Rusiya tərəfindən vurulan Azərbaycana məxsus mülki təyyarədə ölənlərə nə qədər təzminat ödənilməlidir? Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki avia-reyslərdə qəza nəticəsində ölənlərə ödənilmək üçün təzminat zamanı xüsusi beynəlxalq valyutadan istifadə edilir.
KONKRET.az xəbər verir ki, bunu vəkil Babək Həmidov qeyd edib.
“Xüsusi Borcalma Hüququ (Special Drawing Right) – SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Beynəlxalq Mülki Aviasiya qaydalarına əsasən, qəza nəticəsində ölən hər sərnişinə görə 250 min (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə əsasən, 1SDR – 2.2170 manat olmaqla, kompensasiya məbləği 554 min 250 (beş yüz əlli dörd min iki yüz əlli) Azərbaycan manatı edir. Hadisə baş verdiyi ərazi (Rusiya) üzrə kompensasiya isə 32623433 Rusiya rublu (250000 SDR), yəni 326.662 dollar edir. Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə ödənilməlidir”, – o bildirib.
Vəkil qeyd edib ki, AZAL özü də zərərçəkəndir bu hadisədə, Rusiya AZAL-a da vurduğu zərərə görə kompensasiya ödəməlidir.
Qeyd edək ki, 25 dekabrda Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemlərinin atəşinə məruz qalıb və təyyarə ciddi zədələnib. Buna baxmayaraq, Rusiya səlahiyyətliləri təyyarənin eniş etməsinə icazə verməyib və onu Xəzər dənizi istiqamətinə göndərib. Aktau hava limanına istiqamət alan təyyarə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişin və ekipaj üzvündən 38-i həlak olub, 29 nəfər sağ qalıb.