqlandırmaqda sərbəstdirlər. Təbii ki, jurnalist də yanlışlığa yol verə bilər, bunun üçün məhkəmə var. İddia edirsinizsə ki, yazılanlar həqiqətəuyğun deyil, buyurun, müraciət edin. Qanun var, qayda var, cəngəllikdə yaşamırıq ki. Təhdiddən kimsə qorxmur, biləsiniz, belə olan halda, özünüzü hədəf gətirirsiniz. Açın sosial şəbəkələri baxın, görün nə yazırlar, nə deyirlər. Ermənilər deyil, azərbaycanlılardır yazanlar…

“Pravda.az” saytında dərc edilən yazıya da kəskin reaksiya vermişdilər. Olduğu kimi də dərc etdik. Orada bir məsələ xüsusilə diqqətimizi çəkdi: “Kütləvi informasiya vasitələri ilə bağlı Baş prokuror hörmətli Kamran müəllimdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün. Əks təqdirdə, bu şayiələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcək”.

Burada “Əks təqdirdə” ifadəsi ilə nə demək istəmisiniz? Baş Prokurora müraciət bu formada olmur… İnanırıq ki, hörmətli Baş prokuror Kamran Əliyev mediada yazılanları oxuyur…

Faktı göstəririk, mənbəni qeyd edirik, sorğu veririk, daha nə etməliyik? Bundan sonra da belə olacaq, davam edəcəyik…

Dövlət Təhlükəsizliyi Xidməti son dövrlər bir neçə rayonda əməliyyat həyata keçirib, icra başçıları və digər vəzifəli şəxslər həbs edilib. Buna görə də el arasında “qara maskalı” rəğbət qazanıb. “Qara maskalı”nı öz rayonunda görmək istəyən az deyil, hətta kifayət qədərdir. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov araşdırmaların davam etdirildiyini bildirib. Novruzov yetərincə məlumatlı şəxsdir… Nə bilmək olar, bəlkə Daşkəsənlə bağlı da araşdırmalara başlanılıb./Pravda.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*