“Rusiya Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşıb. Bu, Avropa İttifaqının Ukraynaya sarsılmaz siyasi dəstəyinin bariz nümunəsidir. ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi, Zeleskinin mövqeyini kifayət qədər gücləndirdi. ABŞ-dan hərbi yardımların kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artırır. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub”.
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
“Almaniyada anti-Rusiya yönümlü Xiristian-Demokrtaların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq. Seçkilərdə qələbə qazanan partiyanın lideri Almaniyanın ABŞ-dan asılılığına son qoyacağını və Rusiyaya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Sabiq kansler Şolts münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu.
Qeyd edim ki, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp-Putin sövdələşməsinin qarşısını alacaq. ABŞ və Rusiya Almaniyada ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi üçün ciddi işlər görməsinə baxmayaraq qələbə əldə etmədilər. Əgər Almaniyada Rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsəydi, Ukrayna üçün mənfi nəticələr qaçılmaz olacaqdı. Avropa daxilən parçalanacaqdı. Avropa ittifaqının ABŞ-dan ayrılması, geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır. Bunula da ABŞ-ın başçılıq etdiyi qütb parçalanır. Həmçinin Rusiya və ABŞ-ın Avropa ilə bağlı planları fiaskoya uğrayır. Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərındə Türkiyə ilə kordinasiyalı çalışır. Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Türkiyə öz hərbi maşını ilə Ukraynaya ciddi dəstək verəcək. Rusiyanın xarici işlər naziri Lavrovun Ankaraya səfər etməsi məhz Ankaranın Ukrayna siyasətindən narahatlığından irəli gəlir. Amma Ankara öz milli təhlükəsizlik maraqlarını üstün tutaraq Kremllə razılaşmaya getməyəcək”.
Politoloqun sözlərinə görə, Avropanın Türkiyə ilə münasibətlərini inkişaf etdirməsi, Qərbin Azərbaycanla bağlı siyasətində müsbət istiqamətdə dönüş yaradacaq:
“Avropa İttifaqı Azərbaycan və Ermənistan məsələsində beynəlxalq hüquqdan çıxış edəcək. Ermənistana birtərəfli şəkildə dəstək verilməsi aradan qalxacaq. Çünki beynəlxalq hüququn ABŞ tərəfindən tanınmaması, Avropa üçün soyuq duş effekti verdi. Yeni geosiyasi şərtlərə uyğun olaraq Avropa dövlətləri öz iqtisadiyyatlarında “hərb maşını”nı işə salacaq. Yaxın perspektivdə Avropa təkcə iqtisadi mərkəz deyil, həm də hərbi mərkəz olacaq. Bu da Rusiya üçün çəkindirici faktordur. Qeyd edim ki, növbəti günlərdə Böyük Britaniya və Fransa liderləri Trampla danışıqlar aparmaq üçün ABŞ yola düşəcək. Trampla danışıqların effektli olması gözlənilmir. Bu görüşdən sonra Böyük Britaniya və Fransanın Ukraynaya ordu göndərməsi mümkündür. Növbəti mərhələdə Almaniya da Ukraynaya ordu göndərə bilər. Rusiya prezidenti Putinin Donald Trampa arxayın olub Ukraynanı məğlub etmək planına Avropa seyrçi qalmadı. Bununla da Avropa yeni siyasi-iqtisadi və hərbi güc olaraq ortaya çıxır. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar gözlənilir. Vaşinqton Avropa ölkələrinin timsalında əsas strateji müttəfiqlərinin etimadını itirdi”.
Müşviq Tofiqoğlu
KONKRET.az