Ermənistanın baş naziri Nikol Paşinyan sabah ABŞ-a planlaşdırılmış səfəri çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş zamanı “Zəngəzur dəhlizi” ilə bağlı memorandumu imzalaya bilər. Bu isə Ermənistanın maraqlarına cavab vermir.
KONKRET.az Musavat.com-a xarici agentliklərə istinadən xəbər verir ki, bunu RIA Novosti agentliyiə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan bəyan edib.
“Əldə olunan məlumatlara əsasən, böyük ehtimalla söhbət (Zəngəzur – red.) dəhlizindən (Naxçıvan ilə Azərbaycanın qalan ərazisi arasında – red.) gedəcək. Görünür, Əliyev Tramp ilə razılığa gəlib – amerikalılar üçün yaxşılıq edib – bu dəhlizi ABŞ-ın nəzarətinə verməyə razılaşıb. Yoxsa Paşinyanı ora niyə dəvət etsinlər? Paşinyan illərlə Tramp ilə görüşmək istəyirdi, amma indiyə qədər bu ona qismət olmamışdı”, – deyə Abramyan bildirib.
O, mətbuatda dəhlizin ABŞ planına uyğun olaraq amerikalı hərbçilərin və ya özəl hərbi şirkətlərin (ÇVK) nəzarətinə veriləcəyi ilə bağlı məlumatların dərc olunduğunu da xatırladıb.
Abramyanın fikrincə, bu cür razılaşmalar Ermənistanın maraqlarına uyğun deyil. Ermənistan üçün daha sərfəli variant bu strateji əhəmiyyətli magistralın ya birbaşa özü tərəfindən, ya da Rusiya ilə birlikdə idarə olunması olardı.
“Bugünkü Ermənistanın marağı nədədir? Ermənistanın bu gün çoxsaylı sosial və iqtisadi problemləri həll etmək üçün maliyyə vəsaitinə ehtiyacı var. Bəs niyə bu yolu özümüz idarə etməyək? Bu, real və sabit gəlir mənbəyi ola bilərdi. Və ya Rusiya ilə birlikdə idarə edilə bilərdi. Amma yox, mütləq amerikalıları dəvət etmək lazımdır”, – deyə o vurğulayıb.
O güman edir ki, Paşinyan bu addımı atarkən bəlkə də Azərbaycan, Türkiyə və ya ABŞ-dan şəxsi təminatlar alıb. “O, tamamilə Türkiyənin və Bakının diktəsi ilə hərəkət edir və onların maraqlarına uyğun davranır. Ola bilər ki, ABŞ-dan hansısa təminatlar alıb, amma onların bu cür təminatları necə yerinə yetirdiyini biz yaxşı bilirik”, – deyə Abramyan əlavə edib.