Azərbaycanlı fəalların Şuşa-Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyası Rusiyada əməlli-başlı təşviş yaradıb. Artıq nəinki rusiyalı politoloqlar və Kremlin təbliğatçıları, o cümlədən Rusiya telekanalları da aksiya əleyhinə kampaniyalara start veriblər. Aydındır ki, tapşırıqla işləyən Kütləvi İnformasiya Vasitələri (KİV) dünyaya dezinformasiya yayaraq, aksiyanın məqsədini başqa istiqamətə yönəltməyə çalışırlar. Lakin onların istəklərinə çatacağı real görünmür. Çünki ekofəallar öz haqlı tələbləri və qətiyyətləri ilə dünyanın diqqətini məsələnin əsl mahiyyətinə yönəltməyi bacarıblar.
Mövzunu KONKRET.az-a şərh edən media eksperti Rəşad Nəsirov bildirib ki, Rusiya kanalları insanlara dezinformasiya çatdırır: “Artıq 10 günə yaxındır ki, ekoloqlarımızın davam edən aksiyası Rusiya KİV-lərində birmənalı şəkildə tənqidə məruz qalır. “Ekspertlər” efir vasitəsi ilə təxribatçı bəyanatlar səsləndirir və gənc fəallarımızın “ekoloji terrora son qoyulsun!” şüarı altında keçirilən dinc aksiyasını sülhməramlılara qarşı təhdid və təhlükə kimi qiymətləndirir. Rusiyanın hətta federal kanalları belə vətəndaşlara dezinformasiya yedirtməkdən çəkinmir. Bəs, görəsən, rəsmi Moskvanın məqsədi nədir? Aydındır ki, Ermənistan həmişəki kimi vaxtı uzatmaq, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq istəyir. Rusiya KİV-lərinin bu məsələdəki canfəşanlığı isə birbaşa Kremlin qapısına işarədir”.
Ekspertin sözlərinə görə, Rusiya mətbuatı azad deyil və göstərişlər birbaşa Qırmızı binadan gəlir: “Maraqlıdır, onsuz da bütün qonşuları ilə gərgin vəziyyətdə yaşayan Putin hakimiyyəti niyə yenidən 6 rəqəmli erməni kartını oyuna salmaq istəyir?! İrəvan başa düşməlidir ki, oyun çoxdan bitib və şuluq salmaq olmaz. Əks halda bu dəfə konkret başından vurulacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az