Ali Məclisin (Özbəkistan parlamenti) Qanunvericilik Palatasının sədr müavini, “Milli dirçəliş” partiyasının lideri Əlişir Kadırov ölkədə rus dilindən istifadənin azaldılmasını təklif edib.
KONKRET.az xəbər verir ki, belə bir açıqlamaya səbəb rus tarixçisi Mixail Smolinin “inqilabdan əvvəl heç vaxt özbəklər olmayıb… belə etnik ad olmayıb” kimi qalmaqallı açıqlaması olub. Bundan əvvəl, 2023-cü ilin dekabrında yazıçı və “Həqiqət üçün ədalətli Rusiya” partiyasının liderlərindən biri Zaxar Prilepin Özbəkistanın Rusiyaya birləşdirilməsini təklif etmişdi.
“Rəsmi Rusiya tərəfi şovinistlərin qəribə davranışlarını açıqlamaqla kifayətlənir. Görünür, belə ritorika onları maraqlandırır. Son vaxtlar biz rus dilində şovinist bəyanatlardan başqa heç nə eşitmirik… Belə olan halda münasibətləri nizama salmaq üçün əməli tədbirlər haqqında düşünmək lazımdır”, – Kadırov Telegram kanalında yazıb.
Özbək siyasətçinin sözlərinə görə, rusların payı 3%-ə çatmayan Özbəkistanda rus dilindən qeyri-mütənasib şəkildə təhsildə və televiziyada istifadə olunur: “Bu balanssızlığı düzəltmək lazımdır”, – deyən Kadırov təklif edib ki, “Özbəkistan qanunvericiliyində ibtidai siniflərdə ana dilində tədris norması artırılmalı, Qazax, Azərbaycan, Qırğız, Türkmən, Türk və Tacik qardaşlarımızla televiziya proqramları mübadiləsi aparılmalıdır”.
Qeyd edək ki, Özbəkistanda məşhur bloger, ictimai xadim, keçmiş parlament üzvü Rəsul Kuşerbayev Smolinin bəyanatına cavab olaraq ölkədə bütün Rusiya təbliğat kanallarının yayımını dayandırmağa çağırıb və əlavə edib ki, bu, suverenlik məsələsidir.
Rəsmiyyə Şərifova,
KONKRET.az