Roma şəhər hökuməti Kolizey ətrafında siçovullarla mübarizə aparmaq üçün böyük miqyaslı tədbirlərə başlayıb.
KONKRET.az xəbər verir ki, şənbə günü turistlərin qədim amfiteatra yaxın ərazilərdə gəzən gəmiricilərin fotolarını sosial mediada yerləşdirməsindən sonra hökumət bu qərarı verib.
Şəhərin məişət tullantıların toplanması xidmətinin rəhbəri Sabrina Alfonsi bildirib ki, Kolizey ətrafındakı yaşıl ərazilər, siçovulların çox olduğu kanalizasiyalar təmizlənəcək və xüsusi tələlər qurulacaq.
Açıqlamada bildirilir ki, şəhərdə təxminən 7 milyon siçovul var və ya hər sakinə 2,5 siçan düşür.
Alfonsi bildirib ki, bu yay turistlərin həddindən artıq çox olması gəmiricilərin artmasına zəmin yaradan məişət tullantılarının çoxalmasına səbəb olub.
Qeyd edək ki, Roma illərlə zibil böhranı ilə mübarizə aparır. Belə ki, tullantılar tez-tez küçələrə daşan zibil qutularının yanına atılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az