Rusiyanın hakim “Vahid Rusiya” partiyasının deputatı, Azərbaycan XİN-in “qara” siyahısında olan Vitali Milonov növbəti dəfə Qarabağa qanunsuz səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində fotolar yayılıb.
Məlumata görə, ermənipərəst Duma üzvü separatçı-terrorçu Arayik Arutyunyanla görüşüb. Sonra isə Xankəndidəki ermənilərə məxsus “6 saylı orta məktəb”də keçirilən Yeni il şənliyinə qatılıb. Şaxta baba libası geyinən deputat erməni uşaqlarına hədiyyələr paylayıb.
Xatırladaq ki, bu deputatın Qarabağa ilk qanunsuz səfəri deyil. O dəfələrlə Xankəndiyə gedib. Hətta 44 günlük müharibə zamanı da Xankəndiyə gedərək separatçılara dəstəyini ifadə etmişdi.


