Roman Bakker: “Rusiyaya qarşı böyük ordu yaradılmalıdır”backend

Roman Bakker: “Rusiyaya qarşı böyük ordu yaradılmalıdır”

Nizamı dəyişən dünyanın başı dərddən açılmır və hegemon dövlətlər bəşəriyyəti narahat edən iyrənc siyasətlərindən əl çəkmir. İndi bəzi dövlətlər birgə ordu yaratmaq arzusuna düşüblər. Bu ideya nə qədər absurd səslənsə də, reallıqdır və Avropada artıq bu məsələnin müzakirəsinə başlanılıb.
Növbəti təklif İtaliyadan gəlib və bu ölkənin xarici işlər naziri Antonio Tajani bildirib ki, Avropa İttifaqı öz vahid ordusunu yaratmalıdır. İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində Tajani bildirib ki, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlıq İtaliya hökuməti üçün prioritetdir: “Əgər biz sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün ilkin fundamental şərtdir”. İtaliya XİN rəhbərinin sözlərinə görə, Yaxın Şərqdən Hind-Sakit okeanına qədər böhranların yaşandığı bir regionda İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşları Avropa Birliyi tərəfindən qorunmalıdır. Tajani onu da qeyd edib ki, 27 dövlətdən ibarət Aİ öz strukturunu sadələşdirməli və vahid sədrliyə malik olmalıdır. Tajaninin strategiyası nə dərəcədə məntiqli görünür?

Əvvəllər də bu ideya aktual olub və Almaniyanın keçmiş kansleri Angela Merkellə Fransa Prezidenti Emmanuel Makron da bu təşəbbüsü dəstəkləyiblər.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Aİ-nin ali komissarı Borrell bildirmişdi ki, İttifaq təhlükəsizliyi təmin etmək üçün Avropa ordusuna ehtiyac duyur.

Bununla belə, əsas maneə odur ki, Avropa ordusu ideyası Aİ-nin daha çox mərkəzləşdirilməsini nəzərdə tutur, həm də qismən NATO ilə ziddiyyət təşkil edir.
Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Stanislav Kozay vahid Aİ ordusunu xəyal adlandırıb: “Xəyallarda canlandırdığınız ordunu idarə etmək üçün əvvəlcə kral və ya imperator ortaya çıxmalıdır. Yalnız bundan sonra onun ordusu yarana bilər”.

NATO-nun baş katibi Stoltenberq isə ehtiyat edib ki, Aİ ordusunun meydana çıxması Şimal Alyansını zəiflədə bilər: “Paralel strukturlar yaratmaq və ya komandanlıq sistemini təkrarlamaq cəhdi yalnız ümumi qarşılıqlı fəaliyyət potensialımızı zəiflədəcək”.

Deməli, İtaliya XİN rəhbərinin səsləndirdiyi fikirlər yeni deyil və o, sadəcə özündən əvvəl verilən ideyanın həyata keçirilməsini dəstəkləyir. İtaliyalı nazirin istəyi mövcud reallıqla uzlaşırmı? Bununla bağlı xarici ekspertlərin fikirləri maraqlıdır.

KONKRET.az xəbər verir ki, estoniyalı politoloq Peeter Time bildirib ki, bu mövzu uzun müddətdir müzakirə olunur:

“Bu fikir heç vaxt Trampın ABŞ-də prezidentliyi dövründəki qədər aktual olmayıb. Axı o, daim təhdid edirdi ki, Amerika NATO-dan çıxacaq və öz təhlükəsizliyi məsələləri ilə ayrıca məşğul olmağa başlayacaq. Son vaxtlar ABŞ-də bununla bağlı daha çox siqnallar eşidirik. Ona görə də Avropa bu barədə ciddi düşünməyə başlamalıdır. Madam ki, biz artıq siyasi, iqtisadi və maliyyə birliyiyik, niyə həm də hərbi-müdafiə ittifaqında bir yerdə olmamalıyıq? Əgər reallıqdan danışırıqsa, qeyd etməliyik ki, Aİ-yə üzv olan bütün dövlətlərin orduları var. Onlar həmişə döyüşə hazırdır”.

Polşalı analitik, Kopernik Universitetinin professoru Roman Bakker isə qeyd edib ki, Avropa ordusunun yaradılması asan qərar deyil:

“Belə bir qərar Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurası tərəfindən birgə qəbul edilməlidir. Belə bir həll həm də ona görə çətindir ki, bu, Avropa federasiyasının yaradılması və bununla da üzv dövlətlərin səlahiyyətlərinin azaldılması istiqamətində növbəti addımdır. Bu qərar daha çox yeni hərbi qüvvənin yaradılmasına deyil, komandanlıq metodunun fərqli konfiqurasiyasına aiddir. İstənilən halda bunun Rusiya və onun müttəfiqlərinin təcavüzünə qarşı yaradılması mümkün ola bilər”.

Professor daha sonra qeyd edib ki, hazırda NATO-nun mövcudluğuna görə belə bir ordunun yaradılmasına ehtiyac yoxdur: “Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə və bu, hərbi ittifaqın dağılmasına səbəb olarsa, o zaman Avropa İttifaqı ayrı-ayrı üzv dövlətlərin ordularını birləşdirməyə məcbur olacaq. Bu, mövcud milli ordularla yanaşı, yeni ordunun yaradılması demək deyil. Amma Rusiya təhlükəsi səbəbindən mövcud ordular üçün vahid komandanlıq strukturu yaratmaq çox vacibdir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*