“Rus millətçilərinin gözünü erməni konyakı və gözəlçələri bağlayıb”backend

“Rus millətçilərinin gözünü erməni konyakı və gözəlçələri bağlayıb"

Surxay Atakişiyev

Rusiyalılar daha çox vətənpərvərdirlər, yoxsa millətçi? Bu gün bu sual daha çox bizləri, yəni azərbaycanlıları düşündürür. Ona görə ki, Qarabağın qısa zamanda işğaldan azad olması və ərazi bütövlüyümüzün təminatı az və çox dərəcədə bu sualın cavabından asılıdır. Çünki hər birimiz çox gözəl bilirdik ki, Qarabağın “açarı” Moskvanın “cibində” idi. Rusiya istəsəydi, Qarabağ münaqişəsini qansız-qadasız bir-neçə günə həll edə bilərdi. Bunun üçünsə rəsmi Moskvanın rəsmi İrəvana bir balaca “göz ağartması” kifayət idi. Amma çox təəssüf ki, 30 ildə biz bunu görmədik.

Əslində Qarabağda separatizmin baş qaldırmasının səbəbi də Moskvadır. Bu, o vaxtlar idi ki, SSRİ dağılırdı.15 respublikanın hər biri müstəqilliyini elan etdi. Amma o vaxtkı Rusiya müttəfiq respublikanların müstəqilliyinə qısqanclıqla yanaşırdı. Ona görə də bacardığı qədər müttəfiq respublikalarda qaynar “nöqtələr” yaratdı. Məsələn, Azərbaycanda Qarabağ, Gürcüstanda Cənubi Osetiya, Moldovada isə Dnestryanı problemi. Bununla da bu və digər şəkildə müttəfiq respublikaları Moskva özündən asılı vəziyyətə salmış oldu. Çox təəssüf ki, hər 3 respublikada qaynar “nöqtələr” bu gün də qalmaqdadır. Sonradan bu siyahıya Ukrayna da əlavə olundu.

İlk baxışdan Moskva siyasi məqsədinə çatmış kimi görünsə də, ötən 30 ildə Rusiya dövləti və xalqı bu yanlış siyasətdən çox şey itirdi.

Birincisi, “Avrasiyanın jandarmı” kimi mənfi imici Rusiya yenidən öz üzərinə götürdü. Tarixi az çox bilənlər xatırlayır ki, 18-19-cu əsrlərdə Avropada Çar Rusiyası barədə belə bir mənfi imic formalaşmışdı. O vaxt Rusiya ictimai fikrində bu adın ləğvi üçün çox sayda etirazlar oldu. Bu etirazların ən böyüyü isə 14 dekabr 1825-ci ildə baş verdi. O vaxt bir dəstə rus ziyalısı Qış sarayının qarşısına çıxaraq Çar Birinci Nikolaydan islahatlara getməyi və Avropada iyrənc jandarma rolundan imtina edilməsini tələb etdilər.

Doğrudur, iki minə yaxı rus ziyalısının aqibəti çox acınacaqlı oldu. Amma Çar məcburən bir çox islahatlara getdi. Çox təəssüf ki, bu gün də Rusiya dünyada ancaq zopası ilə tanınır. ABŞ dolları ilə, Avropa demokratiyası, Çin və Yaponiya sürətli iqtisadi inkişaf strategiyası ilə öyündüyü halda, ruslar zopaları ilə fəxr edirlər. Bu siyasətdən Azərbaycan kimi dövlətlər müəyyən qədər əziyyət çəksə də, ən böyük ziyanı Rusiya dövləti və rus xalqı görür. Dünya nə yazıq ki, Rusiyanı Amerika kinolarındakı kimi qaniçən və zalım kimi görməkdə davam edir.

İkincisi, 30 illik yanlış siyasət Rusiyanı bir növ dünyadan təcrid edib. Bu gün dünyada Rusiyanı dost gözündə görən ölkələri barmaqla saymaq olar.

Üçüncüsü, 30 illik yanlış siyasət Rusiyanı iqtisadi iflasa və iqtisadi təcridə gətirib çıxarıb. Bu gün dünyada ən çox iqtisadi sanksiyalara məruz qalan 2 ölkədən biri Rusiyadır.

Dördüncüsü, və ən əsası. 30 ildə aparılan yanlış siyasət ruslarla qonşu xalqlar arasında dərin inamsızlıq mühiti yaradıb. Bu gün nəinki Ukraynada, Moldavada, Gürcüstanda, Azərbaycanda, lap elə strateji tərəfdaş bildikləri Ermənistanda da ruslara qaşı münasibət bimənalı deyil. Hələ Baltikyanı ölkələri, o cümlədən keçmiş sosialst dövlətləri olan Polşanı, Bolqarıstanı, Macarıstanı, Rumıniyanı və daha neçə-neçə ölkələri demirəm.

Bu gün ruslar bir növ “arzuolunmaz” xalq statusu qazanıblar. Bu isə çox ciddi və qorxulu tendensiyadır. Nə yazıq ki, bu gün Rusiyada 200 il bundan qabaqkı vətənpərvər ziyalı ordusu yoxdur. Olsa-olsa bir qrup millətçi və dini radikallar var. Və bu millətçilər və dini radikallar Rusiya ictimai fikrində bu gün aktiv rol oynayırlar. Bu adamlar korafəhmliklə rəsmi Moskvanı nəinki Azərbaycanın, eləcə də digər qonşu dövlətlərin üstünə getməyə, onlara güc göstərməyə təhrik edirlər. Haqq-nahaq…

Son bir ayda gördük ki, özünü elita, ziyalı sayan və Rusiyanın ideoloji rıçaqlarını əlində tutan nə qədər rus millətçisi və dini radikallar Azərbaycana qarşı düşmən mövqedən necə aktiv çıxış edirlər. Sanki bu adamlar 200 il bir bayraq altında yaşadığımızı, dost-yoldaş olduğumuzu unudublar. Unudublar ki, Hitler faşizmində onları xilas edən Ermənistan yox, Azərbaycanın təbii sərvətləri olub. Yoxsa indi də bəlkə o adamlar alman kalonlarında yaşayırdılar.

Bu cür millət qəhrəmanları ağına-bozuna baxmadan, tarixi bilmədən, reallıqları qiymətləndirmədən Azərbaycan haqqında hədyanlar danışmaqda davam edirlər. Deyirlər ki, haqq-nahaq Rusiya beynəlxalq hüququ və öhdəlikləri ayaqlar altına ataraq ermənilərin Azərbaycan torpaqlarının işğalına göz yummalı, birmənalı şəkildə təcavüskar Ermənistanı müdafiə etməlidir. Ən dəhşətlisi də odur ki, bu adamların dini radikalizm o qədər gözlərini kor edib ki, Rusiyanı Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşmağa çağırırlar.

Bu cür yanaşma isə ən çox Rusiya dövlətinin iqtisadi-siyasi maraqlarına zərbə vurur. Çünki atalar deyib ki, “qonşunu iki inəkli istə, sənin biri də olsa bəsindir”.

Qonşunun yaxşı yaşaması bu və ya digər şəkildə yaxın qonşuya da öz müsbət təsirini göstərir. Bu gün Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ilə dostluq münasibətindən ən çox qazanan Rusiya dövləti və rus xalqı ola bilər. Çünki “uzaq qohumdan yaxın qonşu irəlidir”. Bu gün Rusiya adını çəkdiyim dövlətlərlə bərabər səviyyədə sağlam qonşuluq siyasəti yürütsə, adım kimi əminəm ki, heç bir dövlət və xalq ABŞ və yaxud Avropaya ümid yeri kimi baxmaz.

Qəribə burasıdır ki, rus “elitası”ndakı adamlar ən adi reallıqları belə görmür. Məsələn, 30 illik əzab-əziyyətə baxmayaraq Azərbaycan xalqı ruslara qarşı hörmət və ehtiramlarını ifadə edirlər. Dövlət başçısı bütün çıxışlarında Rusiyanı hər zaman Azərbaycanın dostu və strateji müttəfiqi kimi xarakterizə edib. Ermənistanda isə vəziyyət tam əksinədir. Paşinyanın Sorosun qulbeçəsi, Prezident Saakyanın ingilis agenti olmasını nəinki Kremldə oturanlar, bəlkə də hər bir sıravi Rusiya vətəndaşı çox gözəl bilir. Son bir neçə ildə Rusiya əleyhinə Ermənistanda nə qədər mitinqlərin keçirildiyini, rus bayrağınının yandırıldığını, rus əsgərin qəddarcasına öldürüldüyünü hələ demirik.

Görəsən, rus ziyalısı bunu görmürmü? Məncə görmür. Çünki, onların gözünü erməni konyakı və erməni gözəlçələri yumub.

 

  • Vüqar
    Noyabr 4, 2020 - 21:24

    Mən belə düşünmürəm. Ruslar erməni konyakına və gözəlçələrinə görə bizimlə düşmən degil, zira rusların öz arağı və gözəlçələri var. Rusyanın Azərbaycana düşmən münasibəti Rusyanın imperiyalist mahiyyətindən irəli gəlir. Rusya oldu olalı belədir, necə deyərlər qozbeli qəbir düzəldər. Və gəlin biz də Rusyaya qarşı bu ikimənalı münasibətdən əlçəkək. Rusya Azərbaycanın düşmənidir, vəssalam! Və biz bunu nə qədər tez anlasaq bir o qədər bizim özümüz üçün yaxşıdır.

  • Vüqar
    Noyabr 4, 2020 - 21:56

    Məsələ burasındadır ki Rusya özünü nə qədər qəribə səslənsə də Qızıl Orda dövlətinin varisi sayır. Əslində isə Rusya dövləti bir neçə dövlət ənənəsi ünsüründən ibarətdir. Rusya özünü həm Roma İmperiyasının həm Qızıl Ordanın həm də Vikinqlərin varisi sayır. Üçü birdə. Duqinin açıqlamalarına göz atmaq yetər ki Rusyanın bizim üçün necə bir ölümcül təhlükə olduğunu anlayasan. Bu dövlətin çiçəklənməsi bizim sonumuz olar, ən azı indi və yaxın gələcəktə. Elə ən yaxşısı onun indiki halda qalmasıdır yarı Asiya yarı Avropa. Rus faşistləri Rusyada yaşayan qeyri ruslara münasibətdə olduqca aqressivdirlər. O kiola bizə qarşı. Buna görə də imkan dairəsində Rusyadan uzaq durmaq lazımdır. Ordakı azərbaycanlıları imkan dairəsində vətənə qaytarmaq. Bakıdakı rus məktəblərini önəmli dərəcədə azaltmaq və xüsusilə Orta Asya Türküstan dövlətlərilə əlaqələri gücləndirmək lazımdır. İlk növbədə Qazaxıstanla.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*